Qarışqa xəritəsi

post-img

Honq-Konq Universitetinin ekoloqları və onların yaponiyalı həmkarları həşəratların – qarışqaların böyük qrupu üçün qlobal biocoğrafi regionların xəritəsini tərtib ediblər. Niyə qarışqaları? Alimlər deyirlər ki, qarışqalar digər həşəratlarla müqayisədə daha çox yayılıblar. Onların kütləsi, son hesablamalara görə, Yerdəki bütün vəhşi quşların və məməlilərin kütləsindən iki dəfə çoxdur. Bundan əlavə, qarışqalar yaxşı sənədləşdirilib, onların, təxminən, 16 min növü ­məlumdur.

Nəticədə, ortaya çıxan xəritə dünyada yeganə sayılır və qarışqaların qlobal ərazinin 9 böyük biocoğrafi “krallığa” ­bölündüyünü göstərir. Maraqlıdır ki, bu, əsasən, bitkilərin paylanması ilə üst-üstə düşür – bütün bunlar yaxın ekoloji və təkamül əlaqələri sayəsindədir. Məsələn, qarışqalar on minlərlə çiçəyin toxumlarının səpələnməsinə kömək edir və çiçəklərin bir çox başqa növlərini ot yeyənlərdən qoruyur. Maraqlıdır ki, onurğalılarda belə bir əlaqə yoxdur.

Qarışqalar barədə daha bir qeyri-adi fakt aşkarlanıb. Bu yaxınlarda həvəskarlar “Picotaur” adlı qarışqa ölçüsündə yeni robot yaradıblar. O, qaçmağı, dönməyi, yükləri itələməyi, miniatür pilləkənləri qalxmağı və çətin əldə edilən yerlərə girməyi bacarır.

XQ

Dünya