O`Braynın “sülh məntiqi”

post-img

ABŞ ötənilki mövqeyinə qayıdır?

İrəvanda ikigünlük səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn açıqlamaları ilə diqqət çəkir. Onun nələrdən söz açmasına nəzər salacağıq. Ancaq əvvəlcə bir məqamı vurğulayaq ki, cənab O`Brayn Birləşmiş Ştatların, belə demək mümkünsə, kompromissiz sifəti obrazındadır. Bu şəxs, bir qayda olaraq, Cənubi Qafqaz gündəmini silkələyən açıqlamalarla yadda qalıb. Onun istər Ermənistan və ABŞ arasında strateji dialoqun yekun iclasında dediklərinə, istərsə də “Azadlıq radiosu”na bildirdiklərinə də mövcud prizmadan yanaşmaq olar. Mətləbə keçək. 

Çox tez-tez vurğulanır ki, xarici ­qüvvələr Azərbaycan–Ermənistan sülh müqaviləsini geosiyasi rəqabət müstəvisində dəyərləndirirlər və belə yanaşma yekun sazişin imzalanmasına maneçilik törədir. O`Braynın fikirləri bunun təsdiqidir. O, deyib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi uzunmüddətli münaqişəyə son qoymaqla yanaşı, Rusiyanın regiona təsirini azalda, Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət dəhlizinin açılması ilə nəticələnə bilər.

Başa düşdük. Rusiyanın regiona təsirini azaltmaq nə deməkdir? Görəsən, Dövlət Departamentinin rəsmisi nə üçün belə danışır? Olmazmı ki, bu sayaq mövqe bildirməsin? Məgər amerikalı diplomat Moskvanın bölgəyə marağından xəbərdar deyil? Çox yaxşı xəbərdardır. Bu şəxs onu da gözəl bilir ki, regionda Kremlin ayağını tapdalamaq hansı ağrılı nəticələr doğura bilər? 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi yaddaşlardan silinməyib. Lap o müharibəni bir kənara qoyaq. Nə üçün Azərbaycanla Ermənistanın barış mühiti yaratması Rusiyanın əleyhinə işləməlidir? 

Yaxşı, deyək ki, Vaşinqtonun Moskvanı Cənubi Qafqazdan sıxışdırmaq planı var. Amma bu niyyət O`Braynın bildirdiyi kimi reallaşmalıdır? ABŞ-ın başqa təsir vasitələri yoxdurmu? Bəlkə də yoxdur. O zaman düşünüb tapsın. Ancaq ölkənin regionla bağlı onsuz da həssas olan durumu nəzərə almamağı yolverilməzdir. Axı istər-istəməz belə nəticə hasil olur ki, Cənubi Qafqazda sülh mühitinin formalaşmasını istəməyən Birləşmiş Ştatlardır. Hər halda, O`Braynın açıqlaması bundan xəbər verir. Olmazmı ki, Bakı–İrəvan sülh anlaşması üçüncü qüvvəyə qarşı yönəlməsin? Nəhayət, məsələ iki tərəfin işi deyilmi? 

Görəsən, C.O`Brayn razı olarmı ki, Azərbaycan–Ermənistan sülh anlaşması Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənmək niyyətlərinin gerçəkləşməsinə kömək kimi dəyərləndirilsin? Bu yerdə yada Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikovun bir müddət əvvəlki açıqlaması düşür. O bildirmişdi ki, Qərbin bəzi dairələri Azərbaycana və Ermənistana sülh müqaviləsinin Qərb platformalarında imzalanması üçün təzyiq göstərirlər. Deməli, haqlı imiş. Çünki hazırda C.O`Braynın dedikləri, dolayısıyla, Bortnikovun fikirlərinin təsdiqidir. Belədə sual yaranır: Rusiya nəyə görə Bakı–İrəvan razılaşmasını özünə əks olan məsələ kimi görməsin? Suala elementar cavab var. ABŞ Dövlət katibinin müavininin sözləri hər şeyi deyir. Özü də bu adam fikirlərini İrəvanda açıqlayır. Başqa nə düşünəsən?

