Ey saqqalı ağarmışlar...

post-img

Bəlli ki, saqqalın ağlığı insanın ağsaqqal olması üçün yetərincə imtiyaz vermir. Çünki ağsaqqallıq elə bir bacarıqdır ki, bu, yaşa, savada, vəzifəyə, varlı və kasıb olmağa baxmaz. Bunun üçün, ilk növbədə, gərək sən hər kəsə, hər bir məsələyə haqqın, ədalətin gözü ilə baxasan, haqqı nahaqqın ayağına verməyəsən. Eyni zamanda, sözünlə əməlin bir olmalı, toplumu arxanca aparmağı bacarmalısan...

Köhnə kişilər alın təri ilə qazanılan bir tikə çörəyi, bir dadım duzu əyri yolla əldə edilən var-dövlətdən uca tutublar. Əlbəttə, bu, hər kəsə qismət olmayan xoşbəxtlikdir. Ancaq  atalar demiş: “halva, halva deməklə, ağız şirin olmur”, halvanın ortaya çıxması üçün gərək onun ununu, şəkərini qazanasan, üstəlik də yaxşı bişirməyi bacarasan...

Yox, halvanın bu söhbətə o qədər də dəxli yoxdur, məqamı düşdü dedik. Bir də hər gün, günaşırı kimdi halva yeyən. Dükan-bazarda bəyəm azdı köhnə, hansı yağla bişirildiyi məlum olmayan şirniyyat, al ötür içəri, axırı nə olar, olar!

Dünya yaman dəyişib. Yaxşılar, sözübütövlər, halal qazancı haramdan üstün tutanlar çox azalıb. Bunu, demək olar ki, hər gün hiss edirik. İndi əyri yolun yolçuları düzləri aldadıb düzdə qoyurlar və bununla fəxr edənlər də olur. Bir də görürsən ki, belə dələduzlar, cələqırmışlar hansı məclisdəsə oturub yekə-yekə danışır, təmiz, vicdanlı adamlar isə susurlar. Oradakı adamların əksəriyyəti də o yaramazın dediklərinə haqq qazandırır...

Halbuki, bəyənmədiyimiz Sovetin vaxtında belələri cəmiyyətdə keçmişin qalığı sayılırdı, rüşvətxorlar, alverçilər, dəllallar, falabaxanlar hökumət və əhali tərəfindən gözümçıxdıya salınırdı. Doğrudur, onda da əyri yolla qazanc əldə edən, dövlətin malını mənimsəyən, südə su qatan, çörəyin çəkisini azaldan vardı. Daha indiki qədər harınlayanlar, rüşvətxor olub düzlükdən danışan, taxta başıynan xalqa ağıl öyrətməyə çalışan, özü əxlaqsız olub ekranda namusdan danışan bu qədər yox idi...

Deyəsən, mətləbdən bir qədər yayındıq. Amma diqqətlə fikir verilsə, o deyilənlərin, dolayı yolla mövzuya dəxli var. Çünki təbiətdə hər olayın, dəyişimin, qabarma-çəkilmənin zəncirvari olaraq biri-birinə bağlılığını qəbul ediriksə, cəmiyyətdə də buna bənzər hadisələr – inkişaf, mənəvi aşınma, adət-ənənələrin zədələnməsi prosesləri gedir. 

Xalqın, toplumun həyatında böyük rol oynayan ağsaqqallıq da son onilliklərdə xeyli deformasiyaya uğrayıb. Bu, əlbəttə, indi daha çox cəmiyyətin, belə demək olarsa, bazar qanunları ilə idarə olunmasıyla və adət-ənənələrin aşınması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində respublikada taleyüklü məsələlərin həllində ağsaqqallara, xalqın inam bəslədiyi təcrübəli, qocaman insanlara arxalanırdı. Buna görə də bölgələrə səfərləri zamanı əmək qabaqcılları ilə görüşməklə yanaşı, həmin rayonun ağsaqqallarını da söhbətə dəvət edər, onların arzu-istəklərinin həyata keçirilməsinə xüsusi fikir verərdi. 

