Qürbətdə cənnət xülyasının gerçəkdə cəhənnəm əzabları

post-img

“Qərbdə rahat həyat” vədi şərqlilərə baha başa gəlir

Son illər ölkədə əmək miqrasiyasına maraq sürətlə artır. Xüsusilə Avropa ölkələrində işləmək, yüksək maaş qazanmaq və daha sabit həyat şəraitinə nail olmaq istəyi minlərlə vətəndaşı xaricdə iş axtarmağa vadar edir. Bu, bir tərəfdən iqtisadi səbəblərlə, digər tərəfdən isə qlobal informasiya axını və sosial medianın təsiri ilə getdikcə güclənir. Lakin prosesin sürətlənməsi yeni bir təhlükəni – “qanuni iş” adı altında fəaliyyət göstərən, lakin vətəndaşları aldadaraq maddi ziyana uğradan agentliklərin sayının artmasını da ön plana çıxarır.

Əmək miqrasiyası bazarında dələduzluq dalğası getdikcə güclənir. Hazırda ölkədə ən çox narazılıq doğuran sahələrdən biri Avropa ölkələrinə işçi göndərmək vədilə fəaliyyət göstərən şirkətlər və vasitəçilərlə bağlıdır. Sosial mediada yayılan reklamlar və elanlarda saatda 10-11 dollar əməkhaqqı, pulsuz yaşayış yeri, qida təminatı, hətta viza, eləcə də leqallaşdırma dəstəyi kimi cəlbedici vədlər yer alır.

Lakin zərərçəkənlərin iddialarına görə, bu vədlərin əksəriyyəti ya ümumiyyətlə yerinə yetirilmir, ya da vətəndaşlara təqdim edilən real şərait reklamda göstəriləndən tamamilə fərqli olur. Məhz bu fakta əsaslanan ekspertlərin rəylərində əmək miqrasiyası bazarının artıq təkcə iqtisadi məsələ deyil, eyni zamanda, ciddi hüquqi və sosial təhlükə yaradan bir istiqamətə çevrildiyi bildirilir.

“Yüksək maaş” illüziyası necə qurulur?

Əmək miqrasiyası bazarında aldadılma halları zamanı ən diqqətçəkən məqam dələduzluq sxemlərinin klassik üsullarla deyil, müasir rəqəmsal vasitələrlə həyata keçirilməsidir. Sosial şəbəkələrdə, xüsusilə “TikTok”, “Facebook” və “Instagram” platformalarında yayılan reklamlar, adətən, Avropada yüksək maaşlı iş görüntüsü yaratmaq, insanların “tez çıxış yolu” axtarışından yararlanmaq, qanunilik illüziyası formalaşdırmaq üçün müqavilə imzalamaq, “az sayda yer qalıb”, “təklif məhduddur” kimi psixoloji təzyiq üsullarını diqqətdə saxlamaq və vətəndaşdan ilkin ödəniş tələbini reallaşdırmaq kimi prinsipləri əhatə edir.

Belə reklamların əsas gücü ondadır ki, onlar emosional təsirə hesablanır. İnsanlara “qurtuluş” və “yeni həyat” vədi verilir. Bir çox hallarda vətəndaşlar real araşdırma aparmadan, müqavilənin hüquqi dəyərini yoxlamadan və şirkətin lisenziyasının olub-olmadığını dəqiqləşdirmədən ödəniş etməyə razılaşır. Nəticədə isə əmək bazarında yaranan ümidsizlik və sosial gərginlik dələduzların ən böyük “kapitalına” çevrilir.

Məsələnin ciddiliyini göstərən nümunələrdən biri də Bakıda yerləşən və Avropada, xüsusilə Slovakiya və Almaniyada qanuni iş, viza dəstəyi və leqallaşdırma xidmətləri təklif edən “Davidov Global” agentliyi ilə bağlı iddialardır. Zərərçəkən Təmkin Məmmədovun sözlərinə görə, o, ötən ilin avqust ayında bu agentliyə müraciət edib və 1000 manat ilkin ödəniş həyata keçirib. Müqavilədə onun 3 ay müddətində işlə təmin olunacağı, bunun reallaşmadığı təqdirdə isə vəsaitin 6 ay ərzində geri qaytarılacağı göstərilib.

