Bu gün bəşəriyyətin üzləşdiyi iqlim dəyişikliyi problemi inkişaf etməkdə olan dövlətlərdə dağıdıcı nəticələrə səbəb olmaqla yanaşı, onilliklər ərzində qlobal inkişaf çərçivəsində reallaşan uğurlar üçün də təhlükə yaradır.
Artan geosiyasi gərginliklər və beynəlxalq müstəvidə müşahidə olunan qeyri-müəyyənliklər fonunda çağdaş dünyamızın ən böyük transmilli probleminə çevrilən iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq birgə əməkdaşlığına zəruri ehtiyac duyulur. Ona görə də bu mübarizədə müştərək öhdəlik, mənəvi borc və dayanıqlı inkişaf kimi prinsiplər dünyanın yararlanacağı fürsət kimi qəbul edilir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, COP29 həm Paris Sazişi, həm də qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq. Azərbaycanın noyabrda evsahibliyi edəcəyi konfransda da əsas diqqət iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) yönəldiləcək. Şübhəsiz ki, bu zaman 1,5°C hədəfi diqqətdə saxlanılacaq və COP28-in nəticələrini barədə ətraflı danışılacaq. Bir sözlə, COP29 bu məsələri əhatə etməklə şəffaf, obyektiv, inkluziv və tərəflərin idarə etdiyi şəkildə həyata keçiriləcək, 1,5°C hədəfinə hamılıqla nail olmaq üçün bir çox kəsişən müstəvilərdə birgə və ahəngdar iş nümayiş etdiriləcək.
Şübhəsiz ki, COP29-a evshibliyi edən Azərbaycan iqlimlə bağlı müzakirələrə daha çox diqqətlə yanaşacaq, qlobal, regional, milli və sub-milli qrupları da bu prosesə cəlb etmək, dayanıqlı inkişafı hərtərəfli nəzərdən keçirmək və inklüziv nəticələri gerçəkləşdirən inklüziv proses çərçivəsində bütün demoqrafik qruplara həssas münasibət göstərəcək.
Azərbaycanın COP29-a evshibliyi edəcəyi qərarı verilən ilk günlərdən ölkəmizdə ən ümdə prioritetin iqlim maliyyəsi olduğu bildirilib və iqlim fəaliyyətinin uğurla yerinə yetirilməsində etimad və həmrəyliyin əldə olunması, eləcə də mövcud sahədə inkişaf tempinin artırılması kimi əhəmiyyətli prinsiplər önə çəkilib.
Ekspertlərin fikrincə, bütün ölkələr Paris sazişinə uyğun şəkildə və qlobal baxış əsasında mümkün ən yüksək ambisiyaya can atmalıdırlar. İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməsi isə onları öz fəaliyyətləri çərçivəsində daha yüksək ambisiyalara sövq edəcək. Azərbaycan COP tərəfdaşları ilə birlikdə artıq iqlimlə bağlı ümumi maliyyə daxilolmalarını xeyli artırmalı və inkişaf etməkdə olan ölkələrə zəruri dəstəyi təmin etməlidir.
COP29 sədrliyinin başlıca danışıq prinsipi inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərini nəzərə alaraq, problemin miqyasına uyğun iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasıdır. Bu sahəyə yönəldilən səylər mövcud olan resursların tam miqyas və potensialını əhatə etməlidir.
Ədalətli və iddialı yeni iqlim maliyyə hədəfini müəyyənləşdirmək, inkişaf etməkdə olan ölkələrin iglim inkişafı gündəliyinin ehtiyaclarını qarşılamaq və Paris Sazişinə olan etimadı bərpa etmək üçün Bakıda keçiriləcək COP29 tədbiri nüfuzlu platforma kimi beynəlxalq aləmdə diqqət çəkəcəyi gözlənilir. İqlim maliyyəsi üzrə hədəfin bu il qəbul edilməsi üçün Böyuk İyirmiliyin müstəsna rol oynayacağına da böyük ümid bəslənilir.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycan mediasına müsahibəsində Bakıda keçirilən COP29-da zəngin, eləcə də aşağı gəlirli ölkələrin, həmçinin Şimal və Cənubun iqlim dəyişikliyinin qlobal problemini həll etmək üçün bir araya gəlmələrinin zəruriliyini vurğulayıb.
İcraçı direktor daha sonra COP29 ilə bağlı gözləntilərin hər gün artdığını, ölkələr arasında maliyyələşmə ilə bağlı konsensusa gəlmək kimi bir məqsədin diqqət mərkəzində saxlanıldığını bildirib.
