Təhcir qərarı və saxta soyqırımı iddiaları

post-img

Erməni millətçiləri 111 ildir ki, öz xalqını və dünyanı aldadırlar

(əvvəli qəzetin 23 aprel tarixli sayında)

Osmanlı bir hüquq dövləti idi. Ölkənin zəif düşməsi, müharibənin başını qatması ermənilərə əl-qol açmağa imkan vermişdi. Lakin zaman hər cinayəti öz yerinə qoyacaqdı, ermənilərin düşmənçilik hərəkətlərinə uyğun müəyyən qərarlar və qanunlar çıxarmasını qaçılmaz edəcəkdi. Şərqdə düşmənlə müharibədə keçmiş “sadiq təbəə”nin xəyanəti Osmanlı dövlətini tədbirlər görməyə sövq etməli idi. 1915-ci il 27 may tarixli təhcir qanunu, yəni erməni əhalinin müharibə bölgəsindən köçürülməsi və Osmanlı sərhədləri içərisində daha təhlükəsiz bir yerdə məskunlaşdırılması o dövr üçün ən doğru addım idi. Əslində, ermənilər xəyanət etmişdilər və buna ən yumşaq cavab köçürülmə idi.

Osmanlı dövləti köçürmə qərarı ilə yanaşı, belə bir açıqlama vermişdi: “Ermənilər haqqında hökumət tərəfindən alınan tədbirlər sırf məmləkətin asayiş-inzibatını təmin və mühafaza məcburiyyətinə müstəniddir. Erməni unsuruna qarşı imhakat bir siyasət takib etmədiyi indilik tərəfsiz bir vəziyyətdə qaldıqları görünən katolik və protestantlara toxunmamış olması göstərməkdədir”.

Göründüyü kimi, bütün ermənilər köçürməyə məruz qalmamışlar. Bu ona görə soyqırımı hesab oluna bilməz ki, ermənilər bir yerdən Osmanlı coğrafiyasının digər yerinə köçürülmüşlər. Səbəb isə onların özlərinə yaxşı aydındır. Onlar son onilliklərdə Osmanlı dövlətinə düşmənçilik edənlərə və düşmən olanlara, onunla savaşan ölkələrə yardım etmişdilər. Köçürülməyə məruz qalanlara 15 gün vaxt verilir, onların bütün ehtiyacları dövlət tərəfindən ödənilir. Şəhər və qəsəbələrdə yaşayanlar, xəstələr, yetimlər, katolik və protestant ermənilər köçürülmədilər.

