AMEA-da rumıniyalı alimlərlə görüş

post-img

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Rumıniyanın Yassı şəhərində fəaliyyət göstərən Petre Andrei Universitetinin rektoru, dosent, doktor Sorin Bokançanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Akademik İsa Həbibbəyli Azərbaycan ilə Rumıniya elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, artıq AMEA-nın Rumıniyanın bir universiteti ilə elmi əməkdaşlıq müqaviləsinin mövcud olduğunu diqqətə çatdırıb. AMEA rəhbəri universitetlərlə yanaşı, Rumıniya Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə də əlaqələrin qurulmasının əhəmiyyətini önə çəkib. Birgə elmi konfransların təşkili, kitabların nəşri, elmi məqalələrin qarşılıqlı mübadiləsi kimi təşəbbüslərin perspektivli istiqamətlər olduğunu bildirib və bu görüşün gələcək əməkdaşlıq üçün stimul yaradacağına əminlik ifadə edib.

Petre Andrei Universitetinin rektoru Sorin Bokança universitetin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Rektor AMEA və Azərbaycan universitetləri ilə elmi əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını vurğulayıb.

Q.YUSİFOĞLU
XQ

Sosial həyat