***

Amma deyiləsi sözlər çoxdur. Son zamanlar Azərbaycan–ABŞ münasibətlərində bir müddət əvvəlki soyuqluq, demək olar, yoxdur. Soyuqluq C.O'Braynın ötən il ABŞ Konqresinin Nümayəndələr Palatasında konqresmenlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə görə yaranmışdı. O, ölkəsinin Naxçıvana yolun İran ərazisindən keçməsi ilə razılaşmayacağını vurğulamışdı. Onun sözlərindən belə anlaşılmışdı ki, Birləşmiş Ştatlar bütün mümkün imkanları ilə məsələnin reallaşmasına qarşı çıxacaq, hətta Bakı təzyiq və sanksiyalarla üzləşəcək. 

Dövlətimiz bunu hədə-qorxu və daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi və haqlı idi. Ən əsası, rəsmi Bakı hesab etmişdi ki, C.O'Braynın mövqeyi Azərbaycan–Ermənistan sülh prosesinə əngəldir. 

Haşiyə çıxaq ki, Naxçıvana yol məntiqi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb. Sənəddə bildirilib ki, sözügedən yolda təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidməti təmin etməlidir. Orada heç bir gömrük və sərhəd nəzarəti olmamalı, yəni dəhliz “Azərbaycandan Azərbaycana yol” məntiqi əsasında fəaliyyət göstərməlidir. Ermənistan bununla razılaşmırsa, Azərbaycan alternativ kimi İran ərazisindən istifadəni məqbul sayır və Tehranla anlaşır. Buna münasibətdə əks fikir olmalıdırmı? Əlbəttə ki, yox! Ancaq olmuşdu. Hərçənd, həmin fikrin əsaslandırılmasında tutarlı arqument istisnadır.  C.O'Braynın şəxsində ABŞ bildimişdi ki, Naxçıvana yol İrandan deyil, Ermənistandan keçməlidir, vəssalam. Əlbəttə, belə mövqe Bakıda etiraz doğurmalı idi və doğurdu da. Yəni, Azərbaycanı haqlı tərəfə çevirən məqam budur. 

***

Əlqərəz, son vaxtlar elə təəssürat yaranırdı ki, Birləşmiş Ştatlar əvvəlki mövqeyində deyil. Bəlkə də deyil. Amma göründüyü kimi, C.O'Brayn yenə gündəmdədir və o, fikirlərini bir qədər fərqli tərtibatda çatdırır. Belə düşünməyə əsas formalaşır ki, Ermənistan Rusiyanın bölgədə olmayacağı halda hər şeyə razıdır. Bu yerdə Dövlət Departamenti rəsmisinin sülh müqaviləsi xüsusunda “ABŞ iki Cənubi Qafqaz ölkəsini belə bir razılaşmanı qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir”  kimi fikirlər səsləndirməsi əhəmiyyətini itirir. Yəni, C.O'Braynın dilə gətirdikləri fərqli məna daşıyır. Hansı mənanı daşıyır? Fikrimizi əsaslandırmaq üçün onun “Azadlıq radiosu”na açıqlamasındakı daha bir vacib məqama keçid alaq.

***

ABŞ rəsmisi bildirir ki, Mərkəzi Asiyadan yeni ticarət dəhlizi yalnız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması nəticəsində reallaşa biləcək. “Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu, yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra, indiki qədər əhəmiyyətli olmayacaq... Ona görə də indi bunu etməyin zamanıdır”, – deyən Birləşmiş Ştatlar rəsmisi onu da bildirib ki, haqqında söz açdığı ticarət dəhlizi Azərbaycan ərazisi ilə Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahillərinə olan mövcud nəqliyyat əlaqələrinə əlavə olacaq.

