Almaniya Koreya yarımadasında

post-img

NATO ölkələrinin bölgədə fəallığı Pxenyanı narahat edir

Almaniyanın müdafiə naziri Boris Pistorius Hind-Sakit okean regionuna bir ilə yaxın fasilələrlə davam edən çoxmərhələli səfərini başa vurub. O, Sinqapur, İndoneziya, Hindistan, Tayland və Filippin kimi ölkələrə səfər edib. Lakin onun bu həftə Cənubi Koreyaya səfəri daha çox diqqət çəkib. Seula səfəri zamanı cənab Pistorius Almaniyanın Koreya Respublikasında ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığına (UNC) rəsmi olaraq qoşulduğunu açıqlayıb. Beləliklə, Almaniya komandanlığa qoşulan 18-ci ölkə olub.

Xatırladaq ki, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olmasından sonra və ABŞ-la keçmiş SSRİ arasındakı razılaşmaya uyğun olaraq, Koreya 38-ci paraleldən iki hissəyə - şimalda KXDR və cənubda Koreya Respublikasına bölünüb. Formal olaraq iki Koreya dövləti arasında 1950-1953-cü illər müharibəsi bitməyib. Buna görə də ayırıcı xətdə Birləşmiş Millətlər Təşkilatının (BMT) bayrağı altında çoxmillətli silahlı qüvvələr var və onlar Amerika komandanlığına təhvil verilib. UNC-in məqsədi sülhü bərpa etmək və atəşkəs müqaviləsini yerinə yetirmək, eyni zamanda, Şimali Koreya ilə əlaqə kanalı kimi xidmət göstərməkdir.

Cənubi Koreyanın Pxentxeke şəhərindəki UNC qərargahında keçirilən mərasimdə çıxış edən cənab Pistorius Berlinin Hind-Sakit okean regionunda sülh və təhlükəsizliyə sadiqliyini vurğulayıb. “Avropanın təhlükəsizliyi Hind-Sakit Okean regionu ilə sıx bağlıdır”, – deyən alman naziri ölkəsinin iki Koreya arasındakı sərhədin qorunmasına kömək edəcəyini bildirib: “Əminəm ki, xüsusən də belə vaxtda, dünyanın böhranlar və müharibələrlə formalaşdığı bir vaxtda biz birlik nümayiş etdirməliyik”. Cənab Pistorius əlavə edib ki, sülh və sabitliyi pozmaq istəyənlərlə, ümumi nizama zərbə vuranlarla qətiyyətlə mübarizə aparılmalıdır. O, həmçinin sentyabr ayından etibarən Almaniya Bundesverinin A319 müşahidə təyyarəsinin yarımada üzərində havadan monitorinq aparılmasında iştirak edəcəyini açıqlayıb. Cənab Pistoriusun sözlərinə görə, bu, silahlara nəzarət müqavilələrinin yerinə yetirilməsini havadan təmin etməyə zəmanət verəcək. 

Öz növbəsində, BMT-nin Koreyadakı qüvvələrinin komandanı, amerikalı general Pol Lakamera bildirib ki, Almaniyanın UNC-yə qoşulması “BMT Komandanlığı üçün mövcud perspektivləri və resursları şaxələndirir və bizim kollektiv bilik və imkanlarımızı genişləndirir”. Mərasimdə, həmçinin Danimarkanın Cənubi Koreyadakı səfiri Sven Ollinq iştirak edib. O, UNC-nin Almaniyanın 18-ci üzv olması ilə daha güclü olduğunu bildirib: “Biz Koreyada sülh və təhlükəsizliyi qorumaq missiyamızda əməkdaşlığı səbirsizliklə gözləyirik”.

“Focus” jurnalı xəbər verir ki, alman nazirin bölgəyə səfəri və bəyanatları KXDR hakimiyyətinin kəskin reaksiyasına səbəb olub. Pxenyanın fikrincə, Almaniyanın BMT-nin çoxmillətli silahlı qüvvələrində iştirakı regionda gərginliyi artırır. KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsinin nöqteyi-nəzərindən, Birləşmiş Ştatlar UNC-nin fəaliyyətini yenidən canlandırmağa çalışır, baxmayaraq ki, bu silahlı qüvvələr ötən əsrdə ləğv edilməli idi. Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ-nin məqsədi bu qüvvələri NATO-nun Asiya versiyasına çevirməkdir.

Almaniyanın Federal Xarici İşlər naziri Annalena Barbok Şimali Koreyanın iddialarına cavab verib. Onun sözlərinə görə, “Almaniya öz hərəkətləri ilə əksinə, Koreya yarımadasında sülh və sabitlik siqnalı verir və bu regionda alman faktorunun mövcudluğunu gücləndirir”. Xanım Barbok vurğulayıb ki, Almaniya üçün regionda qaydalara əsaslanan dünya nizamının qorunması prioritetdir.  İyul ayının sonunda cənab Pistorius Berlində NHK telekanalına müsahibəsində bildirmişdi ki, sabit Hind-Sakit Okean regionu dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki bu, naviqasiya azadlığını və dəniz zolaqlarının təhlükəsizliyini nəzərdə tutur. Nazir qeyd etmişdi ki, Çinin Hind-Sakit okean regionunda öz ərazilərini genişləndirmək cəhdlərinə ciddi diqqət yetirilməlidir. 

S.ELAY 
XQ

 

Dünya