Ermənistanın Azərbaycandan mavi yanacaq almaq arzusunun arxasında gizlənən gerçəklər
Hazırda Rusiya Ermənistana qazı güzəştli şərtlərlə satır və bu, Moskvanın İrəvana çoxdankı təzyiq rıçaqlarından biri hesab olunur. Kremlin Nikol Paşinyana məlum münasibətinə baxmayaraq, “Qazprom” İrəvanı qazın qiymətini artıracağı ilə hədələməkdən çəkinir. Çünki belə bir addım Ermənistanı İrandan təbii qazın idxalını artırmağa və buna müvafiq olaraq, Rusiya yanacağından qismən imtinasına gətirib çıxara bilər.
Qeyd edək ki, Nikol Paşinyanın ayyarım bundan əvvəlki təklifinə rəsmi Bakı hələlik münasibət bildirməyib. Yerli ekspertlərin fikrincə, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra Ermənistana qaz nəqli məsələsi, həqiqətən də, aktuallaşa bilər. Hazırda Ermənistanın qaza olan tələbatının əhəmiyyətli hissəsini Rusiya ödəyir. Üstəlik, İran hər il Ermənistana elektrik enerjisi istehsalı üçün istifadə olunan bir neçə yüz milyon kubmetr “mavi yanacaq” verir. Eyni zamanda, Ermənistanda elektrik enerjisinin istehsalı və bölüşdürülməsi də Rusiyanın nəzarətindədir və daxili qaz kəmərləri sistemi əvvəlki hakimiyyətin dövründə rus inhisarçısı “Qazprom”un mülkiyyətinə keçib.
Göründüyü kimi, Ermənistan gələcəkdə Rusiyanın əlindəki təzyiq alətindən qurtulmaq barədə düşünür və bu məsələdə onun əsas ümidi ...Azərbaycanla bağlıdır. Yəni, Ermənistanın hazırkı rəhbərliyi Rusiyadan iqtisadi və enerji asılılığını azaltmağa və mümkünsə, tamamilə aradan qaldırmağa çalışır. Və bu kontekstdə Azərbaycan coğrafi baxımdan Ermənistandan ötrü qaz tədarükünü şaxələndirmək üçün ən əlverişli mənbədir.
* * *
Gələcəkdə Azərbaycandan təbii qazın nəqli məsələsi Ermənistan daxilində müzakirə olunan əsas mövzulardan birinə çevrilib. Bu günlərdə “Qazprom Armeniya”nın İrəvanda təşkil etdiyi “Enerji prosesləri: region” mövzusunda seminarda bu məsələ rəsmilərin və müstəqil ekspertlərin iştirakı ilə ölkənin enerji təhlükəsizliyi kontekstində müzakirə olunub. Seminarda çıxış edən energetika üzrə ekspert Armen Manvelyan qeyd edib ki, Qazax–İrəvan qaz kəməri bərpa olunsa belə Azərbaycan sırf iqtisadi baxımdan Ermənistana qaz satmaqda maraqlı olmayacaq: “Çünki Bakı qazı Avropaya daha yüksək qiymətlə satmağa üstünlük verir. Məsələn, onlar Türkiyəyə qazın min kubmetrini 290-320 dollara satırlar, Ermənistan isə Rusiyadan qazın min kubmetrini cəmi 165 dollara alır”. Əslində, hay ekspert bu açıqlaması ilə Paşinyan iqtidarının irəli sürdüyü ideyanın siyasi çalardan heç də məhrum olmadığını təsdiqləyib.
Oxuculara xatırladaq ki, 2023-cü ildə Azərbaycan 30 milyard kubmetrə yaxın qaz hasil edib ki, bunun da 22 milyardı Gürcüstan ərazisindən keçən və “British Petroleum” (BP) tərəfindən idarə olunan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ixrac edilib. Təbii yanacağın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr) verilir, 16 milyard kubmetri Yunanıstan və Bolqarıstana, digər hissəsi – təxminən 8-10 milyard kubmetri isə Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya gedir.
“Enerji prosesləri: region” seminarında çıxış edən “Qazprom Ermənistan”ın baş direktoru Aşot Akopyan qeyd edib ki, texniki baxımdan Qazax–İrəvan qaz kəmərinin bərpası tamamilə real məsələdir. “Sovet dövründə Ermənistan bu kəmərlə qaz alırdı və o zaman onun inkişafı sayəsində 6 milyard kubmetrə qədər istehlak edirdi (müqayisə üçün qeyd edək ki, hazırda Ermənistana Rusiya və İrandan ümumi qaz idxalı ildə 2,5–2,7 milyard kubmetr təşkil edir – red.). İndi aydınlaşdırmaq lazımdır ki, Qazax–İrəvan xətti 1000 və 800 millimetr diametrli iki borudan ibarətdir və onun Ermənistan ərazisindən keçən hissəsindən hələ də daxili magistral kəmər kimi istifadə olunur. Texniki cəhətdən boruların yenidən birləşdirilməsi zaman məsələsidir” – deyə Aşot Akopyan bildirib. Bundan ötrü heç bir yeni texnologiyaya ehtiyac duyulmadığını vurğulayan “Qazprom Ermənistan”ın baş direktoru əsas sualın başqa müstəvidə həllinin vacibliyinə diqqəti çəkib.
