“Perseverance” özüyeriyən aparat qurumuş Mars çay yatağında olan süxurlarda gözləniləndən xeyli çox nikel aşkar edib. Bu metalın yüksək miqdarı üzvi birləşmələr və dəmir sulfidlərinin toplandığı sahələrlə üst-üstə düşüb. Alimlərin fikrincə, bu kimyəvi mühit erkən Yer okeanlarının tərkibinə bənzəyir və bu da Marsda qədim mikroorqanizmlərin mövcud ola biləcəyini göstərir.
Yerdənkənar həyatın axtarışı əsasən çökmə süxurların öyrənilməsinə əsaslanır. Astrobioloqlar mikrobların yaşaması üçün lazım olan kimyəvi elementləri axtarırlar. Yer kürəsində həyatın ilkin mərhələsində nikel mühüm rol oynayıb. Bu metal qədim anaerob bakteriyalara karbon qazını emal etməyə və oksigensiz mühitdə yaşamağa kömək edirdi. Nikel, eyni zamanda, vacib fermentlərin tərkib hissəsi idi. Keçmişdə okeanlarda nikelin azalması biosferdə böyük dəyişikliklərə səbəb olmuşdu.
Adətən planetlər formalaşarkən ağır metallar nüvəyə doğru enir. Buna görə Mars səthində yüksək nikelin olması onun sonradan xüsusi proseslərlə bu sahəyə daşındığını göstərir. Tədqiqatçılar özüyeriyən aparatın topladığı məlumatları analiz edərək, Mars mühitinin həyat üçün nə dərəcədə uyğun olduğunu qiymətləndiriblər.
Alimlər qədim Neretva çay vadisini tədqiq ediblər. Bu vadinin suları vaxtilə Jezero kraterinə axıb. “Perseverance” lazer spektrometri və rentgen cihazı ilə süxurların kimyəvi tərkibini ölçüb. Lazer mikroskopik hissəcikləri buxarlandırıb, cihazlar isə elementlərin payını müəyyənləşdirib. Ümumilikdə 126 daş nümunəsi analiz olunub.
Nəticələr göstərib ki, 32 nöqtədə nikel mövcuddur. Bəzi nümunələrdə metalın miqdarı 0,12%-dən çox olub, birində isə 1,1%-ə çatıb. Bu, Marsda indiyə qədər qeydə alınan ən yüksək göstəricilərdən sayılır. Nikel əsasən dəmir sulfidlərinin tünd sahələrində və maqnezium minerallarının damarlarında cəmlənib. Bu yerlərdə üzvi karbon birləşmələrinin izləri də tapılıb.
Mineral quruluş süxurların aşağı temperaturda tədricən formalaşdığını göstərir. Alimlər vulkanik mənşə ehtimalını istisna ediblər. Nikelin yaranmasının iki əsas izahı irəli sürülür: metalların ətraf süxurlardan yuyulması və ya metal tərkibli meteoritin Marsdakı su hövzəsinə düşməsi.
Marsın qurumuş gölünün mineral tərkibi Yer anaerob bakteriyaları üçün uyğun görünür. Bu süxurlar təxminən 4 milyard il əvvəl, Yer kürəsində həyatın formalaşdığı dövrdə yaranıb. Bu səbəbdən alimlər hesab edirlər ki, Marsda ibtidai mikroorqanizmlər mövcud olmuş ola bilər.
Tədqiqatçılar bu ərazidə mikrobioloji izlərin axtarışını davam etdirməyi planlaşdırırlar. Süxur nümunələri gələcəkdə Yerə gətiriləcək və laboratoriyalarda izotop analizləri aparılacaq. Bu analizlər həyat izlərinin olub-olmadığını daha dəqiq müəyyən etməyə kömək edəcək.
Hazırladı:
S.ELAY
XQ