Bir vaxtlar ağsaqqallar xalqın xeyir-şərində öndə gedər, hətta bəzən qan davasının aradan qaldırılması üçün vəsilə olardılar. Çünki belə şəxslərin eldə-obada böyük nüfuzu vardı. Onlar təmənnasız insanlar idilər. İmkanları daxilində kasıblara əl tutar, yetim-yesirə babalıq edər, ev-ailə qurmaları üçün çox şeylərindən keçərdilər. Özü də etdiklərini elə-obaya görk etməz, heç yerdə dilə gətirməzdilər. Bəzən eşidərdin ki, bir ağsaqqal dünyasını dəyişməzdən əvvəl olub-qalanını hansısa fəqir-füqəraya verilməsini vəsiyyət edib. 

Türkiyənin tanınmış kino aktyoru var. Turqay Tanülkü. Çox mütəvazi bir ağsaqqaldı. Mən əvvəlcə onun filmlərdəki rollarını sevmişdim. Sən demə, bu insan həyatdakı əməllərinə görə daha böyük sevgiyə layiq imiş. Turqay bəy övladı olmadığına görə, cəza evindən çıxdıqdan sonra 26 uşaq və yeniyetməni övladlığa götürmüş, illərlə onların ehtiyaclarını qarşılamış, oxutmuşdur. Artıq həmin uşaqların 11nəfəri ailə qurmuş, ev-eşik sahibi olmuşdur. Və Turqay baba bu barədə, təxminən, iyirmi il heç yerdə, heç kəsə açıqlama verməmişdir...Özünün söylədiyinə görə, hazırda bu ailənin yüz nəfərdən çox üzvü var. Bax, insanlığa nümunə budur! Bu, həm də xalqına, Vətəninə xidmət edən bir ağsaqqalın ən gözəl, unudulmayacaq əməlidir.

...Bu günlərdə kənddə yas mərasiminə getmişdim. Orada olanların çoxunu tanıyırdım. Hacılar yuxarı başda oturmuşdular və sonradan gələn hacıları da çağırıb onların yanında yer eləyirdilər. Mənimlə yanaşı kənd məktəbinin müəllimi əyləşmişdi. Hər ikimiz sakit oturub məclisin gedişini izləyirdik. Arada müəllim mənə tərəf əyilib dedi ki, bu kəndin oxumuşları, ziyalısı bizik. Amma bizi sayıb, yuxarı başa dəvət eləmədilər. Halbuki dünənədək dələduzluq edən, sonradan pullanıb həccə gedənləri ağsaqqal sayırlar. Özü də görürsən, “yeddi eşşəkli xoca kimi” nə özlərini çəkib oturublar. Bunlar camaatın hansı dərdinə çarə olublar, hansı kimsəsizə əl tutublar? Biz heç, Yaqub kişi bu kənddə hər kəsə əlindən gələn köməyi edib, amma o da cavanların arasında oturub...

Deyilənlər həqiqət olsa da ona zarafatla cavab verdim:

– Müəllim, şəxsən mənim üçün bura daha rahatdı, siz də yuxarı başda oturmaq istəyirsizsə, həccə gedin...

Molla sözünü qurtarmamış söhbət başladı. Hərə bir məsələdən danışdı. Fatihə verilən kimi, durub yas sahibinə dil-ağış elədim, “son qəminiz olsun” deyib oradan uzaqlaşdım.

Evə çatanadək müəllimin sözlərini çox çək-çevir etdim. Kəndimin bir oğlu kimi özümü, əməllərimi mühakimə etdim. İllərlə elimdən-obamdan uzaq yaşadım, kəndimin problemlərinin həllinə əməlli-başlı köməyim dəymədi...Bu, mənim etirafımdır. 

Artıq saç-saqqalım ağarıb. Mən öz peşəmdə ağsaqqal oldum, amma doğulub boya-başa çatdığım kənddə ağsaqqal ola bilmədim.

Buna görə isə mən həmişə özümü qınamışam...

Qaldı ki, sən elin-obanın xeyri üçün dəyərli əməl sahibi deyilsənsə, özünü qına, yoxsa məclisin hansı başında otursan da, sənə el ağsaqqalı kimi baxmayacaqlar. Böyük Nizami gözəl yazıb: 

 

Çalış öz xalqının işinə yara,
Dünya əməlindən geysin zərxara.

Səməd Məlikzadə

 

Sosial həyat