ABŞ-də prezident seçkilərində kim qalib gələcək? Sorğu anketlərinin çoxu bu suala birmənalı cavab verə bilmir. Donald Tramp və Kamala Harris arasında başabaş mübarizə gedir.
Mübarizənin son mərhələsində ABŞ-nin Pensilvaniya, Corciya, Miçiqan ştatlarındakı seçicilərin həlledici rol oynayacağı qeyd edilir Dünyanın gələcək taleyinin bu seçkilərdən asılı olacağını düşünənlər haqlıdır. Bu mənada nəinki ABŞ-də, hətta onun sərhədlərindən kənarda ciddi gözləntilər var.
Prezidentin kim olacağı sualı Ermənistan və dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin də əsas mövzusudur. Xüsusən də Amerikada yaşayan ermənilərin seçiminin kim olacağı ilə əlaqədar fərqli fikirlər səsləndirilməkdədir. Erməni təşkilatları özlərini elə aparır ki, sanki seçkinin taleyi onların kimə səs verməsindən asılıdır. ABŞ ermənilərinin əsas təşkilatlarından olan “Haydad” bir neçə ay əvvəl prezidentliyə namizədlər Tramp və Baydenə müraciət qəbul etmişdir. Həmin sənəddə seçiləcək prezidentdən Azərbaycana qarşı sanksiyaların tətbiq etməsi, Qarabağ ermənilərinin “təhlükəsiz geri dönüşü”, erməni qaçqınlara “humanitar yardımlar”ın edilməsi və s. məsələlər tələb edilir.
Əlbəttə, müraciətdə Türkiyəyə də basqıların artırılması nəzərdə tutulub. Ermənilər bu saxta yolla demək istəyirlər ki, hansı namizəd onların tələbləri istiqamətində addımlar atsa, Amerika erməniləri onun yanında olacaqlar, yəni seçkilərdə ona səs verəcəklər. Bu, müraciəti müstəqil ekspertlər “başından böyük bəyanat” adlandırmışlar və haqlı olaraq sual verilmişdilər ki, bu ölkədə nə qədər erməni yaşayır ki, onların səsi həlledici olsun. Ermənilərin ABŞ-də sayı ilə əlaqədar Ermənistanın özündə belə dəqiq rəqəm yoxdur, deyək ki, bəzi ermənilərin dediyi kimi, hayların sayı ölkədə 500 min–1 milyon arasındadır. Bu rəqəmin qəsdən şişirdilməsi ənənəvi erməni xəstəliyi olduğu unudulmamalıdır.
Bu, öz yerində, amma nəzərə alınmalıdır ki, Amerika ermənilərinin səsi seçkilərdə həlledici ola bilməz. Amerikada seçkilərdə səsvermə hüququ olan 244 milyon insan var. Bu rəqəmin qarşısında erməni seçicisi amili cılız görünür. Bəllidir ki, ermənilərin daha çox məskunlaşdığı Kaliforniya ştatından ənənəvi olaraq səslər demokratlara verilir və bu dəfə də rəy sorğularında Kaliforniya “demokratların qalası” olaraq qalmışdır. Burada yaşayan amerikanlılarla birlikdə erməni seçicilər artıq seçimlərini ediblər. Digər ştatlarda yaşayan erməni seçicilərin sayı isə olduqca azdır və bəzi yerlərdə hətta onları Ermənistan, “erməni məsələsi” maraqlandırmır.
Seçki ərəfəsində Harris və Trampın erməni əhaliyə müraciətləri olmuşdu, ənənəvi təbliğat üsulu bu ölkədə yaşayan müsəlman əhali üçün də edilmişdi. Harris sələfi Baydenin xəttini davam etdirərək Ermənistanın müstəqillik günü münasibətilə bu ölkənin rəhbərinə göndərdiyi məktubunu yenə “erməni soyqırımı”, Azərbaycana yardımların kəsilməsi, sanksiyalar tətbiq edilməsi, Dağlıq Qarabağı tərk etmiş ermənilərin “təhlükəsiz geri dönüşü”, Ermənistanın ərazi bütövlüyünün qorunması və Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyi və s. həqiqəti əks etdirməyən məsələlər üzərində qurulmuşdu.
Onun rəqibi Tramp da özünün sosial şəbəkəsindən ermənilərlə bağlı buna bənzər fikirlər səsləndirmişdi. Bunların heç biri əslində ermənilərdən səs almaq məqsədi ilə edilmir, Amerikanın xüsusi dövlət maraqları vardır və hansısa əhali qrupunun istəklərinə uyğun formalaşdırılmır. İndi ABŞ-ni biz Cənubi Qafqaz bölgəsində aktiv siyasət yürüdən dövlət kimi görürüksə, bu Vaşinqtonun dövləti maraqlarından, siyasi və hərbi doktrinasından qaynaqlanır. Ermənilərin xahiş-minnətinin, tələblərinin nəticəsi deyildir. Amerikanın bölgədə aktivliyinə bu gün onun Rusiya ilə bağlı illərlə formalaşdırdığı strategiyanın obyektivindən baxılmalıdır. Amerika açıq şəkildə Rusiyanı bölgədən çıxarmaq və onu zəiflətmək siyasətini dövrəyə buraxıb və müxtəlif vasitələrlə buna nail olmaq istəyir.
