Şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib

post-img

Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” keçirilib.

AZƏRTAC xəbər verir ki, bu il 216 nömrəli məktəbdən 43 nəfər məzun olub.

Məktəbin direktoru Səidə Rəhimova jurnalistlərə müsahibəsində bildirib ki, məzunlar arasında məktəbin adını daşıdığı şəhidin qızı Gülanə Qasımlı da var. Direktor məktəbin müəllim və şagird kontingentinin 70 faizinin hərbçi ailəsi olduğunu söyləyib. Qeyd edib ki, cari ildə məktəb VII qrant müsabiqənin qalibi olub, həmçinin təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunmağa başlayıb: “Eyni zamanda, məktəbdə icma əsaslı bağça fəaliyyət göstərir. Məktəb 620 yerlik olmasına baxmayaraq 1309 şagird təhsil alır. Məktəbin göstəriciləri son 3 ildə artan dinamika ilə davam edib”.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində 102 min 120 nəfər XI sinfi, 150 min 445 nəfər IX sinfi bitirir. Cari tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 706 min 935 nəfər təşkil edib. Bu tədris ilində ölkə üzrə 137 min 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 min 569 uşaq təhsil alıb.

Təhsil