Rusiya–Ukrayna savaşı: səmada dronlar, yerdə dağıntılar...

post-img

Rusiya-Ukrayna müharibəsində döyüşlərin əhatə olunduğu coğrafiya sürətlə genişlənir. Kurskda artıq 4 gündür ki, ağır döyüşlər gedir. Dünən Rusiyanın Lipetsk, Belqorod, Bryansk vilayətləri, eləcə də Krım yarımadası Ukrayna aviasiyasının raket hücumlarına məruz qalıb. Rusiya, öz növbəsində Ukraynanın şəhər və qəsəbələrini PUA “yağış”ına məruz qoyub. 

Bəli, böyük bir imperiyanın tərkibində olan iki qonşu slavyan dövləti hazırda bir-birinə qarşı sərt və amansız döyüşlər aparır. Ukraynalı məşhur publisistlərdən biri yazıb ki, “ölkənin səmasında dronlar peyda olanda, yerdə yanğın və dağıntılar baş verir. Ən dəhşətlisi isə budur ki, raket və PUA-lar özləri ilə ölüm və itkilər gətirir”. Acı həqiqət budur ki, iki il yarımdır davam edən bu üzücü və hər cür resursların tükənməsinə səbəb olan savaş bitmək bilmir. Üfüqdə sülhün işartıları belə görünmür. 

Müharibədə bəzən ilk baxışda inandırıcı görünməyən sürprizlər də olur. Belə ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olublar və ­Sudja şəhəri də daxil olmaqla, 10 yaşayış məntəqəsini ələ keçiriblər. Dünən ərazidə qanlı toqquşmalar olub, lakin  Rusiya ordusu ukraynalı desantçıları geriyə ata bilməyib. 

Avqustun 9-da Rusiyanın Lipetsk vilayəti Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi PUA hücumuna məruz qalıb. Məlumata görə, Lipetskdə pilotsuz təyyarələrin hücumu zamanı 6 nəfər yaralanıb. Bundan başqa, vilayətin 4 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinə başlanılıb, bu məqsədlə müvəqqəti yerləşdirmə mərkəzləri yaradılıb. 400-dən çox evin sakinləri təxliyə olunub. 

Belqorod vilayətinin Ukrayna Silahlı Qüvvələrinin “kütləvi hücumuna məruz qaldığını” bildirən qubernator Vyaçeslav Qladkov qarşı tərəfin 29 ədəd PUA-sının vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralananlar olmasa da, bir sıra yaşayış yerlərinə, həmçinin sənaye müəssisələrinə ziyan dəyib.

Belqorod da dünən Ukrayna dronlarının hədəfində olub. Qonşu Bryansk vilayətinin səmasında isə 4 PUA vurulub. Regionda itki və dağıntıların olmadığı bildirilib. Ekspertlərin sözlərinə görə, böyük ehtimalla dağıntılar olub. Sadəcə tərəflər öz itkilərini gizlətməyə çalışırlar. Bu, savaşların tarixində təbii haldır. Axı, belə qarşıdurmalarda təkcə odlu silahlar deyil, informasiyalar da döyüşür.

Bir vaxtlar təbii gözəllikləri, kurortları ilə dünyanı heyran qoyan Krımın şəhər və kəndlərinin əhalisi çoxdan dincliyini itirib. 2014-cü ildən bəri Rusiyanın özünə ilhaq etdiyi Krım yarımadası, xüsusilə, Sevastopol şəhəri son günlər Ukrayna hərbi aviasiyasıının aramsız raket atəşinə tuş gəlir. 

Dünən Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynaya məxsus 75 PUA-nın məhv edildiyini bildirib. Rusiya ordusu Donetsk və Xarkov şəhərləri istiqamətində intensiv hücumlar həyata keçirib. Lakin ruslar quruda irəliləyişə nail ola bilməyiblər.  

Bu arada Ukrayna Prezidentinin müşaviri anonimlik şərti ilə nüfuzlu “The Washington Post” nəşrinə verdiyi müsahibədə deyib ki, “hərbçiləri Kursk vilayətindəki döyüşlərdə “yüzlərlə” insanı əsir götürüb”. Qəzet, həmçinin yazır ki, Ukraynanın Kurs­ka hücumu Kiyevdə bir çox rəsmilərin gözlədiyindən daha uğurlu olub. 

Rusiya ordusu ukraynalıların sensasiyalı Kursk əməliyyatına necə cavab verəcək? Bu sual indi çoxlarını düşündürür. Yeri gəlmişkən, dünən Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, toplantıda terrorçuluqla mübarizə məsələləri diqqət mərkəzində olub.

Məsaim ABDULLAYEV
XQ

 

Dünya