“Təhcir” yəni, “yerdəyişdirmə, köç” adlandırılan qanunun qəbul edilməsinə qədər Osmanlı hökuməti bölgələrdə ciddi araşdırmalar aparmış, erməni katolikosu və millət vəkilləri, erməni millətindən olan dövlət məmurları, erməni cəmiyyətlərinin rəhbərləri ilə məsləhətləşmiş, “ölkənin müdafiəsini təşkil etmək məqsədilə sərt önləmlər almaq zorunda qalacağını” bildirmişdi. “İttihad və Tərəqqi” partiyasının liderləri tədbirsiz və ağılsız adamlar deyildilər. Əgər köçürmə qanununu hazırlamağa göstəriş vermişdilərsə, demək, başqa çıxış yolu olmamışdı. Hələ müharibə başlamamış Anadoludan başlayaraq bütün ölkəni bürüyən üsyanlar tədbirlər görməyi tələb edirdi. Bir alman generalının ifadə etdiyi kimi, “bu bölgədəki müsəlman xalqı silib-süpürməyə başlayan” ermənilərin qarşısını almağın yolları, əlbəttə, fikirləşilməli idi. “İttihad və Tərəqqi” iqtidarda olan siyasi qurum kimi tədbirlər görməyə borclu idi. O, öz öhdəsinə xalqı qorumağı götürmüşdüsə, deməli, bu quldur dəstələrinin qarşısını almalı idi. Baş komandanlıq, hökumət ermənilərin müharibənin taleyinin həllində Osmanlıya vuracaqları gələcək zərbələri göz qabağına gətirərək 2 may 1915-ci ildə daxili işlər naziri Tələt paşaya bir yazı göndərmişdi. Bu yazıda bildirilirdi ki, ermənilər üsyanları və təxribatları davam etdirmək üçün çeşidli bölgələrdə hazırlıq aparırlar. Bu yazıya cavab olaraq Tələt paşa 23 may 1915-ci ildə 4-cü Ordu Komandanlığına bir şifrə göndərərək “Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilərin Mosul vilayətinin cənub hissəsi, Zor sancağı və mərkəzindən başqa Urfa sancağına, Adana, Hələb, Maraşdan çıxarılan ermənilərin isə Suriya vilayətinin Şərq hissəsi ilə Hələb vilayətinin Şərq və Cənub-Şərqinə köçürülüb yerləşdirilmələrini” istəmişdi. Bu işləri görmək üçün Adana, Hələb və Maraş bölgəsinə müfəttişlər göndərilmişdi. Göstərişin erməniləri yox olmaqdan qorumaq məqsədi daşıdığını bir çox tədqiqatçılar, o cümlədən Samuel Uimz söyləmiş və söyləməkdədirlər. Osmanlı dövləti bu tədbiri o dövrün şərtlərinə uyğun olaraq bir qanuna bağlamışdı. “Müharibə işərisində olan dövlət idarəçiliyinə qarşı gələnlər üçün hərbi birliklər tərəfindən alınacaq tədbirlər”lə bağlı bu qanun 26 may 1915-ci ildə Məclisin gündəminə gətirilmiş və Məclis tədbirin keçirilməsini qəbul edən qərar vermişdi. Beləliklə, Məclisdən 27 may 1915-ci ildə keçən “Yerdəyişdirmə Qanunu” mətbuata iyunun 1-də verilmişdi. Qanun Osmanlının rəsmi qəzeti olan “Təkvimi-vəkai”də dərc edilmişdi. 30 may 1915-ci ildə Daxili işlər, Hərbiyə və Maliyyə nazirliklərinə göndərilən təlimatda köçün necə həyata keçiriləcəyi göstərilmişdi. Həmin təlimata görə, “müsəlman, rum, erməni əsilli Osmanlı vətəndaşlarının yerlərindən başqa yerlərə köçürülərək yerləşdirilməsi aydın əks edilmişdi. Bu qanuna görə köçürülənlərin mal və can əmniyyəti təmin olunacaqdı. Yeni evlərinə yerləşənə qədər qidaları xüsusi “köçmən ödənəyindən” veriləcəkdi. Keçmiş durumlarına uyğun olaraq onlara əmlak və ərazi ayrılacaq, ehtiyacı olanlara hökumət ev tikəcək, kənd təsərrüfatı üçün şərait yaradılacaq, gələrkən götürə bilmədikləri daşınan malları özlərinə çatdırılacaq, daşınmaz malları müəyyənləşdirilib qiymətləndirərək onların əvəzi pulla ödənəcəkdi. Onların gəlir gətirən iş yerləri, bağ-bostanı, zeytunluqları satılacaq və ya kirayəyə veriləcəkdi və s. Bütün bu məsələlər yaradılan komissiyalar tərəfindən həyata keçiriləcəkdi. Komissiyalara köçürülənlərin nümayəndələri də daxil ediləcəkdi. Dövlət bunların hamısını yüksək səviyyədə etmişdi.

* * *

Köçkünlərin kimsəsiz uşaqları və yetimlər yetimxanalarda və bəzi varlı insanların ailələrində yerləşdirilmiş, 1919-cu ildə qayıdışa icazə alındıqda onlar yaxın qohumlarına təhvil veriliblər. Yerli xalqın ermənilərə hücumunun qarşısını almaq üçün onların jandarm tərəfindən qorunması təmin edilmişdi. Müsəlmanlığı qəbul etmiş ermənilərə müharibədən sonra çıxarılan bir qanunla keçmiş yerlərinə qayıtmalarına şərait yaradılmışdı. Köçürülənlərə başda ABŞ olmaqla müxtəlif dövlətlərin yardım arzuları anlayışla qarşılanmışdı. Dövlətin müharibədən sonra “geri dönüş qanunu” ilə köçkünlərin öz evlərinə qayıtmaları təmin edilmişdi. O zaman Erməni Katolikosluğu məlumat vermişdi ki, 644 min 900 erməni geri dönüb. Suriyadan keçmiş yerinə dönmək istəməyən 500 min erməninin varlığı barədə də dövrü mətbuatda məlumatlar var. Əgər türklər “soyqırımı” etmişdisə, bu qədər erməniyə həm özü, həm də başqa dövlətlər yardım edərdimi?

“Soyqırımı olub” iddiasında olanların nəzərinə onu da çatdırmaq lazımdır ki, bu dediklərimizin hamısı tarixi sənədlərlə təsbit edilib. 1915-ci ildən etibarən öldürülənlərin sayının 600 mindən 1,5 milyona çatdırılması özü əslində saxtakarlıq nümunəsidir. Osmanlı dövlətində yaşayan ermənilərin sayı o qədər deyildi ki, onun 1,5 milyonu öldürülsün. Türk Tarix Qurumunun keçmiş başqanı, professor Yusuf Halacoğlunun apardığı tədqiqatlar onu ortaya çıxarmışdı ki, ermənilərin sayı ilə iddia olunan rəqəmlər arasında çox böyük uyğunsuzluq var. Erməni Katolikosluğunun məlumatına görə, ölkədə 1 milyon 915 min erməni yaşayır. Əgər onun 1,5 milyonu öldürülübsə, demək ölkədə cəmi-cümlətanı 400 min erməni qalmalı idi. Tarixi mənbələrə görə, 1919-cu ildə (erməni mənbələrində) 644 min 900 nəfər erməni geri dönüb. Suriyada yardım aldıqları barədə sənədlərə imza atanların sayı isə 486 min nəfərdir.

