Tarixi İpək Yolunun mühüm tərkib hissəsi sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həm də Orta Asiyanın türk dövlətləri olan Özbəkistan və Qazaxıstanı Azərbaycan və Türkiyə ilə əlaqələndirən mühüm nəqliyyat dəhlizi, qardaşlıq körpüsüdür. Belə ki, beynəlxalq yüklər İpək Yolunun şərq qapısından, uzaq Çindən başlayaraq Orta Asiyanın türk dövlətləri olan Özbəkistan və Qazaxıstandan keçərək Xəzər dənizi ilə Azərbaycana, daha sonra Gürcüstan üzərindən qardaş Türkiyəyə, oradan isə Avropaya çatdırılır.
Son illər dünya miqyasında bir sıra enerji, nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınan Azərbaycan Respublikası beynəlxalq güclərin də xüsusi önəm verdikləri Orta Dəhlizin fəaliyyətinin canlandırılmasına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan qonşu və dost ölkələrlə dəhliz çərçivəsində birgə fəaliyyətə xüsusi önəm verir. Elə aprel ayının birinci ongünlüyündə Azərbaycanın dövlət başçısı İlham Əliyevin ən yaxın qərb və şərq qonşuları olan Gürcüstan və Qazaxıstanın rəhbərləri ilə rəsmi görüşləri zamanı müzakirələrin əsas mövzularından birinin məhz Orta Dəhlizin fəaliyyəti, bu marşrutla yük dövriyyəsinin artırılması ilə bağlı olması da bunu təsdiq edir.
Bu baxımdan strateji tərəfdaşlıq, eləcə də Türk Dövlətləri Birliyi çərçivəsində fəal əməkdaşlıq edən Azərbaycanla Qazaxıstanın Orta Dəhlizdə birgə iştirakçılığı diqqəti cəlb edir. Xatırladaq ki, ötən ilin avqust ayında Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə bir sıra mühüm sənədlər imzalanmışdı. Ötən müddətdə Azərbaycan dəniz qonşusu Qazaxıstanla nəqliyyat-logistika, eləcə də qarşılıqlı yük dövriyyəsinin artırılmasında səmərəli əməkdaşlıq edib.
Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri ölkələrimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, nəqliyyat-logistika və yükdaşıma sahələrində əldə edilmiş uğurlu nəticələrin və perspektiv imkanların müzakirəsi baxımından əlamətdar olub. Belə ki, dövlət başçılarının iştirakı ilə keçirilən məhdud və geniş tərkiblərdə görüşlər zamanı ölkələrimiz arasında ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və bu istiqamətlərdə səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb, illik ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğu diqqətə çatdırılıb.
Azərbaycan və Qazaxıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarında da Orta Dəhlizin gələcək inkişaf perspektivlərinə toxunulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının tam üzə çıxarılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək”.
Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqazda baş verən proseslərin regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diqtə etdiyini bildirən Prezident İlham Əliyev deyib: “Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərar da reallaşır. Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik”.
Göründüyü kimi, Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında, əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyətinin genişləndirilməsi istiqamətində birgə səylərini getdikcə artırırlar.
Təbriz YADİGAROV,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair ötən il il iyun ayının 27-də imzalanmış “2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli icrası Çin–Avropa Birliyi arasında yükdaşımaların artırılmasına xidmət etməklə yanaşı, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə mühüm töhfələr verib. Qeyd etmək istəyirəm ki, Azərbaycanın Orta Dəhliz layihəsində fəal əməkdaşlıq etdiyi Qazaxıstanın taxıl məhsullarının Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə Avropaya daşınmasının rentabelliyi digər marşrutlarla müqayisədə daha yüksəkdir. Bu nəqliyyyat dəhlizi üzrə hərəkət edən qatarlar Çindən Avropaya yükləri orta hesabla 10-12 günə çatdırır ki, bu da daşıma xərclərinin azalmasına şərait yaradır.
Yüklərin Orta Dəhlizin mühüm seqmentləri sayılan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Gürcüstanın Poti və Batumi limanları vasitəsilə daşınması xərcləri aşağı salmaqla tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir. Azərbaycan Respublikası tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artırılması məqsədilə 100 milyon dollar vəsait ayrılıb. İşlər başa çatdırıldıqdan sonra sözügedən yolun yükgötürmə qabiliyyəti 5 milyon tonadək artacaq. Yeri gəlmişkən, 2022-c ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 527 min 285 ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 10,4 faiz çoxdur.
Yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verən Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin, o cümlədən Orta Dəhlizin inkişafında Azərbaycanın strateji tərəfdaşı olan Qazaxıstanın da dünya bazarlarına çıxışını asanlaşdırır. Qazaxıstan bu il Azərbaycan üzərindən Orta Dəhliz vasitəsilə taxıl və digər məhsullarla yanaşı, öz neftinin də müəyyən hissəsini ixrac etməyi planlaşdırır.
Orta Dəhlizin mühüm seqmentləri olan avtomobil və dəmir yolları, dəniz limanları, daşıma qovşaqları üzrə infrastrukturun inkişafı, eləcə də liman əməliyyatlarının səmərəliliyinin artırılması istiqamətində görülən işlər gələcəkdə Orta Dəhlizin funksionallığının artmasına səbəb olacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”