TAP Avropanın qaz təchizatında önəmli marşrutdur

post-img

Ötən 4 ildə bu kəmərlə 40 milyard kubmetr “mavi yanacaq” nəql olunub

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artır.

Ötən müddətdə Xəzər regionu ilə “köhnə qitə” arasında vacib enerji körpüsü rolunu oynayan TAP kəməri ölkəmizi Avropa İttifaqının mötəbər enerji tərəfdaşına çevirib. Artıq 4 ilə yaxındır ki, Azərbaycan qazını Avropa bazarına nəql edən bu boru kəməri enerji ixracının şaxələndirilməsinə də mühüm töhfələr verib. Avropanın təbii qaza artan tələbatı isə Cənub Qaz Dəhlizinin, o cümlədən onun mühüm seqmenti olan TAP-ın genişləndirilməsinə zərurət yaradıb.

Bu yaxınlarda sözügedən kəmərin genişləndirilməsi çərçivəsində infrastruktur işlərinə başlanılacaq. Bu da Avropaya nəql edilən “mavi yanacağ”ın həcmini iki dəfəyədək artırmağa imkan yaradacaq. Eyni zamanda, boru kəmərinin genişləndirilməsi ilə yanaşı, yeni interkonnektorların (birləşdirici kəmər) tikintisi də nəzərdə tutulur. İnterkonnektorlar isə Azərbaycan qazının alıcılarının sayının artmasına, Avropada enerji tərəfdaşlarımızın çoxalmasına gətirib çıxaracaq.

Sözügedən kəmərin operatoru olan TAP AG şirkətinin icracı direktoru Luka Skyepatti bugünlərdə İtaliyada keçirilən enerji sammitində bununla bağlı maraqlı fikirlər səsləndirib. O deyib ki, son 4 ilə yaxın müddətdə TAP vasitəsilə, təxminən, 40 milyard kubmetr qaz nəql edilib ki, bu da Avropada enerji təhlükəsizliyini, şaxələndirməni və “təmiz enerji” keçidini əhəmiyyətli dərəcədə artırıb. Hazırda boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə diqqətin artırıldığını vurğulayan icraçı direktor bildirib ki, şirkət daha ekoloji cəhətdən təmiz molekulların inteqrasiyası və istismar təsirinin minimallaşdırılması ilə dayanıqlı enerji keçidini dəstəkləyir.

Luka Skyepatti, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi şirkətin texniki və kommersiya cəlbediciliyi və çevikliyi operatorlar tərəfindən də tanınıb. Onun sözlərinə görə, hazırda 43 operator Trans-Adriatik boru kəmərinin güclərini dəqiqləşdirmək səlahiyyətlinə malikdir. İcraçı direktor TAP-la Avropaya təhlükəsiz şəkildə nəql edilən 40 milyard kubmetr qazın 32,8 milyard kubmetrinin İtaliyanın payına düşdüyünü bildirib. Trans-Adriatik boru kəmərinin 2026-cı ilin əvvəllərindən etibarən illik nəqletmə gücünün 1,2 milyard kubmetr artırılacağını vurğulayan Luka Skyepattinin fikrincə, bu, bazarın maraqları əsasında gücün genişləndirilməsi imkanlarını təsdiq edir.

Bu arada, Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB Yunanıstanın Komotini şəhərində yerləşən qoşulma nöqtəsində qonşu DESFA təbii qaz ötürmə sistemi operatoru ilə qoşulma müqaviləsi imzalayıb. Bu barədə ICGB-dən məlumat verilib. Qeyd olunub ki, müqavilə bütün müvafiq tənzimləmə tələblərinə cavab verir və qoşulma nöqtəsində bütün əməliyyatları tənzimləyəcək qayda, şərt və prosedurların tam dəstini müəyyən edir. Şirkətin açıqlamasında o da bildirilir ki, hər iki ötürmə sistemi operatoru kommersiya istismarına başladıqdan sonra qoşulma nöqtəsində təhlükəsiz, etibarlı və səmərəli uyğunluq təmin ediləcək. Xatırladaq ki, IGB-nin illik nəqletmə gücü 3 milyard kubmetr təşkil edir. Gələcəkdə isə bu göstəricini 5 milyard kubmetrə qədər artırmaq üçün imkanlar mövcuddur.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Ümumilikdə isə, artıq Azərbaycan qazının alıcılarının sayı 10-a çatıb ki, bunun da 8-i Avropa ölkəsidir. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP kəməri ilə Avropaya nəqlinə isə 2020-ci il dekabrın 31-də başlanılıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropaya çıxarmaq imkanı qazanıb. Eyni zamanda, dünyada təbii qazın ən iri idxalçısı sayılan Avropanın enerji bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını da şaxələndirməyə nail olub.

Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən “Trans-Adriatik Qaz Boru Kəməri” layihəsi 11 il əvvəl həyata vəsiqə alıb. Kəmərin tikintisi 2020-ci ilin oktyabrında başa çatdırılıb. TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.



İqtisadiyyat