Fəridə ƏLİ,
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent
Bu gün beynəlxaq aləmdə bir çox qlobal problemlər–müharibələr, epidemiya və pandemiya təhlükələri, millətlərarası və dinlərarası konfliktlər, iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyi, ümumiyyətlə, Yer kürəsinin mövcudluğu baxımından çox ciddi narahatlıq doğurur. Həmin qlobal problemlər sırasında daha ciddi bəşəri təhlükə kimi iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması halları xüsusi vurğulanır və yaşadığımız qalaktikada yeganə həyat mənbəyi olan Yer planetinin hazırda müəyyən təhlükələrlə üzləşdiyi bildirilir. Bu təhlükəyə qarşı aparılan mübarizəyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin xüsusi yanaşması, bu istiqamətdə həmrəyliyin artırılması da məhz canlı aləmin mövcudluğunu qorumağa yönələn niyyətdən irəli gəlir.
Şübhəsiz ki, bütün canlıların varlığı üçün başlıca amil әtraf mühitin qorunub saxlanılmasıdır. Amma bu gün iqlim dəyişmələrinin, ekoloji tarazlığın pozulmasının canlı orqanizmə mənfi təsiri isə təəssüf ki, intensiv şəkildə artmağa meyllidir.
Təbiətin varlığı insan orqanizminə birbaşa və dolayı yolla təsir edə bilən, onun sağlamlığının formalaşmasında mühüm əhəmiyyət daşıyan ətraf mühitdir. Qlobal iqlim dəyişmələri, ekoloji tarazlığın pozulması isə insanların sağlamlığına və həyat tərzinə güclü təsir göstərən amillərdəndir. Xüsusən körpələrin, uşaqların və yeniyetmələrin fiziki və əqli cəhətdən sağlam inkişafında yaşadığımız təbii mühit amili mühüm əhəmiyyət kəsb edir.
Atmosfer havası insanın nəfəs almasını, oksigen tələbatını ödəyərək yaşamasını gerçəkləşdirir. İnsan orqanizmi ilə hava mühiti arasındakı uyğunlaşmanın pozulması isə insana müxtəlif formalarda mənfi təsir göstərir. Havanın fiziki xassələri, kimyəvi tərkibi və bakterioloji göstəricilərdə mütəmadi baş verən dəyişikliklər insanların sağlamlığında, həyat fəaliyyətində və əmək qabiliyyətində özünü həlledici formada büruzə verir. Havanın kəskin dəyişməsi orqanizmdəki istilik tənzimləmə sisteminə və orada gedən fizioloji proseslərə təsir göstərməklə bəzi xəstəliklərin baş verməsinə şərait yaradır.
Nəzərə almaq lazımdır ki, sağlam insan hava dəyişmələrinə qısa zamanda uyğunlaşa bilsə də, yaşlı və xəstə orqanizmi meteohəssas olduğu üçün baş verən hava dəyişmələrinə uyğunlaşmaqda çətinlik çəkir. Belə vəziyyət xəstəliklərin kəskinləşməsinə, hətta həyat üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Meteotrop reaksiyalar müxtəlif formalarda–ümumi əhvalın halsızlaşması, yuxunun pozulması, qorxu hissiyyatı, baş ağrıları, başgicəllənmələr, əmək qabiliyyətinin itirilməsi, yaxud azalması, tez yorulma, arterial təzyiqin kəskin dəyişməsi və s. ilə müşayiət olunur. Bəzi hallarda belə dəyişkənlik nəticəsində dərman maddələrinə ifrat həssaslıq yarana bilir ki, bu da həyat üçün ciddi təhlükə yaradır.
Bütün iqlim zonalarında orqanizmin həmin şəraitə uyğunlaşması normal fizioloji prosesdir. Lakin kəskin iqlim dəyişiklikləri zamanı orqanizmin fizioloji funksiyaları gərilir. Bu səbəbdən səhhətində problem olan hər bir insan iqlim şəraitinin kəskin dəyişməsinin zərərli təsirini azaltmaq məqsədilə səmərəli qidalanma, əmək və istirahət rejiminin tənzimlənməsi, bədənin möhkəmləndirilməsi, eləcə də müalicə-profilaktikaya üstünlük verməlidir.
Atmosfer havasının kimyəvi tullantılarla çirklənməsi də orqanizmə mənfi təsir göstərir. Hər bir şəxsin ağciyər alveollarının (qovucuqların), təxminən, 100 kvadratmetr olduğunu və sutka ərzində tənəffüslə 13-15 min litr hava qəbul etdiyini nəzərə alsaq, o zaman havadakı hər hansı bir qaz qarışığının sağlamlıq üçün təhlükəsinin dərəcəsi anlaşılar. Müasir texniki-texnoloji amillər səbəbindən ətraf mühit müxtəlif təbii və antropogen mənbələrdən çirklənməyə məruz qalır. Yer üzərində antropogen mənşəli çirklənmə mənbələrinin sayı isə yüzlərlədir. Belə çirkləndirmə mənbələrindən iri sənaye müəssisələrinin zərərli, hətta zəhərli tullantılarını, müxtəlif növ yanacaqları, istixana effekti yaradan qazların havaya atılmasnıı və s. göstərə bilərik.
