Xəbər verildiyi kimi, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.
Qayda belədir: Bu ildən magistraturaya qəbul imtahanında əvvəlki illərdə olduğu kimi, bakalavrlara qapalı və açıq tipli olmaqla məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. Xarici dilə gəldikdə isə, bakalavrlar çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər. Yəni, magistr olmaq istəyənlərə dinləyib-anlama bacarığını yoxlamaq üçün bir dinləmə mətni (monoloq və ya dialoq) üzrə 5 tapşırıq, oxuyub-anlama bacarığını yoxlamaq üçün iki oxu mətni üzrə cəmi 10 tapşırıq, dil biliyini yoxlamaq üçün isə 5 test tapşırığı təqdim olunacaq. Yazı bacarıqlarını yoxlamaq üçün esse tipli yazı tapşırığı da imtahan modelinə əlavə olunur.
Sözügedən yenilik cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Ekspertlər magistr imtahanına essenin əlavə edilməsinin tərəfdarı olmadıqlarını və bunun müəyyən problemlər yaradacağını düşünürlər. Onlar, eyni zamanda, tələbələrin xarici dil bacarıqlarının artırılması üçün esse yazma bacarıqlarının inkişaf etdirilməsini ali məktəbdə tədris prosesində tələb kimi normal hal hesab edirlər.
Hesab edirik ki, Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul qaydalarını çətinləşdirməsi yenidən tələbə olmaq istəyənlərin müxtəlif proqramlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük vermələrinə gətirib çıxaracaq.
Düşünürük ki, esse tələbi o zaman ağlabatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının ən azı 50 faizi xarici dil bilgisinə sahib ola bilsin. Ali məktəb məzunlarının isə ən azı 70 faizi ali məktəb auditoriyasından xarici dili öyrənib çıxa bilsin. Daha aydın desək, DİM-in abituriyentlər və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməsi daha düzgündür. Məzuna "zəhmət çəkib öyrənəydin" və ya " hazırlığa get, öyrən" demək də düzgün olmaz. Hər yenilik repetitorların, Əlabbasın torbasını genişləndirəcəksə, bu, inkişaf deyil. Azərbaycan adamının mövcud dil problemini hələ orta məktəbdən, ali məktəbdən başlayaraq həll etmək lazımdır. Ümumiyyətlə, magistratura imtahanını çətinləşdirməyin müsbət tərəfləri məqbul hesab edilə bilməz.
Təhsil mütəxəssisi Araz Babayev düşünür ki, hər yeniliyi təmkinlə qarşılamaq və ona adekvat olmaq lazımdır: “Şəxs magistraturaya qəbul olmaq istəyirsə və o qədər mərhələ keçibsə, esse yazmaq, tənqidi mühakimə yürütmək qabiliyyəti olmalıdır. Amma burada da istedad məsələsi var. Məsələn, şəxs IT mütəxəssisidir, sahəsini yaxşı bilir. O, esse yaza bilmir deyə, biliyi zəifdir qənaətinə gəlmək doğru olmazdı. Əksini də düşünə bilərik, kimsə yaxşı danışa, yaza bilirsə, o, istedadlıdır demək deyil. Bu yenilik sadəcə bir qisim insanın istedadını üzə çıxara biləcək”.
Təhsil eksperti Elçin Əfəndi magistraturaya qəbul imtahanında baş verən bu dəyişikliyin bakalavrların nəticələrinə mənfi təsir edə biləcəyi, lakin elə də gözə çarpmayacağı qənaətindədir.
Təhsil eksperti Elçin Murad esse təcrübəsinin Azərbaycanda yeni olduğunu, bunun xarici dil üzrə tələb kimi istənilməsini yanlış hesab edir: “Burada meyarlar da rol oynayır. Esse yazanın bilikləri və dünyagörüşü ilə onu yoxlayan şəxsin bilik və dünyagörüşü fərqlilik yarada bilər. Bu da qiymətləndirmədə problem ola bilər. Əvvəlcə esse ilə bağlı bir sıra addımlar atılmalı, alınan nəticələrə uyğun hərəkət edilməli idi. Bunun birbaşa imtaha salınması düzgün deyil.
Təhsil eksperti Adil Vəliyev isə xarici dildən esseni magistraturaya qəbulun çətinləşdirilməsi kimi qiymətləndirir və bunu arzuolunmaz hesab edir.
Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr 1” jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdi.
Magistratura səviyyəsinə qəbul üzrə bakalavrların danışıq bacarıqlarının qiymətləndirilməsinin isə növbəti illərdə aparılması nəzərdə tutulur.
Rizvan FİKRƏTOĞLU
XQ