Qarabağın gözəllikləri turizmə qucaq açır

post-img

İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi həyatına reinteqrasiyası turizmin inkişafı üçün də önəmli imkanlar yaradır. 

Qarabağ və Şərqi Zəngəzurda mövcud  turizm  resursların zənginliyi ölkə iqtisadiyyatının böyüməsi üçün bundan səmərəli şəkildə istifadəni zəruri edir. Təbii ehtiyatları, yerləşdiyi çoğrafi mövqeyi və xalqımıza məxsus mədəni irsin qədimliyi  bölgənin turizm əhəmiyyətini daha da artırır. 

Sahə mütəxəssisləri qeyd edirlər ki, turizmin iqtisadiyyatımıza müsbət təsiri baxımından Qarabağın bu sferada potensialı xüsusi önəm daşıyır. Son zamanlar dövlətimiz sözügedən bölgənin turizm sənayesinə cəlb edilməsi istiqamətində mühüm addımlar atır.  İşğaldan azad edilmiş Qarabağımzın tarixi görkəmi özünə qaytarılır, insanların məskunlaşması üçün ən müasir infrastruktur qurulur, eləcə də dünya təcrübəsi əsasında turizm imkanları yaradılır. Hazırda Azərbaycan bir çox beynəlxalq layihələrə qoşularaq, turizmin ölkələrlə təcrübə mübadləsinə geniş yer verir. Əlbəttə, məqsəd yaxın gələcəkdə iqtisadiyyatda böyük  payı olan turizm sektorunu gəlir gətirən sahə səviyyəsinə çatdırmaqdır. Bir çox bölgələrimizdən fərqli olaraq, bu gün Qarabağda turizmin bütün sahələrinin  inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Füsünkar təbiətin qoynunda yerləşən cənnətməkan diyarda eko, sağlamlıq, dağ,  aqro və  ekstremal turizm obyektləri təşkil etməyin mümkünlüyü getdikcə aydın görünür.

Bəs, ekspertlər bölgənin turizm imkanlarını necə qiymətləndirirlər? Qarabağın turizm regionu kimi tanıdılması istiqamətində hansı addımlar atılmalıdır?

Turizm üzrə ekspert Ruslan Quliyev hesab edir ki, Qarabağ zonasının zənginliklərindən biri burada sağlamlıq turizmi imkanlarının mövcudluğudur. Bölgədə ilkin olaraq müalicə-sağlamlıq turizminin inkişafına önəm verməyin vacib olduğunu bildirən ekspert dedi:

– Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Təkcə Laçında 300-dən artıq müxtəlif su qaynaqları var. Vaxtilə Zəngilanda Qotur su deyilən yerdə sanatoriya, Ağdamda Şəfa sanatoriyası olub. İlkin olaraq indiyə qədər mövcud olan təsisatların informativ xarakterli bir xəritə planının, məlumat bazasının yaradılması lazımdır. Digər tərəfdən, azad edilmiş ərazilərimizdəki termal qaynaqlardan nümunələr götürülə, bir çox müalicəvi sanatoriya-kurort müəssisələrinin yaranmasının əsası qoyula bilər. Düşünürəm ki, bu sanatoriyalar müəyyən vaxtdan sonra müalicəvi əhəmiyyətinə görə dünyanın məşhur sağlamlıq mərkəzlərinə çevrilər və ölkəmizə əlavə turist cəlb etmək mümkün olar. Qarabağda Silikon Vadisinin analoqunu da yaratmaq olar. Azərbaycanın bu illər ərzində beynəlxalq platformalarda Dünya Turizm Təşkilatında, sağlamlıq turizmi qurumlarında, ekoturizm cəmiyyətlərində təmsil olunmasından da geniş istifadə edə bilərik. Ölkəmizin 44 günlük Vətən müharibəsindəki qələbəsi bütün dünya reytinqində, istər siyasi, istər mədəni, istərsə də digər sahələrdə onun  nüfuzunu artırıb. Bizə sərmayə qoymaq istəyən təşkilatlar turizm quruculuq işlərində də iştirak etmək istəyirlər. Bu iştirak turizmlə bağlı da ola bilər. Bu məsələlər paralel aparılarsa, biz 6-8 il ərzində Qarabağ turizminin 85 faizini qura bilərik.

Bölgənin turizm imkanlarının əsas istiqamətlərini şərh edən digər ekspert Samir Dübəndi bildirdi ki, nadir şəraiti olan Qarabağda  fərqli destinasiyaların yaradılması olduqca zəruridir.

– Artıq hər bir vətəndaş rahat şəkildə Qarabağa səfər edə bilir. Avtobuslar müntəzəm işləyir,  turagentlər səfərlər təşkil edirlər, Füzulu Hava Limanına Bakıdan uçuşlar açılıb. Geniş miqyaslı turist marşrutlarından danışmaq hələ  tezdir. Qeyd olunan ərazilərdə  minalardan təmizləmə, infrastrukturun yaradılması işləri sürətlə davam edir.  Bu işlər tamamlandıqdan və ya daha böyük ərazini əhatə etdikdən sonra turizm marşrutlarının genişlənməsi başlayacaq. Hazırda bu yöndə tədqiqat, araşdırma və planlaşdırma işləri görülməkdədirlər. Qarabağ və Şərgi Zəngəzurun hər bir güşəsinin turizmin inkişafı baxımından müəyyən qədər potensialı var.  Zəngin təbii resurslar, qədim tarix, mədəniyyət, ləziz mətbəx, müalicəvi mənbələr və sair amillər yol verir ki, biz əminliklə bu əraziləri etno, eko, təbii, yaşıl, kulinariya, ekstrim turizm məkanına çevirə bilək. Qarabağa səfər edən insanların sayı ötən illə müqayisədə artıb. Müntəzəm nəqliyyat imkanları, infrastrukturun yaradılması, mütəşəkkil formada turların təklifi səfərlərin artmasına şərait yaradan amillərdəndir. Qarabağda elə unikal imkanlar var ki, biz o yerlərdə fərqli turizm marşurutları yaradıb, bu ərazilərdə ölkəmizin yeni turizm istiqamətlərinin formalaşmasına nail ola bilərik. Laçın, Kəlbəcər rayonlarında sürətli axar çaylarda və digər su hövzələrində kanoeing, rafting, kayaking kimi fəaliyyətləri yarada bilərik.

Ekspert daha sonra qeyd etdi ki, Qarabağ və Şərgi Zəngəzurda Milli Parklar və Turizm-Rekreasiya Zonaları da yaradılacaq.  Bu işə  qərar verən müvafiq qurumlar həmin layihənin  üzərində çalışırlar. Yaxın gələcəkdə doğma Qarabağımız dünyanın bir çox ölkələrindən turistləri, tələbələri, alimləri, tədqiqatçıları cəlb edən yer kürəsinin ən parlaq turizm ulduzlarından biri olacaq. Bunun üçün biz əlimizdən gələni etməliyik. Bu vacib missiya hər birimizin müqəddəs borcudur.

Ekspert rəylərindən aydın olur ki, Qarabağ və Şərqi Zəngəzurun mövcud turizm potensialının öyrənilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir. Yaxın perspektivdə bölgənin turizm imkanlarının genişləndirilməsi üçün böyük planlar nəzərdə tutulur. Hazırda abadlıq-quruculuq işlərinin intensiv aparıldığı bölgədə turizm infrastrukturunun qurulması dövlətimizin prioritet məqsədlərdən hesab olunur.

Ceyhun ALIŞLI
XQ

 





Mədəniyyət