Yeri gəlmişkən, C.O'Brayn ötən ilki amiranə çıxışında onu da bildirmişdi ki, Azərbaycan üçün qarşıdakı müddətdə seçim şansı var. Onun dediklərindən hasil olan nəticə bu idi ki, ölkəmiz ya Qərb, ya da Rusiya istiqamətinə üstünlük verməlidir. Azərbaycan isə hər zaman özünün balanslı siyasətinə sadiqdir. Yəni, həm dünya, həm də hazırda dünyanın gözdən saldığı Moskva ilə eyni dərəcədə, özünün maraq və mənafelərindən irəli gələn münasibətlər qurmaqdadır. Azərbaycan, həmçinin “region region ölkələri üçündür” şüarını rəhbər tutur. Bu şüarda vahid “Qafqaz evi” ideyası var ki, həmin ideyada bölgə və bölgəyə bağlı bütün tərəflərin maraqlarının uzlaşdırılması prinsipi əsas götürülür. 

Deməli, Rusiyanın marağını danmaq olmaz. Məsələ heç də onda deyil ki, Kremlin Cənubi Qafqazdakı varlığını heçə saymaq mümkünsüzdür. Sadəcə, buna ehtiyac yoxdur. Həm də ona görə ki, Rusiya özü böyük bazardır. Üstəlik, Qərbə xoş gəlməyən İran amili var. Nə üçün bu amil barədə düşünülməməlidir? Rusiya kimi onun da Cənubi Qafqazla tarixi bağlılıq telləri var. Eləcə də qardaş Türkiyənin. Deməli, regionda Rusiyanın, İranın, Türkiyənin, habelə yerlilərin – Azərbaycanın, Gürcüstanın və Ermənistanın mənafeləri əsas götürülməlidir, hansısa kənar tərəf ikinci planda olmalıdır. 

C.O'Braynın Bakı–İrəvan sülh sazişinin mümkünlük parametri isə tamam başqa mətləblərdən xəbər verir. Əvvəldə də bildirdiyimiz kimi, o, Rusiyasız Cənubi Qafqaz formulundan söz açır. Deməli, eyni məntiqlə Mərkəzi Asiyadan yeni ticarət dəhlizi haqqında danışır. Sözlərindən belə çıxır ki, İrəvan sülhə yalnız bu dəhlizin Vaşinqtonun istədiyi tərzdə açılması ilə razılaşacaq. Bununla da ABŞ rəsmisi, dolayısı ilə, ötən ilin sonunda səsləndirdiyi fikrə yenidən qayıtmış olur. Görəsən, Ağ ev yenə C.O'Braynın mövqeyinə düzəliş edəcək, yoxsa...

***

Qeyd edək ki, C.O'Braynın İrəvana səfəri zamanı açıqladığı başqa məqamlar da var. Ağ ev rəsmisi ölkəsinin bu il aprelin 5-də Brüsseldə Ermənistan–ABŞ–Avropa İttifaqı formatında keçirilmiş görüşün razılaşmalarına əməl etməyə hazır olduğunu təsdiqləyib. “Ölkələrimiz bu gün gömrük sahəsində məlumat mübadiləsinə dair saziş imzalayacaq. Bu, yaxın illərdə ticarət və biznesi asanlaşdıracaq. Bu, Brüsseldə müzakirə olunan vədlərin bir hissəsidir”, – deyən C.O'Braynın sözlərinə görə, Vaşinqton ABŞ–Ermənistan strateji dialoqunun formatını Strateji Tərəfdaşlıq Komissiyasına dəyişmək istəyir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyir ki, strateji dialoqun yeni səviyyəsinə çıxması çoxşaxəli əməkdaşlığın struktur əsaslarını daha da gücləndirməyə kömək göstərəcək. A.Mirzoyanın şəxsində rəsmi İrəvan yaxşı anlayır ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda mövqeyini daha da möhkəmləndirmək istəyir. Ona görə də Vaşinqtonu, faktiki olaraq, Qərbdə yeni tərəfdaşlar tapmaqla hədələyir. Habelə, müxtəlif anti-Rusiya hərəkətləri ilə özünü cəlbedici tonda saxlayır. Bir sözlə, odla oynamaq yolu tutur. Fərqinə varmır ki, belə davranışlar Ermənistanı regionda zəif halqaya çevirir. Fərqinə varmasın, onsuz da dediyimiz məqam ölkənin müasir siyasi düşüncə tərzi üçün xarakterik haldır. Başlıca məsələ Vaşinqtonun İrəvan üzərinə sərmayə yatırmasıdır. Mövcud sərmayə ilə ABŞ Rusiya və İran sərhədlərində xaos yaratmaq üçün Cənubi Qafqazda sabitliyi pozmağa çalışan ampluasındadır. 

