Qəhrəmanmaraşda Azərbaycan məhəlləsi

post-img

Maraş Türk tarixinə qəhrəmanlıqlıq dastanları yazmış bir bölgədir. XIX yüzilin sonlarında bu bölgədəki Zeytunda ilk erməni üsyanları yaşanmışdır. Sonralar da  Osmanlı İmperiyasının I Dünya Müharibəsinə girməsindən istifadə edən ermənilər siyasi məqsədlərinə çatmaq və dövləti daxildən çökdürmək üçün işğalçı Qərb dövlətlərinin tələsinə düşərək türk ordusuna arxadan və vəhşicəsinə hücum etməyə başladılar, bölgənin  müdafiəsiz insanlarını qətlə yetirdilər. 

Burada yaşayan ermənilər həmişə üsyana hazır olduqlarından ancaq kənardan əmr veriləcəyini gözləyirdilər. Bu həssas vəziyyətdən istifadə edən Fransa və İngiltərənin  Çanaqqala müharibələrinin ən şiddətli anlarında ermənilərə verdikləri təlimatlarla  onları üsyana sövq etdilər. Maraş uzun illər atəş yerinə döndü.  Dünya savaşı sonrası Maraş şəhərini işğal edən Fransa ordusunun tərkibindəki  erməni legionu günahsız insanları qətlə yetirərək, əhalini buradan çıxarıb ermənilərin yerləşməsinə nail olmaq istədilər. 

Onlar burada erməni dövləti qurmaq məqsədi ilə müsəlman əhalinin qətllərini təşkil etdilər. Lakin maraşlılar  bu planın həyata keçməməsi üçün qəhrəmancasına mübarizə apardılar.  Qurtuluş savaşı illərində də maraşlılar fransız və erməni işğalçılarına lazımi dərs verib onları öz torpaqlarından təmizləməyə nail oldular. Təsadüfi deyil ki, Maraşa “qəhrəman” adı verilmişdir, indi o  Kahramanmaraş adı ilə  gələcəyə addımlayır.

Keçən il 6 fevral tarixində Türkiyədə mərkəzi Qəhrəmanmaraş olmaqla  ən faciəli hadisələrdən biri – dəhşətli zəlzələ baş verərkən qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan oldu.

Azərbaycan dərhal axtarış-xilasetmə qruplarını zəlzələ bölgəsinə göndərmiş,  ərzaq və digər lazımi yardımları   çatdırmış, zəlzələ qurbanlarına sığınacaq vermək üçün çadır və konteyner şəhərcikləri yaratmışdır. 

Qəhrəmanmaraşın tam mərkəzində  Azərbaycan məhəlləsinin inşası  qərarının alınması iki ölkənin qardaşlığının nümunəsidir. Burada Azərbaycan bulvarının və Azərbaycan məhəlləsinin salınması  Azərbaycanın qardaş köməyinin bir rəmzinə çevrilmişdir.   Burada 1000 evin inşasını Azərbaycan öz öhdəsinə  alıb. Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham ­Əliyevin iştirakı ilə bir çox binanın  təməli atılmış, hazırda onların inşası tamamlanmaq üzrədir.    Azərbaycan məhəlləsində işlər sürətlə gedir, burada yaşayış yerləri ilə yanaşı, parkinqlər, məktəblər və sağlamlıq sahələri də olacaq. Yaşıllıq zolaqları da salınır. 

Qəhrəmanmaraş Böyükşəhər Bələdiyyəsinin  yeni seçilmiş   başçısı Fırat Görgel Azərbaycanın buradaki işlərindən razılığını ifadə edir,   zəlzələdən zərər çəkmiş insanlar üçün edilənləri əsil qardaşlıq nümünəsi sayır. 

Ailə üzvlərinin bir neçəsini itirmiş 68 yaşlı Oğuz Taner Azərbaycan sevgisini belə ifadə edir: “Fəlakətin  ilk günü yardıma gələnlərin azərbaycanlılar olduğunu görüncə hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm. Bir neçə il öncə Azərbaycanın Qarabağdakı Zəfərinə necə sevinmişdimsə, eyni hissləri həmin an yaşadım. Amma bu sevgi başqa bir sevgi idi, qardaşlığın nə demək olduğunu göstərən hüznlü sevgi idi. İndi biz Azərbaycanın  şəhərimizin ən mərkəz hissəsində necə gözəl bir məkan yaratmasının şahidiyik.  Azərbaycan məhəlləsi qardaşlıq simvolu olacaq”. 

Qafar Çaxmaqlı,
XQ-nin Türkiyə müxbiri

 

Sosial həyat