Brüssel Pekinin elektromobil idxalına tarifləri artırır
Çərşənbə günü Avropa Komissiyası (AK) gələn aydan etibarən Çindən idxal edilən elektrik avtomobillərinə 17 faizdən 38 faizə qədər əlavə tariflər tətbiq edəcəyini bildirib. Bu qərar oktyabr ayından Brüsselin Çin avtomobil sənayesinin məhsulları ilə bağlı apardığı antidempinq araşdırmasının ilkin nəticəsinə görə verilib.
Mütəxəssislərin sözlərinə görə, bu, ilk növbədə həm antidempinq yoxlamalarını, həm də rüsumların əhəmiyyətli dərəcədə artırılmasını müdafiə edən Fransanın qələbəsi kimi qiymətləndirilir.
Bununla belə, Fransa indi Pekinin cavab olaraq zərbə endirə biləcəyi ilk ölkələrdən biri olmaq riskini daşıyır. Eyni zamanda, Brüsselin qərarı son deyil və yenidən nəzərdən keçirilə bilər.
Avropa İttifaqı Çinin elektrik avtomobillərinin Avropa avtomobil bazarına axınını ləngitmək barədə hələ keçən payızdan düşünməyə başlamışdı. O vaxta qədər Çin şirkətlərinin Aİ-dəki payı 2019-cu ildəki 1 faizdən 8 faizədək yüksəlmişdi və 2025-ci ilə qədər 15 faizə çatacağı proqnozlaşdırılırdı. “Rhodium Group” tədqiqat şirkətinə görə, Çin elektrikli avtomobillərinin Avropaya idxalı 2020-ci ildəki 1,6 milyard dollardan 2023-cü ildə 11,5 milyard dollara yüksəlib. Eyni zamanda, Çin elektrik avtomobillərinin qiymətləri Aİ-də istehsal olunan modellərə nisbətən 20 faiz aşağıdır və avropalılar bunu Çin avtomobil sənayesinin Pekin tərəfindən ədalətsiz subsidiyasının nəticəsi hesab edirlər.
Ötən ilin oktyabr ayında Avropa Komissiyası antidempinq araşdırmasına başladığını elan etmişdi. Bunun nəticəsində Brüssel avropalılarla rəqabətin daha bərabər və ədalətli olması üçün Çindən gələn elektrik avtomobillərinə idxal rüsumlarını nə qədər artıracağına qərar verəcəyini bildirmişdi. İyunun 12-də məlum oldu ki, AK iyuldan etibarən Çinin elektrik avtomobillərinə əlavə rüsumlar tətbiq edəcək. Xarici KİV tariflərin Çinin BYD avtomobilləri üçün əlavə tarif 17,4 faiz, “Geely” markalı maşınlar üçün 20 faiz, SAIC avtomobilləri üçün isə 38,1 faiz təşkil edəcəyini yazır.
AK bildirir ki, bu fərq, Çin şirkətləri tərəfindən alınan dövlət subsidiyalarının müxtəlif səviyyələri ilə bağlıdır. Çində Avropa Komissiyasının araşdırması ilə əməkdaşlıq edən bütün digər elektrik avtomobil istehsalçıları orta hesabla 21 faiz, əməkdaşlıqdan imtina edənlər isə 38,1 faiz tariflə üzləşəcəklər. Eyni zamanda, Çin avtomobilləri ilə yanaşı, Çində istehsal olunan bir sıra Avropa markalarının avtomobilləri, məsələn, BMW üçün də tezliklə artan rüsumlar tətbiq olunacaq. Maraqlıdır ki, Çin avtomobilləri üçün tariflərin artırılması ideyasının ən fəal tərəfdarı, faktiki olaraq Brüssel tərəfindən araşdırmaya başlamaq üçün lobbiçilik edən Fransa olub. Hətta Pekinin antidempinq araşdırması çərçivəsində fransız konyak istehsalçılarından qisas alacağı ilə hədələməsi də Parisi bu yoldan dönməyə məcbur etmədi.
