Dünya Alpaqut Federasiyası GAWSF-a üzvlüyə qəbul edilib

post-img

Milli idman növümüz, ümumtürk döyüş sənəti olan alpaqut coğrafiyasını getdikcə genişləndirir. Dünya Alpaqut Federasiyası (DAF) bu dəfə Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyası (GAWSF) tərəfindən tanınaraq rəsmi üzvlüyə qəbul edilib.

“XQ” xəbər verir ki, bununla əlaqədar GAWSF rəhbərliyi federasiyanın prezidenti, millət vəkili Jalə Əhmədovaya məktub ünvanlayıb və təsdiq edilmiş üzvlük sertifikatını göndərib.

Çoxsaylı beynəlxalq, kontinental, milli idman federasiyaları və qurumları üçün çətir təşkilatı rolunu oynayan Ümumdünya İdman Federasiyalarının Baş Assosiasiyasının hazırda 370-dən çox üzvü var. 

Alpaqut idman növü Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE), Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA), Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (FairPlay), Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO), Beynəlxalq Döyüş Növləri Oyunları Komitəsi (IMGC) tərəfindən rəsmən tanınıb. DAF eyni zamanda Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatlarına da üzv olub.

Xatırladaq ki, 2014-cü il fevralın 12-də fəaliyyətə başlayan Dünya Alpaqut Federasiyası (WAF) bu döyüş sənətini təbliğ etmək, digər ölkələrdə alpaqut klublarını, federasiyalarını idarə etmək məqsədilə yaradılmış beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət idman təşkilatıdır.

İdman