Özbəkistan Arxiv Agentliyinin sədri Ədəbiyyat Muzeyini ziyarət edib

post-img

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistan Respublikası Arxiv Agentliyinin (Özarxiv) sədri Uluqbəy Yusupov əməkdaşlarla birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Ziyarətçiləri muzeyin ekspozisiyası ilə elmi işçi Zarema İbrahimova tanış edib. O, qonaqlara muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan ədəbiyyatının keçmişini və bu gününü əks etdirən nümunələri təqdim edib. Həmçinin Nizami Gəncəvi “Xəmsə”sindən söz açaraq onun xələflərindən olan və Çağatay türkcəsində ən gözəl nümunələri yaradan Əlişir Nəvai yaradıcılığından bəhs edib.

Sonra qonaqlar bu ilin aprel ayında Özbəkistan Respublikasının Buxara şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində təşkil edilmiş tədbirdə təqdimatı keçirilmiş “Özbəkistan-Azərbaycan əlaqələri arxiv fotosənədlərində” adlı kitabı muzeyə hədiyyə ediblər.

Üç dildə (Özbək, Azərbaycan və rus) nəşr olunan kitab Azərbaycan və Özbəkistan Respublikalarının Dövlət Kino-Foto Sənədləri Arxivində daimi mühafizə edilən sənədlər əsasında hazırlanıb.

Muzeyin rəylər və təəssüratlar kitabında təşəkkürlərini və xoş arzularını bildirən qonaqlara xatirə olaraq Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu Mirzə Ələkbər Sabirə həsr edilmiş “Sabirin saatı”, “Şirvan şairləri” və “Nizami muzeyinin xalçaları” kitabları hədiyyə edilib.







Elm