“Resurs qara dəliyi”: OpenAI niyə Sora video-AI xidmətini bağlayır?

post-img

OpenAI realistik video yaradan Sora xidmətini bağlayacağını açıqlayıb. Tətbiq apreldə fəaliyyətini dayandıracaq. Bu qərar gözlənilməz oldu, çünki Sora 2025-ci ildə sürətlə populyarlaşmış, hətta 1 milyon istifadəçiyə ChatGPT-dən daha tez çatmışdı.

Sora 2024-də təqdim edilsə də, əsas populyarlıq Sora 2 yeniləməsindən sonra gəldi. Yeni versiya daha uzun və real videolar yaratmağa, real insanları və məşhur personajları videoya yerləşdirməyə imkan verirdi. Sosial şəbəkələrdə çoxlu viral videolar yayıldı və tətbiq qısa müddətdə ABŞ App Store-da lider oldu.

Amma populyarlıq uzun sürmədi. İstifadəçilər məşhur filmlərin personajları ilə videolar hazırlayırdı və bu, müəllif hüquqları problemləri yaratdı. Kino şirkətləri narazılıq etdikdən sonra OpenAI məhdudiyyətlər qoydu, bu da marağın azalmasına səbəb oldu.

Şirkət vəziyyəti düzəltmək üçün Disney ilə müqavilə bağladı. Bu razılaşma istifadəçilərə rəsmi olaraq Disney, Marvel və Star Wars personajları ilə video hazırlamağa imkan verirdi. Lakin bu da auditoriyanı geri qaytarmadı. Eyni zamanda rəqabət artdı — Google-un Veo modeli və ByteDance-in yeni video generatoru bazara çıxdı.

Əsas problem isə maliyyə oldu. Sora-nın saxlanması gündə təxminən 15 milyon dollara başa gəlirdi, amma tətbiq cəmi 1,4 milyon dollar gəlir gətirdi. Müqayisə üçün, ChatGPT eyni dövrdə milyardlarla dollar qazandı. Analitiklər Sora-nı “resurs qara dəliyi” adlandırdı.

OpenAI indi diqqəti daha gəlirli istiqamətlərə yönəldir:

  • robototexnika
  • avtonom AI agentləri
  • biznes üçün AI xidmətləri

Ümumilikdə AI bazarında da tendensiya dəyişir. Şirkətlər artıq ümumi modellərdən çox, konkret biznes problemlərini həll edən məhsullar hazırlayır. Məsələn:

  • proqramçılar üçün AI köməkçiləri
  • satış və hüquq şöbələri üçün agentlər
  • şirkətlər üçün avtomatlaşdırma platformaları


Ekspertlər hesab edirlər ki, yaxın illərdə əsas rəqabət böyük modellər arasında deyil, onların üzərində qurulan real məhsullar arasında olacaq. Buna görə də OpenAI kimi şirkətlər gəlir gətirməyən layihələri bağlayaraq daha praktik AI xidmətlərinə keçirlər.

Hazırladı:

S.ELAY

XQ

İKT