Çin kosmik data-mərkəzlərin yaradılması yarışına qoşulur

post-img

Çinin dövlət televiziyası China Global Television Network (CGTN) xəbər verir ki, ölkənin əsas aerokosmik korporasiyalarından biri - dövlətə məxsus China Aerospace Science and Technology Corporation (CASC) kosmik data-mərkəzlərin hazırlanması ilə məşğul olacaq. Bu təşəbbüs Çinin kosmosdakı mövcudluğunu daha da genişləndirməyə yönəlmiş yeni beşillik plan çərçivəsində həyata keçiriləcək.

Beşillik proqram yalnız data-mərkəzlərlə məhdudlaşmır. Sənəddə kosmik resursların hasilatının inkişafı, kosmik tullantıların monitorinqi və kosmik turizm bazarına çıxış da nəzərdə tutulur. Planın hesablama infrastrukturu ilə bağlı bölməsi “bulud, periferik və terminal texnologiyalarını birləşdirən inteqrasiya olunmuş kosmik sistem arxitekturası”nın yaradılmasına fokuslanır. CASC-də bildirilib ki, bu yanaşma hesablama güclərinin, məlumatların saxlanmasının və ötürülməsinin birbaşa kosmosdan təmin edilməsinə imkan verəcək.

Bu xəbərlər ABŞ şirkətlərinin də orbitdə data-mərkəzlərin yaradılması üzərində fəal işlədiyi bir vaxta təsadüf edir. Bunun əsas səbəbi dünyanın bir çox regionunda yerüstü enerji resurslarının bahalaşması və məhdudlaşmasıdır. Bu isə süni intellekt sistemlərinin əsasını təşkil edən irimiqyaslı informasiya sistemlərinə xidmət göstərən data-mərkəzlərin sayının sürətlə artması ilə bağlıdır.

Məsələn, İlon Maskın SpaceX şirkəti ilkin mərhələdə Starlink peyk şəbəkəsinin modifikasiya olunmuş versiyalarından ibarət olacaq kosmik data-mərkəzlərin buraxılmasını planlaşdırır.

Hyustonda yerləşən Axiom Space şirkəti isə ötən il artıq öz kosmik data-mərkəzinin ilk komponentlərini orbitə çıxarıb. Google da süni intellekt sistemlərini dəstəkləmək üçün orbital infrastrukturun yaradılması imkanlarını araşdırır.

Texnologiya nəhənglərinin orbitdə data-mərkəzlərə artan marağı Yer üzündə əsas resurslar, - ilk növbədə enerji və torpaq sahələri,- uğrunda rəqabətin güclənməsi ilə izah olunur. Kosmosda isə günəş enerjisinin bol olduğu, həmçinin “boş məkan”ın məhdudiyyətsiz olduğu ehtimal edilir.

S.ELAY

XQ

İKT