Digər tərəfdən, axı necə ola bilər ki, C.O'Brayn sülhdən danışır, amma ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə (FMF) proqramı çərçivəsində Ermənistana qabaqcıl hərbi texnikaya və ən son texnologiyalara çıxışı asanlaşdırmaq üçün vəsait ayıracağı barədə məlumat yayılır? “Caliber.az”ın yazdığına görə, Birləşmiş Ştatlar Ermənistan ərazisində GPS Qlobal Mövqe Müəyyənetmə Sistemi texnologiyasından geniş istifadəni sürətləndirməyə çalışacaq. Xatırladaq ki, FMF Birləşmiş Ştatların müttəfiqlərinə və tərəfdaşlarına avadanlıq, təlim və hərbi ehtiyacların qarşılanması üçün qrantlar və ya kreditlər vermək məqsədi ilə nəzərdə tutulub və o, Amerikanın xarici siyasətinin əsas alətlərindən biridir. Hər halda, məsələdən sülh qoxusunun gəlmədiyi gün kimi aydındır. 

***

Başqa bir məqamın üzərində dayanaq. Ceyms O`Braynın Ermənistana səfəri xüsusunda İrəvanda “Dünyanın kəsişməsi” təşəbbüsü qaldırılır. Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülmüş bu təşəbbüsün Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasına qarşı olduğu məlumdur. C.O`Brayn “Mərkəzi Asiyadan yeni ticarət dəhlizi” məntiqi üzərində dayanaraq, sülhün yalnız bunun reallaşacağı təqdirdə mümkünlüyündən söz açırsa, üstəlik, A.Mirzoyan Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun iclasında çıxışı zamanı ölkəsinin köhnə ritorikasına üstünlük verib “ərazi bütövlüyü və suverenlik” deyimini gündəmə gətirirsə, deməli, Naxçıvana yolla bağlı Azərbaycanın mövqeyi nəzərə alınmır. 

Söylədiklərimizdən, ümumən, belə qənaətə gəlmək olar ki, əslində, Birləşmiş Ştatlar rəsmisi tərəfindən səsləndirilmiş fikirlər ölkəmizə Bakı–İrəvan sülh sazişi xüsusunda irəli sürülmüş şərtdir. Onun söylədikləri, eyni zamanda, Azərbaycana həmin şərtin yerinə yetirilməyəcəyi təqdirdə, gözlənilən olaylar barədə xəbərdarlıqdır. Nəzərə alaq ki, xəbərdarlıq Vaşinqtonun İrəvana dəstəyi, o cümlədən, hərbi yardımı artırmasına yönələn tədbirlərlə edilir. Bu yerdə ABŞ-ı bir kənara qoyaraq, yenidən Ermənistanın odla oynadığını bildirək. Çünki Vaşqinton Cənubi Qafqazda sülhü geosiyasi rəqabət müstəvisinə gətirir, rəsmi İrəvan isə adekvat hərəkətləri buna razılıq verdiyini göstərərək reallıqlardan uzaqlaşır. Nəzərə almır ki, onun ABŞ və ümumən Qərblə münasibətlərin dərəcəsini artırması nəticəsində formalaşmış ritorika Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngidir. Deməli, mövcud istiqamətdəki vəziyyət mürəkkəbləşir. Ötən illərin təcrübəsi göstərir ki, vəziyyətin mürəkkəb xarakter almasından və qeyri-müəyyənlik mühitindən yalnız gərginlik doğur. Gərginliyin isə İrəvana ancaq zərəri var. 

Əvəz CAHANGİROĞLU
XQ

 



Siyasət