Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu müzakirəyə çıxarılıb və 62 səs lehinə olmaqla Roma Statutunu ratifikasiya edib. Bu barədə erməni KİV məlumat yayıb.
“Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyiblər.
“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir.
Qeyd edək ki, Roma Əsasnaməsinin qəbul edilməsi bilavasitə Ermənistan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi anlamına gəlir. Çünki Ermənistanda Roma Statutu təsdiqlədiyinə görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə, həbs olunmalıdır. Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.
Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq. Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.
Rizvan FİKRƏTOĞLU
XQ