BMT Baş Assambleyasının 79-cu sessiyasında və Nyu-York İqlim Həftəsində iştirak edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyətinin iştirakı ilə konfransa hazırlıq istiqamətində təşkilati və əməliyyat məsələlərinə dair üzv dövlətlərin nümayəndələri üçün brifinq təşkil edilib.
Geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, COP29-un tematik gündəliyi, o cümlədən İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə məlumat verib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 konfransının keçirilməsi üçün tələb olunan tədbir məkanının hazırlanması və əməliyyatların qurulması prosesini yüksək qiymətləndirib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi şöbəsinin direktoru Sesilya Kinutia Njenqa COP29 İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin proqramı və milli bəyanatlar üçün ölkələr tərəfindən müraciət prosesi barədə danışıb. COP29 Azərbaycan ƏŞ-nin Koordinasiya Şurasının üzvləri Şəhla Abbəkirova və İsmayıl İsayev COP29 zamanı müsbət ziyarətçi təcrübəsi, qeydiyyat və akkreditasiya məsələləri, xüsusi COP29 vizası, media xidmətləri, nəqliyyat sxemləri kimi mövzular ətrafında iştirakçıları məlumatlandırıblar.
***
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək “Rio Üçlüyü” təşəbbüsünün rəsmi açılışı üçün Rio Konvensiyasının gələcək sədrləri ilə görüşüb.
Görüş zamanı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin nümayəndələri konvensiyalararası əməkdaşlığın qlobal dayanıqlılıq üzrə effektiv həll variantlarını necə təmin edə biləcəyi xüsusunda fikirlər irəli sürüb və öz perspektivlərini bölüşüblər.
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev qeyd edib: “Bizim məqsədimiz hər üç Rio Konvensiyası üzrə əməkdaşlığı gücləndirməklə sinerji yaratmaq, səmərəliliyi artırmaq və həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin etməkdir”.
Sentyabrın 27-də Nyu-York şəhərində COP29 Prezidentliyinin Yüksək Səviyyəli Çempionunun, İqlim Fəaliyyəti üzrə Qlobal Təşəbbüslər Qrupunun və Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin birgə təşəbbüsü ilə İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsündə özəl sektorun roluna həsr edilmiş yan tədbir təşkil edilib.
Açılışda COP29 Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 Prezidentliyinin BICFIT təşəbbüsünə dair məlumat veriblər. Tədbir çərçivəsində iki panel təşkil edilib.
XQ