Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib

post-img

Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Veteran Tankçılar İctimai Birliyinin üzvləri, Dağ Yəhudilər İcmasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və digər iştirakçılar əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək bildirib ki, Aqarunovun anım mərasiminin təntənəli qeyd edilməsi Azərbaycan və yəhudi xalqı arasında minilliklər boyu mövcud olan dostluq münasibətlərinin bariz nümunəsidir. Bildirib ki, Azərbaycan dünyada dini müxtəlifliyin harmoniyasını özündə əks etdirən dövlətdir.

Daha sonra anım tədbiri Nərimanov rayonunda Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin qarşısında davam edib.

Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov Albert Aqarunovun anım tədbirlərinin hər il olduğu kimi, bu il də təntənəli şəkildə təşkil edildiyini vurğulayıb: “Allah bütün şəhidlərə rəhmət eləsin, onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Albert Şuşa uğrunda həlak olmuşdu. 2020-ci ildə qəhrəman əsgərlərimiz Şuşanı azad etdi. Qüdrətli Ordumuz 44 günlük müharibədə torpaqlarımızı düşməndən təmizlədi".



















Son xəbərlər