Sosial xəbərlər

post-img

Füzulidə növbəti əmək yarmarkası 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki,  Dövlət Məşğulluq Agentliyi avqustun 6-da Füzuli şəhərində növbəti əmək yarmarkası təşkil edib. Tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilib. 

İşəgötürənlərin iştirakı ilə keçirilən görüşdə onlara işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirləri, dəstək  layihələri barədə ətraflı təqdimat edilib. Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 20 işəgötürən tərəfindən 300-ə yaxın vakansiya təqdim olunub. Müraciət edənlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Sonra onlara agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat verilib. 

Zorakılıq qurbanlarına himayədarlıq

Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 52 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 30 nəfəri uşaqlardır. 

Agentliyin müvafiq müəssisəsində fəaliyyət göstərən məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində fərdi iş planı üzrə həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb. 

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Şöbəyə qəbul edilən şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.  

Hazırda qeyd edilən şöbədə 6-sı uşaq olmaqla 10 şəxsə xidmətlər göstərilir. 

Əlil gənclər əməyə hazırlanır

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində hazırda 160-dək gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.  

Onlardan 112-si müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 50-yə yaxın şəxs isə sosial reabilitasiya xidmətlərinə cəlb olunub.

Ümumilikdə, bu il əlilliyi olan 333, ötən dövrdə isə 3 min 268 gənc mərkəzin xidmətlərindən yararlanıb. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar. Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Cari ildə mərkəzdən 20-dək gənc bu proqramlara cəlb edilib. 

Məşğulluğa dəstək kursları 

 Dövlət Məşğulluq Agentliyi 600 şəxsi peşə hazırlıq kurslarına cəlb edib.  Onlardan 300 nəfərinə agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, qalanları üçün özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ərzaq və qeyri-ərzaq mallarının satıcısı, mühasib, sosial media mütəxəssisi, tikiş avadanlıqlarının operatoru, tikişçi, aşpaz, dərzi, elektrik qaz qaynaqçısı və s. peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

Kursların sonunda məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

Yeni peşə və ixtisas standartları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onu da bildiriblər ki, qurum bu il daha 170 peşə və ixtisas standartı hazırlayaraq təsdiq edib. İlin sonunadək daha 100-ə yaxın  standartın hazırlanıb təsdiqlənməsi nəzərdə tutulub.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmunu və əmək şəraiti ilə bağlı minimum tələblərin məcmusu, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əhatə edir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında həmin standartlar əsas baza hesab edilir.

Son 5 ildə 1200-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilib.

Z.BAYRAM
XQ

 





Sosial həyat