Lakin Təmkin Məmmədov bildirir ki, artıq həmin vaxtdan 7 ay keçməsinə baxmayaraq, nə işlə təmin olunub, nə də ödəniş geri qaytarılıb. Agentlik tərəfindən isə gecikmə Almaniyanın “qlobal hadisələr səbəbindən miqrant qəbulunun dayandırılması” ilə izah edilib.

Bu arqument bir neçə ciddi sual doğurur. Məsələn, əgər miqrant qəbulu dayandırılıbsa, niyə yeni müştərilərlə müqavilə bağlanılır? Yaxud müqavilədə ödənilən vəsaitin geri qaytarılma müddəti göstərildiyi halda niyə gecikdirilir? Bu suallar, əslində, tək “Davidov Global” şirkətilə bağlı deyil, ümumilikdə, bazarda fəaliyyət göstərən bir çox agentliklərə də aid edilə bilər.

“Müqavilə” kağız parçasına çevriləndə...

Bir çox vətəndaş belə düşünür ki, müqavilə bağlanıbsa, deməli, qarşıda onu heç bir narahatlıq gözləmir. Halbuki reallıq tam fərqlidir. Azərbaycanda bəzi şirkətlər formal müqavilələr tərtib edərək vətəndaş üçün “hüquqi təminat” görüntüsü yaradır.

Amma həmin müqavilələrdə çox vaxt şirkətin öhdəliyi qeyri-müəyyən ifadələrlə yazılır, işin təmin olunacağına dair konkret hüquqi mexanizm göstərilmir, eyni zamanda, “şərtlər dəyişə bilər”, “məsuliyyət daşımırıq” kimi bəndlər əlavə edilir. Beləliklə, müqaviləyə sənəd kimi yanaşılsa da, real nəticəyə heç bir ümid bəslənilmir. Bu isə göstərir ki, problem dələduzluqla bərabər, həm də hüquqi savadsızlıq və təhlükəsiz mexanizmlərin olmamasından irəli gəlir.

Mövzu ilə bağlı vəkil Mircavid Miriyevin açıqlamasında məsələnin hüquqi tərəfi daha aydın göstərilir. Onun sözlərinə görə, bu cür hallar çox vaxt mülki mübahisə çərçivəsindən çıxaraq Cinayət Məcəlləsinin müddəalarına uyğun qiymətləndirilir. Belə ki, əgər zərər 500 manat həddini ötərsə, fəaliyyət saxta sənədlər əsasında reallaşarsa, eyni zamanda, bir qrup şəxsin iştirakı ilə həyata keçirildiyi sübuta yetirilərsə, bu zaman artıq sadəcə “pulun geri qaytarılması” məsələsi deyil, cinayət əməli gündəmə gəlir.

Vəkilin vurğuladığı kimi, Cinayət Məcəlləsinin 320-ci maddəsi sənədlərin saxtalaşdırılmasına görə böyük məbləğdə cərimə və ya həbs cəzası nəzərdə tutur. Daha ağır hallarda isə sübut olunmuş dələduzluq cinayətinin nəticəsi kimi cəza 14 il həbsə qədər yüksələ bilər. Bu fakt onu göstərir ki, əmək miqrasiyası adı altında vətəndaşların aldadılması hüquqi baxımdan olduqca təhlükəli və ağır nəticələr doğuran bir sahəyə çevrilib.

Yeri gəlmişkən, bu məqamda, belə bir sual da verilə bilirlər: vətəndaşların bu tələyə düşməsi nə ilə bağlıdır? Sualın cavabı təkcə şirkətlərin fəaliyyətində aldatmağa üstünlük verilməsi ilə əlaqədar deyil. Problemin kökündə sosial-iqtisadi və psixoloji səbəblər də dayanır. Daxili əmək bazarında bir sıra hallarda özünü qabarıq büruzə verən gərginlik bunun əyani təzahürüdür. Belə ki, bir çox insan ölkə daxilində iş tapmaqda çətinlik çəkir, tapdığı işdə isə maaşlar ailəni dolandırmağa yetmir. Bu reallıq “xaricə çıxış” düşüncəsini gücləndirir.

