Afərin, “Xalq qəzeti”, əhsən, dostlar!

post-img

Nəsimi Rayon İcra Hakimiyyəti ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş mini-futbol idman növü üzrə rayon miqyaslı turnir təşkil edilməsi barədə elan verəndə redaksiyamızda futbol oynamağı bacaran cəmi üç nəfəri tanıyırdıq. Məsul katibin müavini Qabil Əliyev (O, jurnalistlər şəhərciyində süni örtüklü mini-futbol meydançasının yaradılması üçün mübarizə aparmış və buna nail olmuşdur), texniki direktorumuz Fikrət Əhmədov və dizaynerimiz Rövşən Atakişiyev. Ancaq adı çəkilən yarışlar barədə elanı eşidəndən dərhal sonra bu müqəddəs işi dəstəkləyən yeddi-səkkiz əməkdaşımız tapıldı. 

Bunları xatırlatmaqda məqsədim odur ki, adıçəkilən elanı eşidənə qə­dər bizim futbol komandamız olmayıb və heç bir yarışda iştirak etməmişik. Ancaq buna baxmayaraq, əməkdaş­larımız qısa müddətdə yarışlara hazır­laşdılar və komandanın kapitanı Fikrət Əhmədovun rəhbərliyi ilə, sözün həqiqi mənasında, yubileyə layiq mübarizə nümayiş etdirdilər. 

Bu məqamda mən komandamız haqqında ağız dolusu danışmağa haqq verən bəzi məqamları da xatırlatmaq istəyirəm. Əvvəla, biz rəsmi dövlət qə­zeti olaraq, komandamıza kənardan oyunçu gətirilməsini öz adımıza rəva görmədik. Halbuki, bəzi rəqiblərimiz bu “təcrübədən” kifayət qədər yararlan­dılar. İkinci, bizim oyunçulardan heç birinin rəqibə qarşı kobud oynadığını görmədik. Elə rəqiblərimiz də görmə­dilər və bu barədə onlardan dəfələrlə etiraf eşitdik. Ancaq təhsil müəssisələ­rinin komandasından başqa, bütün ko­mandalarda bizə qarşı kobud oyunlar baş alıb gedirdi. Heç yıxdıqları oyunçu­muzdan üzr istəmək də yox idi. Hətta mayın 2-dəki sonuncu oyunda bizim uşaqlara qarşı əlbəyaxa idman növlə­rinin fəndlərindən də istifadə edirdilər. 

Üçüncü, bütün komandalarda la­zım olan qədər ehtiyat oyunçular var idi. Ona görə də meydançadakıları tez-tez dəyişə bilirdilər ki, bu da qələbənin əsas sütunlarından biri idi. Bizdə isə meydana çıxan start heyət sona qə­dər mübarizə aparırdı ki, bunun da nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Biz sonuncu oyuna çıxaracaq start heyəti komplektləşdirməyə çə­tinlik çəksək də, rəqibin meydandakı oyunçular qədər ehtiyat heyəti də var idi. 

Bütün bunlara baxmayaraq, biz dövlətçiliyimizin xilaskarı, bugünkü qüdrətli Azərbaycanın qurucusu, xü­susən, gənclərin və idmanın misilsiz himayədarı olan Heydər Əliyevin yubi­leyinə layiq idman mübarizəsi aparmalı idik və apardıq da. Rayon ərazisindəki çoxsaylı müəssisələri təmsil edən ko­mandalar arasında ilk dördlüyə düş­mək son bir ayda texniki direktorluğu məşqçiliklə dəyişmiş kapitanımızın və onun dostlarının yorulmazlığı və prinsi­piallığı nəticəsində mümkün oldu. 

Bu yarışların bizə bəxş etdiyi başqa bir üstünlük isə artıq koman­damızın formalaşmasıdır. Əminik ki, MEDİA Agentliyi, Mətbuat Şurası, lap elə qarşıdan 105 illik yubileyi gələn öz redaksiyamız hansısa futbol və ya mi­ni-futbol turniri elən edərsə, onda bizim komandamız daha yaxşı göstəricilərə nail olacaq. Çünki Qabil Əliyev (o, qa­pıçı kimi təkcə son oyunda ona qədər real qol vəziyyətinin reallaşmasına im­kan vermədi), Fikrət Əhmədov (artıq uşaqlar onu lider kimi qəbul edirlər), Rövşən Atakişiyev (o, sözün həqiq mə­nasında rəqiblərimiz üçün “baş ağrısı”­na çevrilmişdi, Əvəz Rüsəmov (böyük hesabla qalib gəldiyimiz oyunların hər ikisində ilk qolu məhz o vurmuşdu), Fa­riz Ənsərov (təəssüf ki, zədələndiyinə görə son oyuna çıxa bilmədi), Fuad Cəfərov, Anar Məmmədov və Rüfət Abdullayev bir məqsəd uğrunda müba­rizə aparan səkkizlik şəklində bir-birini tamamlayırlar. 

Sağ olun, uşaqlar! Böyük liderin şanlı yubileyinə “Xalq qəzeti”nin adına layiq töhfələr verdiniz. Yeni uğurlarınızı gözləyəcəyik. 

 

İttifaq MİRZƏBƏYLİ,
Elçin ABBASOV (foto),
“Xalq qəzeti”

İdman