* * *
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu hesab edir ki, qaz ideyasını irəli sürən Paşinyanın əsas məqsədi Rusiyadan asılılığı, ilk növbədə, enerji asılılığını azaltmaqdır. Bunun isə ən optimal və alternativ yolu təbii qazı Azərbaycandan almaqdır. Əslində, Azərbaycan rəsmiləri Ermənstana qaz nəql edilə biləcəyini istisna etmirlər. Biz Türkiyəyə, Gürcüstana və bu ölkələr üzərindən Avropaya da qaz satırıq. Yəni, eyni zamanda, qonşu Ermənistana da sata bilərik. Amma bunun gerçəkləşməsinin yeganə yolu İrəvanın Bakı ilə sülh sazişini imzalaması, Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratmasıdır. Əgər Paşinyan bu addımları atarsa, bəli, gələcəkdə münasibətlərin normallaşması fonunda Ermənistan da Azərbaycandan qaz ala bilər. Bu layihənin Azərbaycan üçün bir faydası da o olacaq ki, bu zaman Ermənistan müəyyən mənada bizim qazımızdan asılı vəziyyətə düşəcək. Oradakı daşnak-revanşist qüvvələr şovinist şüarlarından çəkinmək məcburiyyətində qalacaqlar. Başqa cür ola bilməz. Həm Azərbaycandan qaz al, həm ərazi bütövlüyümüzü təhdid edən iddialar ortaya qoy, həm də əleyhimizə şüarlar səsləndirir? Bu iki məsələnin bir arada olması mümkünsüzdür”.
E.Şahinoğlu bir daha vurğuladı ki, gələcəkdə bu məsələnin müsbət həlli üçün sülh sazişi imzalanmalıdır: “Bundan sonra İrəvan nəinki Azərbaycandan təbii qaz almaq şansını qazanar, eyni zamanda, regional layihələrə qoşulmaq imkanından da bəhrələnə bilər. Paşinyanın özü etiraf edib ki, Azərbaycan və Türkiyə ilə münasibətlər olmadığına görə Ermənistanın kənara nəqliyyat qovşağının yetmiş faizi dondurulub. Axı, onların əsas nəqliyyat yolu bu iki ölkədən keçir. Bunu anlayan Paşinyan Bakının tələbi çərçivəsində konstitusiya dəyişikliyinə getməli və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Yalnız bundan sonra Ermənistan həm regional nəqliyyat layihələrində iştirakı, həm də Azərbaycandan təbii qazın alınması məsələsini həll edə bilər”.
Əslində, Rusiya hazırda Ermənistana qazın min kubmetrini 165 dollara satırsa, “mavi yanacağı” Azərbaycandan tədarük etmək İrəvan üçün iqtisadi cəhətdən sərfəli görünməyə bilər. Amma bu məsələyə Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq, hətta ondan qurtulmaq istəyi kontekstində yanaşsaq, o zaman İrəvanın Azərbaycan qazını hətta bundan baha qiymətə almağa razılaşacağını nəzərdən qaçırmaq olmaz.
* * *
Hazırda Azərbaycan qazına daha çox ehtiyac duyan Avropadır. “Qoca qitə”yə təbii qazın daha qısa marşrutla – Ukrayna ərazisindən keçən kəmər vasitəsilə nəqli variantı nəzərdən keçirilməkdədir. Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu yöndə Azərbaycanla Avropa şirkətləri arasında mümkün qaz sövdələşməsi ilə bağlı yayılan məlumatları şərh edib. Kiyevin Rusiya ilə tranzit sazişindən imtina etdiyini xatırladan Peskov Ukraynanın qaz nəqli sistemi vasitəsilə “mavi yanacağ”ın Qərbə ixracına dair Avropa şirkətləri ilə Azərbaycan arasında mümkün sövdələşmə ətrafında müzakirələrin inkişafını proqnozlaşdırmaqdan imtina edib. Amma jurnalistlər Rusiya Prezidentinin mətbuat katibindən Avropa şirkətlərinin Azərbaycanla müvafiq sövdələşməyə yaxın olması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməyi təkidlə xahiş edəndə Peskov belə deyib: “Aydındır, biz vəziyyəti bilirik. Onu da nəzərinizə çatdırım ki, Rusiya Prezidenti Kazanda keçirdiyi mətbuat konfransında bu barədə danışıb. Orada, əslində, qazın nəqli ilə bağlı müqavilənin bu ilin sonunda başa çatacağı ilə bağlı sual qaldırıldı. Və hadisələrin bundan sonra necə cərəyan edəcəyini, Avropaya tədarükün bundan sonra necə təmin ediləcəyini, Ukraynanın artıq bu sazişi uzatmaqdan imtina etdiyini bildirdiyini nəzərə alsaq, indi heç nə deyə bilmərəm”.
Mövzuya yekun olaraq onu da bildirək ki, Macarıstan və Slovakiya Ukrayna kəməri vasitəsilə Rusiya qazını Azərbaycan qazı ilə əvəz etməyə hazır olduqlarını bəyan ediblər...
Beləliklə, enerji daşıyıcılarının sülhün təminatçısı qismində çıxış etməsi günün reallığıdır. Deyəsən, bunu gec də olsa, İrəvanda da başa düşüblər...
İmran BƏDİRXANLI
XQ