Bu məsələnin dərinləşməsinə Avropanın ideal həyat tərzi ilə bağlı yanlış gözləntilər də öz təsirini göstərir. Çünki sosial şəbəkələrdə Avropada yaşayanların “parlaq həyat” görüntüləri reallığı təhrif edir. İnsanlar düşünürlər ki, bu coğrafiyada hər kəs yüksək maaş alır və rahat, firavan həyat yaşayır. Şübhəsiz ki, bu məsələdə “şans bir də verilməyəcək” düşüncəsi də vətəndaşları riskli addımlar atmağa sövq edir. İnsanlar araşdırma aparmadan müəyyən ödəniş həyata keçirirlər.

Qanuni əmək miqrasiyası mexanizmlərinin kifayət qədər əlçatan olmaması da ciddi narahatlıq yaradır. Belə ki, əgər vətəndaş rəsmi və təhlükəsiz mexanizm tapa bilmirsə, alternativ yollara üz tutur. Dələduzlar isə məhz bu boşluğu doldurur.

“Miqrant sipəri” zərurəti

Hüquqşünas Araz Abdullayev deyir ki, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi ilə problemlərin dərinləşməsinin qarşısını almaq olar. Çünki artıq gəlirli biznesə çevrilən əmək miqrasiyası bazarının genişlənməsi ilə bəzi agentliklərin rəsmi qeydiyyat adı altında vasitəçi şəbəkəsi də güclənir. Ona görə də bu məsələdə bir neçə mühüm istiqamət üzrə sistemli addımlar atılmalı, xaricə işçi göndərən şirkətlərin lisenziyalaşdırılması mexanizmi sərtləşdirilməli, müqavilələrin hüquqi forması standartlaşdırılmalıdır.

Eyni zamanda, reklam və sosial media elanları monitorinq olunmalı, vətəndaşların hüquqi maarifləndirilməsi gücləndirilməli, belə şirkətlərə qarşı şikayət mexanizmləri sadələşdirilməlidir. Əks halda, bu sahə qeyri-rəsmi bazara çevrilərək daha böyük sosial fəsadlar doğura bilər.

Bu prosesin cəmiyyətə təsirindən bəhs edərkən isə, ilk növbədə, deyə bilərik ki, belə dələduzluq halları təkcə ayrı-ayrı şəxslərin pul itirməsi ilə yekunlaşmır. Bu prosesin cəmiyyətə təsiri daha genişdir. Birincisi, vətəndaşın xaricə çıxmaq ümidi sarsılır. İkincisi, o, borca düşür, bəzən kredit götürərək ödəniş edir. Nəhayət, bu cür aldadılma halları insanlarda dövlətə və hüquqi sistemə inamsızlıq yaradır. Ən təhlükəlisi isə odur ki, vətəndaş rəsmi agentliklərdən ümidini üzərək qeyri-qanuni yollarla Avropaya getməyə çalışır. Bu isə artıq insan alveri, qeyri-leqal miqrasiya və beynəlxalq hüquqi problemləri dərinləşdirir.

Ekspertlərin tövsiyələri də göstərir ki, belə hallarda ən vacib məsələ vətəndaşın hüquqi ehtiyatlılığıdır. Belə ki, əmək miqrasiyası ilə bağlı agentliyə müraciət edən şəxs, ilk növbədə, şirkətin hüquqi statusunu yoxlamalı, müqavilənin şərtlərini və hüquqi məsuliyyət hissəsini diqqətlə oxumalı, ödənişi bank vasitəsilə etməli və qəbz saxlamalıdır. Bütün bunlarla yanaşı, sosial mediada yazılan vədlərə deyil, rəsmi sənədə əsaslanmalı, eyni zamanda, ilk şübhəli əlamətdə hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Ən əsası isə vətəndaş bilməlidir ki, “çox yaxşı təklif” çox vaxt real olmur. Avropada əmək bazarı ciddi tənzimlənir və saatda yüksək maaş, pulsuz ev, yemək kimi şərtlərə çox nadir hallarda rast gəlinir. Azərbaycan vətəndaşlarının xaricdə işləmək istəyi isə təbiidir və qlobal əmək bazarında iştirak etmək müasir dövrün reallığıdır. Lakin bu istəyin əsasında dələduzluq mexanizmlərinin qurulması həm dövlət, həm cəmiyyət, həm də fərdlər üçün təhlükəli nəticələr doğurur.

