Hidayət Heydərovun məşqçisi: Qələbədən sonra ona dedim ki, sən məni 21 il cavanlaşdırdın

post-img

“Uduzmaq Hidayət üçün dəhşətli bir faciəyə bərabərdir. Ona elə tərbiyə vermişəm ki, uduzmağın mənim üçün böyük zərbə olduğunu bilir. Əgər o, gümüş və ya bürünc medal qazansaydı, bu nə onu, nə məni qane edəcəkdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kiloqram) məşqçisi Tərlan Həsənov deyib.

Hidayətə 6 yaşından müəllimlik etdiyini söyləyən mütəxəssis bildirib ki, olimpiya çempionumuz işinə həmişə məsuliyyətli və ciddi yanaşan idmançı olub: “Ona hər şeyi sıfırdan öyrətmişəm. Heç vaxt məşqlərdən yayınmayıb. Bütün yarışlara çox ciddi hazırlaşıb. Hidayət 52 illik əziyyətimin bəhrəsidir. Bu illər ərzində minlərlə tələbə yetişdirmişəm. O, yeniyetmə olarkən qitə birinciliyində özündən 11 yaş böyük Avropa ikincisini məğlub etdi. Mən o zaman Hidayətin necə böyük istedada malik olduğunu anladım. Həmişə ondan belə nəticələr gözləyirdim. Amma bir daha anladım ki, Olimpiya Oyunları nə Dünya, nə də Avropa çempionatıdır. Həddindən artıq güclü idmançılar Olimpiada yarışlarında özlərini itirir, psixoloji durumlarını idarə edə bilmirlər. Bir il ərzində həm Avropa, həm Dünya, həm də ki Olimpiya Oyunlarında qalib gəlmək, bu stabilliyi qoruyub saxlamaq qeyri-mümkündür. Amma Hidayət mümkünsüzü bacardı. 90 faiz idmançılar buna nail ola bilmirlər. O, çox unikal idmançıdır. Mən onu uşaqlıqdan müdafiəçi kimi yox, hücumçu kimi böyütmüşəm. Daha doğrusu, mənim üslubum belədir. Cüdo hücum və əks-hücumdan ibarətdir. Hidayət tələbələrim arasında bunu ən yaxşı bacaran idmançıdır. Həm 73 kiloqramda, həm də cüdo üzrə bütün çəki dərəcələrində dünya lideridir. Ondan çox reytinq xalı olan yoxdur. Gördüyümüz kimi, rəqibi hücumları ilə yorur və onu yorğun vəziyyətdə yerə yıxır. O, çempionluqla bağlı mənə söz vermişdi. İdmançı müəlliminə söz verəndə müəllimdə də istər-istəməz psixoloji durum yüksək olur. Hər idmançı o sözü verməyə cəsarət etmir, amma Hidayət etdi. Sözünün üstündə durdu. Çəkisalma prosesi zamanı mən çox həyəcan keçirmişdim. Fikirləşirdim ki, dünya çempionu olduqdan sonra bəlkə o, artıq həvəsdən düşüb və çəkisinə fikir vermir. Amma Hidayət qələbəsi ilə belə olmadığını, içindəki mübarizə ruhunun sönmədiyini göstərdi”.

H.Heydərovun yarışını televiziyadan izləyən məşqçi o an keçirdiyi hisslərdən də bəhs edib: “Mənim necə həyəcan keçirdiyimi hamı gördü. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Təzyiqim olduğu üçün Parisə getməyimi Hidayətin özü istəmədi. Qələbədən sonra ona dedim ki, sən məni 21 il cavanlaşdırdın. Mənim indi sanki 82 yox, 61 yaşım var. Çünki 61 yaşımdan mən onunla işləyirəm. İndi ruhən özümü cavan hiss edirəm. Elə bil ki, kosmosa qalxmışam. Tələbəmin nəticəsi məni daha da ruhlandırdı. O mənə söz verdi ki, 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasında da çempion olacaq. Mən inanıram ki, o bunu bacaracaq. Demişdim ki, mənim hər hansısa tələbəm Olimpiya çempionu olmayanadək bu dünyanı tərk etməyəcəyəm. Çalışacağam ki, bu 4 ildə də Hidayətlə əlaqədə olum. Düzdür, mən hazırda milli komandanın məşqçisi deyiləm, təqaüdçüyəm. Tək mənim deyil, yığmanın müəllimlərinin də Hidayətin qələbəsində böyük rolu var. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də ona kömək edir. Mən yenə də Hidayətlə əlaqəni kəsməyəcəyəm. Mümkün dərəcədə həm psixoloji, həm də texniki məsələlərdə ona dəstək olacağam. Belə böyük turnirlərdən öncə ona tapşırıqlar verirəm. Olimpiadadan qabaq düz 13 tapşırıq verdim və dedim ki, bunların üzərində işlə. Mən həmişə Hidayətin yarışlarını izləyib, analiz edib, düzəlişlər edirəm. Etdiyi səhvləri özünə deyirəm. Hidayətin zəka səviyyəsi o qədər yüksəkdir ki, o həmin məsləhətlərə qulaq asır və cızığından çıxmır. Elə buna görə də bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu adını qazandı”.

T.Həsənov “Paris-2024”də məğlubiyyətinə ən çox üzüldüyü idmançının da adını açıqlayıb: “Məni ən çox Elcan Hacıyevin (90 kiloqram) məğlubiyyəti məyus etdi. Çox istedadlı gəncdir. Bu, onun ilk Olimpiadası idi. Keçirdiyi həyəcan onun öz gücünü göstərməyinə imkan vermədi. Bu həyəcanı boğmağı hər idmançı bacara bilmir. Elcanın 1/8 finalda rəqibinə uduzmağı məni çox sarsıtdı”.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdosunun tarixində ilkdir.

İdman