Bu sırada ən çox diqqət yetirilməli təhlükə mənbələriindən biri müxtəlif avtonəqliyyat vasitələrindən atmosferə atılan tonlarla çirkləndirici tullantılardır. Belə tullantılar atmosfer havasını mütəmadi çirkləndirməklə, eyni zamanda, torpağa, onun vasitəsilə suya, bitkilərin tərkibinə göstərdiyi təsirlər, nəhayət, zəncirvari şəkildə davam edərək qida məhsulları ilə insanların orqanizminə sızmaqla sağlamlığının pozulmasına səbəb olur. Bu isə qeyri-infeksion xəstəliklərin yaranması, eyni zamanda, müxtəlif xəstəliklərin kəskinləşməsi ilə nəticələnir.
Beləliklə, bu kimi halları nəzərə almaqla iqlim dəyişikliyinin nə dərəcədə qlobal təhlükə yarada bildiyini qiymətləndirmək mümkündür. Xatırladaq ki, planet boyu bütün meqapolislərdə, iri şəhərlərdə, kənd və qəsəbələrdə daim hərəkətdə olan avtomobil, su və hava nəqliyyatı çirkləndiricilər cərgəsindədir.
Qeyd edək ki, bütün inkişaf etmiş ölkələr kimi, bizim respublikamız da dünyanın qlobal problemlərinin həllinə öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi məhz bu qlobal problemə diqqətin artırılmasından irəli gəlib. Sərəncama əsasən, respublikada ekoloji problemlər, iqlim dəyişiklikləri və onun təsirləri ilə mübarizə istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərlə yanaşı, insanların maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən, bu istiqamətdə mətbuatın, kütləvi informasiya vasitələrinin, elektron medianın əhəmiyyətli rolu xüsusi vurğulanmalıdır.
Əhalinin sağlamlığının qorunmasında və gələcək nəsillərin sağlamlığına mənfi təsir edə biləcək amillərin qarşısının alınmasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən tədbirlər şübhəsiz ki, dövlətin ölkə əhalisinə və gələcək nəsillərin sağlamlığına göstərdiyi diqqətin və qayğının bariz təzahürüdür. İqlim dəyişikliklərinə və ekoloji problemlərə həsr edilmiş mühüm beynəlxalq tədbirin– COP29-un cari ilin noyabrında Bakıda keçirilməsi də məhz dövlət siyasətinin parlaq nümunəsi kimi dəyərləndirilməlidir.
Dünya liderlərinin, ictimai-siyasi xadimlərinin, vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə planetin ən böyük problemlərindən olan iqlim dəyişikliyi məsələlərinin müzakirəsinə həsr ediləcək belə bir mötəbər tədbirə evsahibliyi etmək ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu konfransda yuxarıda qeyd etdiyim ciddi ekoloji problemlərin müzakirəsi və həlli yollarının axtarılması ilə yanaşı, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini ekoloji terrora məruz qoyması bir daha dünyaya nümayiş etdiriləcək.
Yeri gəlmişkən, BMT-nin müvafiq sənədlərinə əsasən, bir ölkə tərəfindən digər ölkənin təbiətinə, flora və faunasına bilərəkdən zərər yetirmək, təbii sərvətlərini məhv etmək ekoloji terror hesab edilir ki, erməni vandalları təbiətimizə qarşı məhz bu fəaliyyətlə məşğul olmuşlar. COP29 düşmənin Qarabağ və ətraf rayonlarda təkcə insanlara deyil, torpağımıza, kənd təsərrüfatına, meşə və əkin sahələrinə, içməli su mənbələrinə, təbii sərvətlərə və ümumən, ətraf mühitə necə ağır zərbələr vurduğu, basdırdığı minalarla torpağın kimyəvi tərkibinin, həmçinin mikroflorasının güclü şəkildə pozulması bir daha dünya ictimaiyyətinin, xüsusən, terrorçulara dəstək verən məkrli qüvvələrin diqqətinə çatdırılacaq.
Nəhayət, son olaraq fikrimi nikbin notlarla yekunlaşdırmaq istərdim. Bəşəriyyətin qarşılaşdığı ümumi bəlalardan, həmçinin ekoloji və iqlim dəyişiklikləri mövzusundan danışarkən insanlığın mövcudluğu baxımından nə qədər ciddi problemlər, təhlükələr olduğunu təsbit etsək də, inanırıq ki, böyük söz ustadı, Xalq şairi Səməd Vurğun demişkən, qalib gələcəkdir cahanda kamal!