“Davidov Global” agentliyi ilə bağlı iddialar da göstərir ki, məsələ təkcə bir nəfərin şikayəti ilə bağlı deyil, bu, daha genişmiqyaslı tendensiyanın göstəricisidir. Əgər bu cür halların qarşısı vaxtında alınmasa, yaxın illərdə də əmək miqrasiyası adı altında aldadılanların sayı xeyli artacaq. Bu səbəbdən problem yalnız hüquqi müstəvidə deyil, həm də sosial maarifləndirmə, reklam bazarına nəzarət, agentliklərin sertifikatlaşdırılması və ictimai monitorinq vasitəsilə həll edilməlidir. Çünki vətəndaşın Avropaya “yeni həyat” arzusu, əslində, onun düşüncəsində ən zəif nöqtəyə çevrilirsə, bu, artıq sadəcə fərdi aldanma deyil, eyni zamanda, cəmiyyətin təhlükəsizlik və sosial dayanıqlılıq problemi deməkdir.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

Azərbaycanda əmək miqrasiyasına böyük maraq bir neçə amillə bağlıdır. Bu, ilk növbədə, Avropada iş saatlarının respublikamızdan daha az olmasından irəli gələn bir məsələdir. Belə bir göstəricinin əsas səbəblərindən biri iqtisadiyyatın sektor strukturu ilə əlaqədardır. Bu məsələni qiymətləndirmək üçün Azərbaycanın məşğulluq strukturuna və Avropa ölkələrinin iqtisadi modelinə diqqət yetirmək kifayətdir. Çünki bəzi sahələr texnoloji, digərləri isə əmək, avadanlıq və material tutumludur. Azərbaycanda məşğulluqda tikinti, kənd təsərrüfatı, pərakəndə satış və xidmət sektoru üstünlük təşkil edir. Bu sahələr əsasən fiziki əmək tələb etdiyindən iş saatları daha uzun olur. Avropada isə texnologiya, maliyyə və peşəkar xidmət sahələri daha geniş yer tutur.

İkinci mühüm amil əmək məhsuldarlığıdır. Belə ki, Avropada texnologiyanın inkişaf səviyyəsi və işçi qüvvəsinin səmərəliliyi eyni istehsal həcminə daha az işçi ilə nail olmağa imkan verir. Azərbaycanda isə eyni nəticə üçün daha çox insan əməyindən istifadə olunur. Məsələn, yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə diqqət yetirək. Avropada bir çox yanacaqdoldurma məntəqələrində özünəxidmət sistemi tətbiq olunur. İnsan əməyi bahalı olduğu üçün əlavə işçi saxlanılmır. Satış həcmi isə Azərbaycandakı səviyyədən geri qalmır.

Bizdə isə, demək olar ki, hər məntəqədə işçi var. İşçi qüvvəsi ucuz olduğuna görə onun yerini texnologiya ilə əvəz etmək stimulu zəifdir. Eyni vəziyyət pərakəndə ticarət sektorunda da müşahidə olunur. Avropada özünəxidmət kassaları geniş yayılıb, Azərbaycanda isə bu təcrübə məhduddur.

Avropada distant və yarımştat iş formaları geniş yayılıb, Azərbaycanda isə belə imkanlar hələlik arzuedilən səviyyədə deyil. Eyni zamanda, əmək bazarı daha çox işçinin xeyrinədir. Respublikamızda isə əksinə, əmək bazarında fərqli durum müşahidə olunur, yəni sahibkar işçini daha uzun müddət işlədə bilir. Buna orta aylıq əməkhaqqının artımı da müəyyən təsir göstərə bilir. Bəzi hallarda sahibkar əlavə işçi götürməkdənsə, işçini yarım və ya bir saat artıq işlədərək maaşını müəyyən qədər artırmağa üstünlük verir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat