Vergi ödəyicilərinin sayı 5 faiz artıb

post-img

Bu il martın 1-nə Azərbaycanda 1 milyon 420 min 834 vergi ödəyicisi olub ki, bu da 1 il əvvələ nisbətən 5,1 faiz çoxdur.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, vergi ödəyicilərinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxs və digər təşkilatlardır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 4,4 faiz və 9,9 faiz çoxdur.
Fevralın sonuna dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 90,2 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4 faizi səhmdar cəmiyyəti (SC), 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Hesabat tarixinə vergi ödəyicilərinin 62,5 faizi aktiv kommersiya qurumları olub. Son 1 ildə onların sayı 14,7 faiz artıb. O cümlədən aktiv xarici investisiyalı kommersiya qurumlarının sayında 27 faiz artım qeydə alınıb.
Hesabat dövründə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,7 faiz artıb.
Yanvar-fevral aylarında kommersiya qurumlarının 82,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 faiz təşkil edib.


“Xalq qəzeti”

İqtisadiyyat