“Zəka sahibi”miz dünya birincisi oldu

post-img

Yeni qadın şahmat ulduzu

Son illər Azərbaycanın gənc şahmatçılarının adı dünyanın ən güclü zəka sahibləri sırasında hörmətlə çəkilir. Təqdirəlayiq haldır ki, şahmatçı qızlarımız da bu sahədə fərqlənməyi bacarırlar. 2 gün əvvəl İtaliyada 20 yaşadək qızların dünya birincili­yində Gövhər Beydullayeva böyük uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onu da qeyd edək ki, şahmatçı 2022-ci ildə dünya birinciliyinin qalibi adını qazanmaqla 20 yaşadək qızlar arasında qızıl medal alan ilk azərbay­canlı şahmatçı kimi tarixə düşüb.

Əvvəlcə Gövhərin şahmatda atdığı ilk addımlara nəzər salaq. 2003-cü ildə Səu­diyyə Ərəbistanının Əl-Zülfi şəhərində hə­kim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açan Gövhər Beydul­layeva 5 yaşadək həmin ölkədə yaşayıb və şahmatın sirlərinə də elə oradaca yiyələn­məyə başlayıb. Ailəsi ilə Bakıya qayıtdıqdan sonra kiçik bacısı ilə birgə Həmkarlar İtti­faqı Respublika Şahmat və Dama klubunda Əməkdar məşqçi Xanlar Allahverdiyevdən dərs alıb. 

2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə qızıl, blitsdə gümüş me­dal qazanıb. 2014-cü və 2015-ci illərdə 12 yaşadək qızlar arasında Avropa birinciliklə­rində gümüş medallara sahib olub. 2017-ci ildə 14 yaşlı qızlar arasında qitə birinciliyinin qalibi olub. 

2021-ci ildə 18 yaşadək qızlar arasında dünya kubokunun qalibi olmaqla yaşıdları arasında Fide dünya çempionatının onlayn Super Finalında iştirak hüququ əldə edib. Həmin ilin dekabr ayında keçirilən Super Finalda 10 oyundan 8 xal toplayaraq qalib adına layiq görülüb. Bir il sonra Sloveni­yada Avropa çempionatında 11 oyundan 7 xal toplayaraq qadınlar arasında ən yüksək nəticə göstərib, həmçinin qadınlar arasında qrosmeyster adını qazanıb. 2019-cu ildə 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi, 2021-ci ildə Azərbay­canın qadınlardan ibarət millisinin heyətində Avropa çempionatının bürünc medalına sahib olub. 

Azərbaycanın titullu şahmatçılarından biri, Sumqayıt Olimpiya İdman Komplek­sinin direktoru Zeynəb Məmmədyarova Gövhər Beydullayevanın dünya birincili­yində qızıl medal qazanmasının parlaq na­iliyyət olduğunu bildirdi: “Bu böyük qələbə Azərbaycan şahmat məktəbinin təntənəsidir. Azərbaycanlı bir qızın belə bir nüfuzlu ya­rışda qalib olması şərəflidir. Şahmat Fede­rasiyasının qadın və sosial komissiyasının sədri olaraq regionlarda qızlar üçün yarışlar təşkil edirik. Arzum qızlarımızın bu intellk­tual idman növü ilə kütləvi şəkildə məşğul olmasına nail olmaqdır. İstəyirəm ki, onlar öz uşaqlarına da bu idman növünün sirlərini aşılasınlar. Karyeralarında şahmata yer ayır­sınlar. Bir ölkənin, bir millətin inkişafı onun qadınının səviyyəsindən çox asılıdır. Əgər bir qadın güclüdürsə, onun ailəsi, övladları da güclü olacaq”. 

Hazırda “Məmmədyarovlar Şahmat Məktəbi”nin direktoru vəzifəsində çalışan Zeynəb xanım son illər qızlarımızın şah­mata marağının xeyli artdığını, uşaqlar arasında keçirilən yarışlarda artıq nəti­cələrdə də bunun öz əksini tapdığını dedi: “Qadınlarımızın, qızlarımızın intellekt ya­rışında öndə olması məni sonsuz sevindirir. Cəmiyətimizin inkişaf etməsi, parlaq gələ­cəyimiz üçün qızlarımızın intellektual səviy­yəsi yüksək olmalıdır. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan qadını dünya arenasında öz sözünü deyir. İntellek­tual idman növündə də sözümüzü deməyimiz o deməkdir ki, Azərbaycan xanımı yüksək səviyyəli zəka ustasıdır, ağıllıdır, hərtərəfli inkişaf edib. Son illər türk ölkələri – Türkiyə, Qazaxıstan, Özbəkistan şahmatda çox inkişaf edib. Turnir cədvəlinə baxanda bu ölkələrin qadın nümayəndələrinin xeyli irəlilədiyini görürük ki, bu da təqdirəlayiq haldır”. 

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov milli komandanın üzvü Gövhər Beydullayeva­nın çox istedadlı şahmatçı olduğunu bil­dirdi: 

– Gövhər dünya, Avropa birinciliklərində müxtəlif yaş qrupları üzrə böyük nailiyyətlər qazanıb. Ötən il klassik şahmat üzrə dünya birinciliyinin qalibi olub. Yarışdan-yarışa əmsalını artırır. Ondan böyük nailiyyətlər gözləyirik. 

Faiq Həsənov son illər qızlarımızın şahmatda mühüm uğurlar əldə etdiklərini dedi: 

– Hindistanda ötən il keçirilmiş şahmat olimpiadasında qadın millimiz medal qazan­mağa çox yaxın idi. Qadın yığmamız Avropa çempionatında 2 dəfə bürünc medal qazanıb. 

Federasiya rəsmisi noyabr ayında Slove­niyanın Budva şəhərində keçiriləcək Avropa çempionatında millimizdən yaxşı nəticələr gözlədiklərini vurğuladı. O qeyd etdi ki, ok­tyabrın 22-də İngiltərədə dünya iddiaçılar turnirinə vəsiqə uğrunda yarışda millimizin əksər üzvləri çıxış edəcəklər. Azərbaycan Şahmat Federasiyası komandamızın hazır­lığı ilə bağlı məqsədyönlü tədbirləri davam etdirir. Buyaxınlarda yığma Qubada tə­lim-məşqlərdə iştirak edib. Komandamızın hazırlığı yüksək səviyyədə davam edir. 

Faiq müəllimin də qeyd etdiyi kimi, qa­dın millimizin potensialı böyükdür və on­lardan təbii ki, yaxşı nəticələr gözləyirik. Amma dünyada qadın şahmatının inkişafı da gün-gündən yüksəlir, rəqabət artır. Zey­nəb Məmmədyarovanın da vurğuladığı kimi, türk ölkələrində də bu sahədə nailiyyətlər çoxalır. Elə dünya birinciliyində Qazaxıstan yığmasının üzvlərinin böyük fəallıq nümayiş etdirmələrini xüsusi qeyd etməliyik. Belə ki, bu ölkənin komandasının 4 üzvü birinci yerin sahibi olan Gövhər Abdullayevadan sonra ilk 4 yeri tutublar.

 

Leyla QURBANOVA
XQ





İdman