Cari ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət büdcəsinə 26,5 milyon manat vəsait köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,4 faiz çoxdur.
Rüblük ödənişin 18,6 milyon manatı özəlləşdirmə, 7,9 milyon manatı isə icarə hesabına təmin edilib ki, bu da əvvəlki ilin ilk üç ayı ilə müqayisədə müvafiq olaraq 2,1 dəfə və 23,4 faiz çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 11 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 162 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Bu ilin ilk rübündə 631 yeni icarə müqaviləsi bağlanılıb. Həmin müqavilələrdən isə 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələrinə aid olub.
“Xalq qəzeti”