Lakin Almaniya, əksinə, əvvəldən Çin avtomobil sənayesinə hər hansı bir məhdudiyyətin tətbiq olunmasına qarşı çıxırdı. Çünki Berlin Çin bazarında mövcud olan ən böyük avtomobil istehsalçılarının taleyindən qorxurdu. Almaniyanın kansleri Olaf Şolz ötən şənbə günü Almaniyanın avtomobil sənayesinin nümayəndələri ilə görüşdə bildirmişdi ki, Berlin daxili avtomobil bazarını xarici şirkətlərə bağlamaq istəmir, çünki adekvat cavab veriləcəyini bilir. Eyni zamanda, tariflərin artırılmasının qarşısını almaq mümkün olmadığını anlayan almanlar AK-ni rüsumları 15 faizə qədər qaldırmağa inandırmağa çalışırdılar. Bundan başqa, Almaniya önləyici addımlar da atır. Belə ki, iqtisadiyyat naziri Robert Habekin gələn həftə Çinə səfər edərək, məsələni yerində müzakirə edəcək.
Əlbəttə, Aİ-nin qərarı Çində xoş qarşılanmadı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Brüsseldən verilən xəbərə cavab olaraq bildirib ki, “Subsidiyalara qarşı bu araşdırma tipik bir proteksionizm hadisəsidir”. O əlavə edib ki, tariflər təkcə Çin və Aİ arasında ticarət və iqtisadi əməkdaşlığa deyil, həm də qlobal avtomobil istehsalı və təchizat zəncirinin sabitliyinə zərər verəcək.
Təbii ki, Çin əvvəllər Avropa araşdırmalarına səssizcə baxmırdı, xüsusən də Brüssel təkcə elektrik avtomobilləri deyil, Çinin ixrac etdiyi günəş panelləri və külək turbinlərini də hədəfə aldığından Pekin narazılığını daim bildirirdi. “Politico” saytının məlumatına görə, elektromobillər üçün rüsumların artırılması ilə bağlı gözlənilən açıqlamadan az əvvəl Çin Ticarət Nazirliyi Avropa ticarət komissarı Valdis Dombrovskisə beş səhifəlik məktub göndərərək onları ticarət müharibəsindən əl çəkməyə çağırıb. Eyni zamanda, Pekin Aİ-nin bunu həyata keçirəcəyi təqdirdə cavab tədbirləri tətbiq edəcəyi vədləri baxımından tərəddüd etmir. Çinin ticarət naziri Vanq Ventao bu ayın əvvəlində İspaniyada olarkən xəbərdarlıq edib ki, avropalılar Çin şirkətlərini sıxışdırmağa davam edərsə, Çin öz müəssisələrinin qanuni maraqlarını qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
Üstəlik, bu dəfə Çin konkret hədəf göstərməmək ənənəsindən uzaqlaşıb. Xarici KİV yazır ki, Pekin artıq Aİ-nin kənd təsərrüfatı və aviasiya sektorlarını hədəf alacağı barədə xəbərdarlıq edib ki, bu da ilk növbədə Fransaya son dərəcə həssas zərbə olacaq. Çin hökumətinin “Global Times” qəzetinin yazdığına görə, Pekin artıq 2023-cü ildə birlikdə təxminən 5 milyard avro təşkil edən donuz əti və süd məhsullarının Aİ-dən idxalı ilə bağlı antidempinq araşdırması imkanlarını nəzərdən keçirir. Aİ-nin hazırkı qərarının nəticələri ilə bağlı gözləntilərin acınacaqlı olması təəccüblü deyil. “Təəssüf ki, bəzi əks-tədbirlər artıq işdə görünür. Ticarətdən əlavə, bu tariflər Çin və AB arasında onsuz da kövrək olan gərginliyi artıra bilər”, - Aİ Çin Ticarət Palatası Euractiv-ə şərhində bildirib.
İndi hamı noyabr ayını gözləyir, çünki həmin ayda yekun variant təsdiqlənlənməlidir. Hələ vaxt var. Avropalılar yekun qərar qəbul edəndə çox güman ki, mütəxəssislərin bu sözlərinə diqqət edəcəklər: “Reaksiya və nəticələr ticarət müharibəsinə səbəb ola bilər ki, bu da yüksək iqlim hədəflərinə çatmaq üçün hələ də Çin tədarük zəncirlərindən çox asılı olan bir bölgə üçün dağıdıcı olacaq”.
S.ELAY
XQ