ABŞ-ın NASA agentliyi “Artemis-2” missiyası çərçivəsində Ayın Yer kürəsindən müşahidə olunmayan hissəsinə aid unikal görüntülər yayıb. Şəkillər Yerə doğru yolun yarısını geridə qoymuş Orion spacecraft kosmik gəmisinin bortundan çəkilib.
Agentliyin məlumatına görə, astronavtlar ilk dəfə olaraq Ayın ən az öyrənilmiş bölgələrindən biri – Şərq dənizi (Mare Orientale) adlanan nəhəng strukturu yüksək keyfiyyətlə görüntüləyə biliblər. Bu ərazi Yer kürəsindən birbaşa müşahidə edilmir və yalnız kosmik uçuşlar vasitəsilə öyrənilir.
Alimlərin bildirdiyinə görə, “ay dənizləri” əslində qədim vulkanik fəaliyyət nəticəsində bazalt lava ilə örtülmüş geniş çökəkliklərdir. Mare Orientale yerləşən kraterin diametri 900 kilometrdən çoxdur və onun təxminən 3,8 milyard il əvvəl böyük asteroid toqquşması nəticəsində yarandığı ehtimal olunur.
“Artemis-2” missiyasında dörd astronavt iştirak edir. Onlar 10 gün ərzində Ay ətrafında dövrə vuraraq Yerə qayıdacaqlar. Missiya çərçivəsində Ay səthinə eniş planlaşdırılmasa da, əldə edilən məlumatların gələcək insanlı enişlər üçün mühüm baza yaradacağı vurğulanır.
Qeyd edək ki, “Artemis” proqramı çərçivəsində növbəti mərhələlərdə insanların yenidən Ay səthinə endirilməsi və uzunmüddətli tədqiqatların aparılması nəzərdə tutulur.
XQ

