Bu, baş nazirin dilindən səslənəndə özgə məna kəsb edir
“2018-ci ildə Qarabağı Azərbaycanın tərkibində muxtariyyət kimi tanımalı idik. “Dağlıq Qarabağla” bağlı ən böyük problem ondan ibarət idi ki, 2018-ci ilin aprelində artıq yaranmış vəziyyətə görə Ermənistan, istər-istəməz, ya güzəştə getməli, ya da müharibəyə başlamalı idi”.
Bu sözləri iyunun 12-də Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib. Əslində, onun sözlərini Qarabağ münaqişəsi ilə bağlı son vaxtlar etdiyi acı etiraflarının siyahısına əlavə edə bilərik. Gecikmiş və üçün acı olsa da, yenə də etirafdır. Həm də bu etiraf Hayastanın sıravi siyasətçisinin, yaxud ekspertinin deyil, baş nazirinin dilindən səslənəndə ayrıca çəkiyə minir.
Bunun ardınca 2018-ci ildə çıxılmaz vəziyyətlə üz-üzə qaldığını dilə gətirən Paşinyan deyib: “Özümə sual verdim: Yaxşı, əgər biz güzəştə getsək, sonra növbəti güzəştə getsək, onda güzəştlər seriyası harada dayanacaq? Bax bu suala cavab verə bilmədim. Bəs indi bu suala cavabım varmı? Bəli, var! Bu sualın cavabı Ermənistanın 29 min 743 kvadratkilometr ərazisidir”.
Paşinyanın erməni ictimaiyyətinə ünvanladığı tezisin məqsədi aydındır. O, bununla xalqına tarixi Ermənistanla real Ermənistanın fərqini izah etməyə çalışır. Baş nazirin fikrincə, o zaman Bakının təklifini qəbul etsəydi, “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibində muxtar qurum kimi tanınması, onun təkcə erməni icmasının deyil, həm də azərbaycanlılarla birgə idarəçilikdə olması daha düzgün qərar sayılardı.
Bəs o zaman Bakının bu təklifi ilə daxildəki daşnak-separatçılar, xaricdəki lobbi-diaspor qaragüruhu razılaşacaqdımı? Əlbəttə ki, yox. Deməli, onların istəyinə görə, mütləq qan tökülməli, “dəmir yumruq” başlarına dəyməli idi ki, indi “çox istəyən azdan da qalar” kəlamının kəramətinə özləri də əmin olsunlar.
* * *
Parlamentdəki çıxışında İrəvanın güzəştlərinin sərhədinin 29 743 kvadratkilometr olmasını xatırladan Paşinyan o zaman belə bir sözü deməyə cəsarət etmədiyini də boynuna alır: “Mən özümü buna inandıra bilmədim. Bu, mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət adamı anlamalı idi ki, bütün bunları öz üzərinə götürmək lazımdır. Və bu gün mən bunu edirəm. Məsuliyyəti öz üzərimə götürməsəm, bunu başqa heç kim etməz. Bu, mənim borcumdur”.
“Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı yanlış başa düşülürdü” bəyanatını parlamentarilərin diqqətinə çatdıran Ermənistan baş nazirinə bu ağır məsuliyyətin öhdəsindən gəlməkdə, missiyasını axıra qədər yerinə yetirməkdə uğurlar diləyirik. Ən azı, ona görə ki, o, Ermənistanın klerikal–feodal elitasını hakimiyyəti ələ keçirmək və saxlamaqdan ötrü erməni xalqını Qarabağ məsələsində aldatmaqda və çaşdırmaqda ittiham edəcək qədər cəsarət sahibidir. “Qarabağla bağlı bütün həqiqət məhz budur”, – deyən Paşinyanla razılaşmamaq mümkün deyil.
İndi ekspertləri maraqlandıran suallardan biri də Nikol Paşinyanın cəmiyyətdə nüfuzunun ölçü dərəcəsinin qədəridir. Düşündük ki, bu suala xarici ekspertin cavabı oxucularımız üçün maraqlı olar.
“Ermənistan baş naziri Nikol Paşinyana daxildəki ictimai dəstəyi qiymətləndirməmək olmaz. Amma yaxın gələcəkdə bu ölkədə “böyük siyasi iğtişaşların” baş verəcəyi ehtimalı da var”. “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski belə hesab edir. Onun fikrincə, hazırkı vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı birmənalı proqnoz vermək çətindir: “İnsanlar öz tarixlərinin çətin dövrünü yaşayırlar. Bəli, onların çətinlikləri və narahatlıqları çoxdur”.
Bistritskiyə görə, erməni cəmiyyətinin böyük ölçüdə parçalandığını, amma əksəriyyətin Nikol Paşinyanı dəstəklədiyini nəzərdən qaçırmaq olmaz deyir: “Doğrudur, onu dəstəklənlərin sayı çoxdur. Paşinyan Azərbaycanla aralarındakı problemlərin həllinə yol açmağa çalışır. Aydındır ki, onun bu yöndə cəhdləri də cəmiyyəti parçalayır”. Rusiyalı ekspert hesab edir ki, onun (Nikol Paşinyanın – red.) siyasi məhvə məhkum olduğunu söyləmək şişirdilmiş mübaliğə olardı. Onun fikrincə, kifayət qədər qısa müddət ərzində Ermənistanda “böyük siyasi iğtişaşları” görə biləcəyik: “Ermənistan cəmiyyəti stress vəziyyətindədir. Əgər indi köklü siyasi dəyişikliklər baş verməsə də, yaxın gələcəkdə daxildəki siyasi mövqelərə və istiqamətlərə mütləq yenidən baxılacaq”.
Andrey Bıstritskinin Paşinyanla bağlı yarınikbin, yaribədbin proqnozunun özünü doğruldacağı ehtimalı çox azdır. Nikol Paşinyanın maraqla qarşılanan növbəti etirafı ATƏT-in Minsk qrupu ilə bağlı olub. Onun sözlərinə görə, bu qrupun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə təmasda olmayıb: “Başqa sözlə, ATƏT-in Minsk qrupu hazırda de-fakto mövcud deyil”.
Doğru sözə nə deyə bilərik. Əlbəttə ki, Ermənistan baş naziri həqiqəti dilə gətirməklə, cəmiyyətin diqqətinə tezliklə Azərbaycanla imzalayacağı sülh müqaviləsinin preambulasını çatdırmaq niyyətini güdür. Bu da pis niyyət deyil. Təki Paşinyan dediklərini əməldə sübuta yetirmək üçün ikitərəfli sazişə imzasını atsın.
İ.HƏSƏNQALA
XQ