Bədii gimnastika üzrə Dünya kubokuna yekun vuruldu

post-img

Milli Gimnastika Arenası 17–19 aprel tarixlərində yenidən möhtəşəm idman bayramına ev sahibliyi etdi. Bədii gimnastika üzrə keçirilən Dünya kubokunda 42 ölkədən 150-dən çox gimnast iştirak edərək tamaşaçılara unudulmaz anlar yaşatdı.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 3 gün davam edən yarışın ilk 2 günü təsnifat mərhələsinə, sonuncu günü isə həyəcanlı finallara həsr olundu. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdirdilər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriichuk 1-ci yerə layiq görüldü. 2-ci yeri Almaniya gimnastı Darja Varfolomeev, 3-cü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutdu.

Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış edərək yüksək peşəkarlıq sərgilədilər. Çoxnövçülük üzrə qalib İsrail komandası oldu. İspaniya 2-ci, AIN 2 komandası isə 3-cü pillədə qərarlaşdı.

Final mərhələsində isə mübarizə daha da gərgin keçdi. Halqa proqramında qızıl medalı Taisiia Onofriichuk qazandı, Stiliana Nikolova gümüş, Sofiia İlteriakova isə bürünc medala sahib oldu. 
Top proqramında Darja Varfolomeev 1-ci, Sofia Raffaeli 2-ci, Stiliana Nikolova isə 3-cü yeri tutdu. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeev qalib gəldi, Sofiia İlteriakova və Taisiia Onofriichuk 2-ci və üçüncü yerləri bölüşdülər. Lent proqramında da Darja Varfolomeev birinciliyini qorudu, Sofia Raffaeli 2-ci, Akmaral Yerekesheva isə 3-cü oldu.

Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası 1-ci, Braziliya 2-ci, Özbəkistan isə 3-cü oldu. 

3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazandı, AIN 2 gümüş, Bolqarıstan isə bürünc medala layiq görüldü.

Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda “AGF Trophy” kuboku ilə təltif olundu. Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görüldü.

Yarış günləri ərzində gimnastların möhtəşəm çıxışları ilə yanaşı, tamaşaçıların coşqusu, alqışları və dəstəyi də arenada xüsusi ab-hava yaratdı. Tamaşaçılar üçün təşkil olunan əyləncəli müsabiqələr isə tədbirə əlavə rəng qataraq onlara müxtəlif hədiyyələr qazanmaq imkanı verdi.

Bütün iştirakçıları təbrik edir, qarşıdakı növbəti mötəbər turnirdə – Avropa kubokunda yenidən görüşməyi səbirsizliklə gözləyirik.

Qabil YUSİFOĞLU

XQ

























İdman