Bu məsələdə ermənilər vasitə hesab edilirmi? Demək, çətindir. Ermənilər də bilirlər ki, əgər Tramp seçilərsə, onun dünyada baş verən münaqişələri, savaşları dayandırma siyasəti nəticə verərsə, öncə Ukrayna–Rusiya müharibəsinin dayandırılmasına yol açılacaq və bu səbəbdən Moskvanın Cənibi Qafqazda aktivliyi artacaq, Yaxın Şərqdə durum dəyişəcək. Bunu Ermənistan və onların xaricdəki təşkilatları, erməni icmaları istəmirlər. Çünki son illər ərzində Ermənistan açıq şəkildə vektor dəyişikliyi edərək Rusiyaya münasibətdə bəzi Azərbaycana düşmənçilik edən Qərb dövlətləri və Amerika ilə eyni cəbhədə yer almağa çalışıb. Tramp seçilərsə, plan suya düşmüş olacaq. Bu səbəbdən ermənilər Harrisin tərəfdarı kimiu görünməyə başalayıblar, amma ehtiyatı da əldən vermədən, bəzən Tarmpı da tərifləməyə çalışırlar.
Ermənilər Trampın prezidentliyi dönəmində ona yaxınlaşmaq problemi ilə üzləşmişdilər. O vaxtkı prezident Serj Sarkisyan Trampı təbrik etmək üçün vasitəçi axtarmışdı və Ermənistanda hələ də bu hadisəni lağa qoyurlar. Erməni politoloqların fikrincə, elə indinin özündə də Trampın seçilməsi durumunda ermənilər nə edəcəklərini siyasi olaraq işləyib hazırlaya bilməyiblər. Haylar Trampın seçilməsi durumunda onların Harris tərəfdarı kimi zərbələr alacaqlarından qorxurlar və bu, son günlər Ermənistanda aparılan polemikalara da sirayət etmişdir.
Məsələn, bir televiziya müsahibəsində politoloq Hakop Badalyan deyir ki, ermənilərin Harris tərəfdarı kimi çıxış etmələri yanlışdır, “hələ biz bilmirik ki, Harris seçilərsə, o nə dərəcədə öz sözünü tutacaq, Ermənistanın maraqlarından hansı səviyyədə çıxış edəcək? 2020-ci il savaşı Trampın prezidenliyinin son dövründə olmuşdu və ondan sonrakı dönəmdə Bayden hakimiyyəti dövründə də Ağ evin siyasəti dəyişməmişdi. 2023-cü ilin sentyabrında Dağlıq Qarabağı ermənilər könüllü tərk edərkən Bayden hakimiyyətdə idi...”
Bu, o deməkdir ki, bəzi məqamlarda Amerikanın prezidentləri belə dövlətin seçdiyi xətti dəyişdirə bilmirlər. ABŞ hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bütün baş verənləri ermənilər istəyir deyə qanunsuzluq adlandıra bilməzdi. Harris seçilsə belə ABŞ dövlətinin bu siyasəti dəyişə bilməz, bölgədə Azərbaycanın oynadığı rolun necə əhəmiyyətli olduğunu bu ölkədə yaxşı anlayırlar. Eyni vaxtda bu seçkilərlə Amerikanın qanunverici orqanları da dəyişəcək, Konqresin yuxarı və aşağı palatalarına yeni adamlar gələcək. Erməniləri narahat edən odur ki, seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, artıq Senatda və Konqresdə Nensi Pelosi, Menendes, Adam Şiff kimi ermənilərin maliyyəsi ilə lobbi fəaliyyəti göstərən, erməni maraqlarına xidmət edən adamlar olmayacaq. Amerika siyasi elitasında nəsil dəyişikliyi baş verir. Konqresmenlerin, demək olar ki, çoxu dəyişəcək.
Amerika erməni icması bu seçkilərdə ciddi rol oynaya bilməz. Ermənistan dövlətinin özü Amerika erməni təşkilatları ilə əlaqələr baxımından aktiv rol ala bilmir. Diaspora ilə Ermənistan hakimiyyətinin arasında ciddi fikir ayrılıqları var. Ermənistandan gələn “tapşırıqlar” qulaqardına vurulur. Oradakı siyasiləşmiş qurumların bir hissəsi Paşinyan hakimiyyəti ilə problemlər yaşamaqdadır. Məsələn, Erməni İnqilabçı Federasiyası – Daşnaksutyun və Hnçak partiyaları Paşinyan hakimiyyətini legitim olaraq qəbul etmir. Paşinyanın hakimiyyətdən uzaqqlaşdırılmasına çalışırlar. Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi (ANCA) yerli erməni əhali arasında təsir gücünü itiriblər.
Azərbaycanın 2020-ci il Tarixi Zəfəri erməni təşkilatlarını da zəiflədib və bu təşkilatlar bölgədəki proseslərlə bağlı fərqli bəyanatlar verir, yuxarıda adları çəkilən hər iki siyasi qurumun ABŞ hakimiyyət orqanlarına əvvəlki illərdəki təsirləri yoxdur. Amerika erməni icmasının içərisində də bölünmələr var və seçkilərdə Tramp və Harrisin qələbəsinə özlərinin gündəlik qayğılarından, şəxsi maraqlarından baxırlar.
Erməni təşkilatlarının Amerika cəmiyyətində rolunun azaldığını Ermənistanda onunla əlaqələndirirlər ki, bu ölkədəki siyasi qurumlarla əlaqələr zəifləmişdir. Erməni lobbiçilərinin çoxu bu ölkədəki köklü qurumla, Daşnaksutyunla sıx əlaqədə idilər, həmin qrup isə Ermənistan hakimiyyətindən göstəriş və dəstək almır. Amerika erməni diasporu əvvəlki təsir imkanlarını həyata keçirə bilmir.
Bu mənada ABŞ-dəki sabah keçiriləcək seçkilərdə namizədlər erməni icmalarına mühüm amil kimi baxmırlar. Bir sözlə, okeanın o tayında səsvermədə kimin qalib gəlməsindən asılı olmayaraq ermənilər nə Amerikada, nə də bölgəmizdə məkrli planlarını həyata keçirə bilməyəcəklər...
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri