Yaxud Paşinyanın anti-Belarus “demarş”ındakı siyasi etikasızlıq
Siyasi cırnama. Çox güman, belə bir ifadə ilə ilk dəfədir rastlaşırsınız. Açığı, Ermənistan baş naziri Nikol Paşinyanın Belarus, daha doğrusu, bu ölkənin Prezidenti Aleksandr Lukaşenko əleyhinə səsləndirdiyi fikirlərə başqa ad tapa bilmədik. Nikol konkret nələri dilə gətirib, bu barədə söz açacağıq.
Hələlik isə bildirək ki, erməni baş nazir siyasətdən uzaq adam olduğunu bir daha sübuta yetirdi. Bu mənada Ermənistan parlamentinə siyasi sirk arenası da deyə bilərik. Çünki bu məkanda hər cür məsuliyyətsiz bəyanatlar səsləndirilməkdədir. Paşinyan isə oradakı ümumi ab-havaya adekvat davrandığını təsdiqlədi. Buna adekvat davranış demək mümkünsə.
Paşinyan özünün qeyri-ciddi siyasətçi obrazını yenidən ortaya qoydu. Əslində, lap əvvəldən də A.Lukaşenkonun Nikolun xarakterinə bələdliyini görmək mümkündür və birincinin ara-sıra müəyyən jestlərlə Paşinyanı doladığından çoxları xəbərdardır. Məsələn, 2022-ci ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilmiş ali səviyyəli sammitini xatırlayaq. Erməni baş nazir rəsmi prosedura uyğun qaydada təşkialata üzv dövlətlərin başçılarını sammitin keçirildiyi məkanda qarşılamışdı. Paşinyanın Lukaşenkodan xoşu gəlmədiyindən, bu onun sifət cizgilərinə də təsir göstərmişdi. Belarus lideri isə ona yaxınlaşar-yaxınlaşmaz özünəxas yumorla soruşmuşdu: Niyə kefin yoxdur?
Bəli, A.Lukaşenko sözügedən toplantıda da Paşinyanın “kefinə soğan doğraması” ilə yadda qalmışdı. Əsasları da var idi. Erməni baş nazir KTMT-nin Azərbaycanla bağlı siyasi qərar çıxarmasına nail olmağa çalışmış və dayanmadan, bütün etik normaları aşaraq israr etmişdi. Tədbirdə söz alan Belarus Prezidenti reallıqları dilə gətirmişdi. O, Nikolu KTMT üzvü olan dövlətlərin başçılarını uşaq yerinə qoymamağa çağırmış və faktiki olaraq demişdi ki, Ermənistanın Azərbaycanla üzləşdiyi problemin quruma heç bir dəxli yoxdur, İrəvan Bakı ilə özü dil tapmalıdır...
Əlbəttə, A.Lukaşenko qeyd etdiyi məsələdəki fikirlərini əsaslandırmaq üçün bir çox məqamların üzərində dayanmış, durumu izah etmişdi. Lakin izahat işlərinin Nikola heç bir təsiri olmamışdı. Həmin vaxt Paşinyanın sifətindən sanki zəhrimar yağırdı.
***
Ermənistanın baş naziri dünən parlamentdə Belarus barədə fikir səsləndirəndə də üzünə mənfi emosiyalar qondurdu. O, çox aydın tərzdə dedi ki, bundan sonra ölkəsinin heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. “Gedib Belarus Prezidentinin yanında oturub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında məsələləri müzakirə etməliyəmmi? Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə bir daha Belarusa getməyəcəm”, – deyən Paşinyan həddini aşaraq onu da bildirdi ki, Lukaşenko erməni xalqından üzr istəməlidir. Görəsən niyə?
Suala cavab verməzdən öncə bildirək ki, N.Paşinyan ötən açıqlamalarının birində Ermənistana qarşı 44 günlük müharibə planının hazırlanmasında iki KTMT üzvünün iştirakından söz açmışdı. Nikolun bu açıqlaması Belarus Prezidentinin Azərbaycana səfərindən sonraya təsadüf etmişdi. Məsələ burasındadır ki, A.Lukaşenko müharibəni ölkəmizin “azadlıq müharibəsi” adlandırmış, həmçinin, başqa məqamları da dilə gətirmişdi: “Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq lazımdır, onların bəziləri şəhərdə anadan olub, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”.
***
Qeyd edək ki, Belarus Prezidenti A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıdakı görüşdən sonra səsləndirdiyi fikirlər Ermənistanda geniş əks-səda doğurmuşdu. Daha böyük hay-küy isə cənab Lukaşenko dövlətimizin başçısı ilə birlikdə Şuşaya səfər edərkən qopmuşdu. Hayların bir çox xəbər saytları səfərə “Belarus prezidenti işğal olunmuş erməni şəhəri Şuşaya səfər etdi” şəklində yer vermişdilər.
Ermənistandakı, belə demək mümkünsə, anti-Lukaşenko ritorikası fonunda N.Paşinyan yalnız lap əvvəldə diqqətə çatdırdığımız fikri dilə gətirməklə, yəni 44 günlük müharibə xüsusunda mövqe səsləndirməklə kifayətlənmiş, “Azərbaycana kömək göstərmiş” iki KTMT ölkəsinin adını çəkməmişdi. İndi tam əminliklə söyləmək mümkündür ki, Nikol həmin ölkələrdən birinin Belarus olduğunu açıqca deyir.
Bəli, N.Paşinyan etikasızlıq edir, bu öz yerində, eyni zamanda, son dərəcə məsuliyyətsiz davranır. Görəsən, Ermənistan rəsmilərinin Belarusa səfər etməməsi nə deməkdir? Paşinyan fərqinə varırmı ki, məsələ həmin ölkə ilə diplomatik münasibətlərin kəsilməsi müstəvisində dəyərləndirilə bilər? Bəlkə, Belarusdakı erməni səfirini də geri çağırsın?
Üstəlik, A.Lukaşenko nə üçün erməni xalqından üzr istəməlidir? Görəsən, Ermənistan işğal etdiyi torpaqlardan çıxmamalı idi? Deməli, Nikolun ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tanınması ilə bağlı bəyanatı mənasızdır. Başqa nə düşünəsən?
***
N.Paşinyanın fikirləri xüsusunda üzərində dayanılacaq digər məqamlar da var. Birincisi, erməni baş nazir ölkəsinin anti-KTMT ritorikasını bir qədər də dərinləşdirməklə, ona yeni tünd rəng çalarları gətirməklə məşğuldur. Nəzərə alaq, bu, həm də Rusiya ilə ziddiyyətləri gücləndirmək xəttidir.
İkincisi, Paşinyanın haqqında söz açdığımız fikri hansı vaxtda dilə gətirdiyinə diqqət yetirək. Yada salaq ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn İrəvanda səfərdədir və bu amerikalı rəsmi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqla bağlı bəyanatlar səsləndirib. Yəqin, həmin bəyanatların təsirindəndir ki, Nikol vəziyyəti daha da dramatikləşdirmək yolu tutur. Tutsun, və illüziyaya qapılsın, cırnamağında da olsun. Nə demək olar, can onundur...
Ə.RÜSTƏMOV
XQ