Təkliyi tək qalsın...

post-img

Sübh çağının sirli aləmi...

Qədərimdə ömrün ləpədöyənində bir qaynar yayı doğma yurdda yaşamaq qisməti də varmış... Həmin günlərin mənə verdiyi dərs bu oldu ki, özünü aldada-aldada yaşamaqdan dəhşətli şey yoxdur.

Dan yerinin firuzəyi-çəhrayı rəngə boyandığı və sübhün sirli, mübhəm anları, əslində, ilahi bir məqamdı. Sanki, dünyanın üzünə bir sirr pərdəsi çəkilib. Və bu sirrin, gizlinin arxasında hansı varlıqsa sənə göz qoyur,  hansı hikmətisə başa salmağa çalışır. Sənsə o hikməti ağlın yetdiyi qədər dərk edir, duyur və bu dünyanın faniliyini dönə-dönə xatırlayırsan.

Mən o anlarda tez-tez daş pilləkəndə oturub sonlanmaqda olan gecədə parça-parça yaşadığım yuxunu yozmağa çalışırdım. Yuxu da çox sirli bir şeydi. Görürsən, həsrətində olduğun insanla görüşürsən, söhbətləşirsən və qəfil ayılıb gördüklərinin röya olduğunu biləndə göynəyə-göynəyə vurnuxursan...

Böyük insanlardan ibn-Haldun deyir ki, zaman insanın duyğuları ilə ölçülür – gözləyəndə yavaşıyır, gecikəndə sürət alır, üzüləndə canını yandırır, acı çəkəndə bitmək bilmir, darıxanda uzanır, xoşbəxt olanda isə qısalır.

O sərin sübh çağında nədən, haradan başlayıb harayadək “yüyürdümsə” nisgil dolu ürəyim mənə bu məlum həqiqəti  dönə-dönə  xatırlatdı: “ötən günə gün çatmaz...”

Bir azdan dan yeri qızaracaq. Günəşin şəfəqləri dünyanı oyadacaq. Təbiətin ahəngi, səsi dəyişəcək. İnsanlar məhsul dalınca, qarışqalar yem dalınca torpağa səpələnəcək, quşlar bağlara, tarlalara, bostanlara uçacaq.  Mən isə Günəş gülümsəyənədək evin həndəvərində işləyəcək, illər əvvəl qaldırılmış şum yerində ləklər düzəltməyə, nar ağaclarını suvarmağa çalışacağam.

Bu o məkandır ki, mən tələbə olanda atamgil orada tərəvəz əkmişdilər. Tətil günlərində qardaşlarıma kömək üçün mən də o kiçik bostanda işləyirdim. Bir gün atam becərdiyim tağlara baxıb dedi ki, torpağı çox sevdiyini bilirəm. Heyf ki, oxuyub kənddən çıxacaqsan. Təəssüf ki, atam deyən kimi oldu və ömrümü, nənəmin dediyi kimi, “kağız qaralamaqla” keçirdim...

 Sonra hücrəmə çəkilib səhər yeməyimi yeyəcəm. Açıq pəncərədən süzülən günəş şüaları çöhrəmi sığallayacaq, gözlərimə dolacaq...Elə süfrə qarşısında fikir yenə məni çəkib uzaqlara aparacaq. Darıxmamaq üçün gün qızanadək əlimdə ağac uşaqlığım keçən yollara çıxacağam...

Həyətimdə bir dovşan var. Hər gün günəş batandan sonra gəlib evin qarşısındakı işığın altında çömbəlir. Duruşundan, hərəkətlərindən belə başa düşürəm ki, təkdir, mənə sığınıb. 

Təklik pis və ağırdı. “Təkliyi tək qalsın görüm dünyada!”

Səməd Məlikzadə 

 

Sosial həyat