Avropa “Yaşıl enerji”də də Azərbaycana qapı açır

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən müzakirələrdə beynəlxalq və regional məsələlərlə bağlı ətraflı məlumat verdi. Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat–logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə fikirlərini diqqətə çatdırdı. Ölkə rəhbəri bütün bunlarla bərabər, iştirakçılarla Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa–yenidənqurma işlərindən geniş bəhs etdi. 


Müzakirələrdə bərpaolunan enerji ilə bağlı layihələr də nəzərdən keçirildi. Ölkə rəhbəri Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlərin xarici sərmayədarlar üçün sərfəli olması səbəbindən investorların respublikamıza investisiya qoyuluşuna maraq göstərmələrini diqqətə çatdırdı. Dövlətimizin başçısı daha sonra dedi: “Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.
Beləliklə, bütün bunlar Azərbaycanın Avropa üçün vacib “yaşıl enerji” ­təchizatçısına çevrilməsi yolunda atdığı uğurlu addımlardan xəbər verir. 
Bu məqamda onu da xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələr, habelə investisiyalar tələb edir. 
Prezident İlham Əliyevin  məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə münbit investisiya mühiti yaradılıb. Artıq yuxarıda bildirildiyi kimi, indiyədək xarici investisiyaların cəlb olunması istiqamətində bir sıra danışıqlar aparılıb, müqavilələr imzalanıb. Bununla da respublikamızda bərpaolunan elektrik enerjisi ixracını artırmaq üçün geniş imkanlar açılıb.
Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır. 
Məhz bunun nəticəsidir ki, Azərbaycan artıq bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələri imzalayıb. Ölkəmizdə günəş və külək enerjisi stansiyalarının tikintisinə başlanılıb. 
Xarici investorlarla birlikdə Günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrdən danışarkən, qeyd edək ki, onlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. Bu şirkət mövcud  sahədə Azərbaycan üçün əsas və güvənilən tərəfdaşlardan biridir. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt/st elektrik enerjisi istehsal olunacağı nəzərdə tutulub.

Nihat Qorqud ƏLİYEV, 
iqtisadçı-ekspert:


– Hazırkı dövrdə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri bir neçə kontekstdən önəmlidir. Birinci onu qeyd edək ki, Azərbaycan lideri Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdü, 30-dan çox şirkətin rəhbəri ilə 2 saatdan artıq müzakirələr apardı. 
Dövlətimizin başçısı müzakirələrdə Azərbaycanın iqtisadi gücünün artdığını, müstəqil iqtisadiyyata sahib olduğunu bildirməklə şirkətlərdə dolğun təsəvvür yaratdı. Azərbaycanın neft-qaz və yaşıl enerji potensialı alman şirkətlərinin diqqətinə çatdırıldı.
Şübhəsiz ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə Almaniya şirkətlərinin iştirakına zəmin yaradacaq.
Yeri gəlmişkən, dövlətimizin başçısının müzakirələrdə diqqətə yönəltdiyi məsələlərdən biri–bərpaolunan enerji potensialının reallaşdırılması ilə bağlı bir neçə məqama bir qədər ətraflı toxunmaq istərdim. Əvvəlcə onu deyim ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalanıb. Həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkiləcəyi təsdiqlənib. Bu ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə gedəcəyi qərara alınıb. Bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinə başlanılıb. 
Ötən müddətdə Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkəti ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində respublikamızda Günəş və külək enerjisindən 25 qiqavat həcmində “yaşıl enerji” əldə olunacağı proqnozlaşdırılıb. 
Ölkə rəhbəri Azərbaycanın Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməsini planlaşdırır. Respublikamızın bu sahə üzrə potensialı da buna əsas verir. Belə ki, hazırda Azərbaycanın bərpaolunan enerji potensialı –quruda külək və Günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Respublikamızın strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat Günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da nəzərdə tutulur. 
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. 

Vaqif.JPEG

İqtisadiyyat