F.Birol qeyd edib ki, COP29-da əsas məqsədlərdən biri metan emissiyalarının azaldılmasına yönəlmiş addımlarda konkret nəticələrə nail olmaq, qlobal akkumulyatorun inkişafına və qlobal şəbəkə hədəfinə nail olmaqdır: “Bunlar iki fərqli istiqamətdir. Birincisi, maliyyələşdirmə ilə bağlı konsensusa nail olmaq cəhdi, ikincisi isə COP28-də əldə edilən uğurun inkişaf edilməsidir. Hazırda biz Bakıda növbəti konkret hansı məqsədlərin razılaşdırıla biləcəyini müzakirə etməyə hazırlaşırıq. Tədbirdən bir müddət əvvəl Beynəlxalq Enerji Agentliyi COP28-in necə irəlilədiyi və bu tendensiyaların daha davamlı olması üçün COP29-da nə edilməli olduğu barədə hesabat təqdim etməyə hazırlaşır”.
İcraçı direktorun belə bir fikir bildirməsinə səbəb COP28-in bərpaolunan enerji tutumunun üçqat artırılması və ikiqat enerji səmərəliliyi haqqında qərarının icrası ilə bağlıdır. Eyni zamanda, enerji sistemlərini təhlükəsiz etmək və batareyalar, şəbəkələr və hansı əlavə konkret tədbirlərin lazım olduğunu müəyyənləşdirməklə iqlim məqsədlərini reallaşdırmaq yolunda uğurlu addımlar atmaqdır.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru hesab edir ki, iqlim maliyyəsi bütün problemlərin “sinir mərkəzi”dir: “Cari il dünyada təmiz enerjinin maliyyələşdirilməsinə, təxminən, 2 trilyon dollar sərmayə qoyulacaq. Bu, kifayət qədər yaxşı göstərici olmasa da, ümüdvericidir. Problem isə ondadır ki, bu 2 trilyon dolların, təxminən, 85 faizi inkişaf etmiş iqtisadiyyatlara və Çinə yatırılır. Yalnız 15 faizi dünya əhalisinin üçdə ikisindən çoxunun yaşadığı inkişaf etməkdə olan ölkələrə sərmayə qoyulur. Deməli, burada ciddi problem var. Buna görə də tərəflərin inkişaf etməkdə olan ölkələr üçün təmiz enerjinin maliyyələşdirilməsinə zəmanət verməyə razılaşdıqları bir mexanizm hazırlanmalıdır. Bu, gerçəkləşdirilməsə, iqlimlə bağlı məqsədlərə çatmaq şansı olmayacaq”.
F.Birolun bu fikrinə əsaslanıb demək olar ki, təkcə inkişaf etmiş iqtisadiyyatlarda və Çində iqlim maliyyəsini artırmaqla problemləri həll etmək olmaz. Asiya, Afrika və Latın Amerikasında böyük miqdarda emissiya var. Ona görə də həm COP29-da, həm də COP30-da maliyyələşdirməyə diqqət yetirilməlidir.
Ümumiyyətlə, bütün ölkələr yeni milli səviyyədə töhfələr verməli, 2035-ci ilə qədər nə edəcəklərini bildirməli, qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədinə çatmaq üçün kifayət qədər iddialı olmalıdırlar.
Şübhəsiz ki, COP29 bu məsələdə mühüm rol oynayacaq. Məhz buna görə, Beynəlxalq Enerji Agentliyi milli səviyyədə müəyyən olunan töhfələri inkişaf etdirmək üçün tərəflər arasında səmərəli müzakirələri gerçəkləşdirmək üçün COP29 Sədrliyini dəstəkləmək qərarına gəlib.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru sonda qeyd edib ki, COP29-da zəngin, eləcə də aşağı gəlirli ölkələrin, Şimal və Cənubun iqlim dəyişikliyi kimi qlobal bir problemin öhdəsindən gəlmək üçün onların bir araya gəlməsini görmək istəyir: “Bu, dünyaya bir çağırışdır. Əgər biz geosiyasi parçalanmaları, fikir ayrılıqlarını bir kənara qoyub diqqəti qlobal məsələyə yönəldə və bəzi konkret qərarlar qəbul edib konkret məqsədlər üzərində razılaşa bilsək, COP29 tarixdə uğurlu mərhələ kimi yadda qalacaq”.
XQ