12 Avqust Xəzər Günü münasibətilə Dənizkənarı Milli Parkda dənizin ekoloji durumuna həsr olunan maarifləndirici aksiya keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XQ-yə bildirilib ki, qurumun nümayəndələri və ekspertlər Xəzər dənizinin səviyyə tərəddüdləri, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”ndan irəli gələn vəzifələrin icrası vəziyyəti, Xəzərin hidrometeorologiyası, Xəzər dənizində aparılan ekspedisiyalar, dənizin çirklənmə səbəbləri və qarşısının alınması istiqamətində görülmüş və görüləcək işlər barədə müzakirələr aparıblar.
Aksiyada milli parklar barədə məlumatlandırıcı guşələr, “Xəzər üçün birlikdə” devizini əks etdirən təqdimatlar nümayiş olunub, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər sahillərində keçirilən təmizlik aksiyaları ilə bağlı təşviqedici videoçarxlar iştirakçıların diqqətinə çatdırılıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov jurnalistlərə bildirib ki, Xəzər dənizinin qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur.
Rəis qeyd edib ki, səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni, onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlər ilə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər:
– Xəzər dənizinin səviyyə tərəddüdünün müşahidələri qədimdən aparılsa da, ilkin olaraq ölçü cihazı ilə sistemli müşahidə işləri 1837-ci ildən E.A.Lents tərəfindən Bakı şəhəri ətrafı dəniz sahəsindən həyata keçirilməyə başlanılıb. Bu sistemli müşahidələrin əsasında belə bir nəticəyə gəlmək olar ki, 1837-ci ildən XX əsrin 30-cu illərinədək Xəzərin səviyyəsində kəskin tərəddüdlər müşahidə edilməyib. 1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə 25,2 metr qeydə alınıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir.
Nazim Mahmudov sonda qeyd edib ki, səviyyə tərəddüdü, eyni zamanda, qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bütün Xəzəryanı ölkələr tərəfindən bu prosesin öyrənilməsi, gələcək iqlim ssenarilərin seçilməsi və uyğunlaşma tədbirlərinin işlənilməsi vacibdir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova isə mediaya açıqlamasında deyib:
– Xidmətin Xəzərdə apardığı hidrometeoroloji müşahidələr dənizin Azərbaycan sektorunda müxtəlif ərazilər üzrə yerləşdirilmiş ümumi 8 hidrometeoroloji müşahidə stansiya və məntəqəsi vasitəsilə həyata keçirilir. Stansiyaların 4-ü tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Həmin müşahidələr vasitəsilə dəniz suyunun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı və digər məlumatlar qeydə alınır.
Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə 1994-cü ildə yaradılmış Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi mütəmadi olaraq Xəzəryanı ölkələrin hidrometeoroloji məlumatlarının mübadiləsi işini və birgə koordinasiyalı fəaliyyətini təşkil edir. Bu da ölkəmiz üçün hidrometeoroloji müşahidə işlərinin daha dolğun və sistemli həyata keçirilməsinə imkan yaradır.
R.TAHİR
XQ