Bizim araşdırmalarımıza görə isə ermənilərin sayı 1914-cü ildə 1 milyondan artıq olmayıb. Müharibə başlananda bir çox erməni ailələri ölkəni tərk etmişdilər. 1919-cu ildə xarici tədqiqatçılar bu rəqəmlərin müəyyən qədər azaldığını göstəriblər. Çünki Osmanlı dövləti bir neçə vilayəti, o cümlədən ermənilərin köçürüldüyü Suriyanı artıq itirmişdi, müharibə nəticəsində ermənilər ölkəni tərk edib ABŞ-a və digər ölkələrə yerləşmiş, həmin ölkələrdə artmışdılar. Ermənilər özləri də etiraf edirlər ki, yeni qurulan Ermənistan Respublikasına 500 min erməni gəlib. Əgər onlar öldürülmüşdüsə, bəs 100 minlərlə erməni artımı necə baş vermişdi? İndi sayları 1 milyona çatan ermənilər ABŞ-da göbələk kimi yerdənmi çıxmışdılar? Cənubi Qafqazda onların sayı birdən-birə 1 milyona necə çatmışdı? Ermənilərə yardım edilməsi üçün İstanbula səfər edən heyət Osmanlı rəhbərliyinə (soyqırımında ittiham etdiklərı Tələt paşa, Ənvər paşaya) müraciət edib.

1919-cu ildə Türkiyədə ermənilərin sayı 1,5 milyon olub. Bunu məşhur tədqiqatçı alimlər – doktor Lepsus da, Klair Pris, Aleksander Povell də təsdiq edirlər. Amerika arxiv sənədlərində bu say 1 milyon 200 min göstərilir. Haqlı olaraq Castin Makkarti soruşur: “Əgər bu qədər (yəni 1,5 milyon) erməni öldürülübsə, bəs onların məzarları hanı?”. İndiyəcən bir dənə olsun erməni kütləvi məzarlığı tapılmayıb. Əgər bu qədər erməni öldürülmüş olsaydı, onların 3 mindən artıq toplu qəbiristanlığı olmalı, hərəsində də 500-ə qədər erməni basdırılmalı idi. Belə qəbiristanlıqlar, sadəcə olaraq, yoxdur. Ermənilərin soyqırıma məruz qaldıqları barədə iddiası bir erməni yalanıdır və arxasında məkrli siyasi məqsədlər durur.

Ermənilər saxta “soyqırmı” günü kimi 24 apreli seçmiş və hər il həmin gün hay-küy qoparırlar. Aprelin 24-də nə baş vermişdi? I Dünya müharibəsindən əvvəl Türkiyə sərhədləri içərisində yaşayan ermənilərin üsyan və təxribatlarının ölkənin Diyarbəkir, Trabzon, Sivas, Urfa, Yozqat, İzmit, Adapazarı şəhərlərinə yayılması, paytaxt İstanbulda açıq təhdidlərə keçilməsi hökuməti tədbirlər görməyə sövq edirdi. Hökumət ilk tədbir olaraq 24 aprel 1915-ci ildə erməni komitə mərkəzlərinin bağlanması, erməni təşkilatlarının sənədlərinə əl qoyulması və komitəçilərin həbsi qərarını verdi. İstanbulda 234 komitəçi həbs edildi.

Nə təhcir qanunu, nə də 24 aprel günü dövlət qanunlarına qarşı təxribatçı hərəkətlərə yol verən bir neçə erməninin həbsi “soyqırımı” hesab edilə bilməz. Ermənilər və onların himayədarları bu saxta ideologiyada məğlub duruma düşmüşlər. Iddia etdikləri bütün “faktlar” saxta çıxmışdır.

Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşanın 1915-ci il avqustun 29-da bu işi həyata keçirən vilayətlərin vali və məsul şəxslərinə göndərdiyi teleqramın guya, “erməni soyqırımı”nı həyata keçirmək göstərişi olduğu saxta erməni təbliğatından başqa bir şey deyil. Budur həmin gerçək şifrəli teleqraf: “Ermənilərin bulunduqları yerlərdən çıxarılaraq təyin edilən bölgələrə köçürülməsi hökumət tərəfindən təqib edilən qayə, bu ünsürün hökumət əleyhinə fəaliyyətlərində bulunmalarını və bir Ermənistan hökuməti təşkili haqqındakı milli əməllərini təqib edilməyəcək bir hala gətirilmələrini təmin etməkdir. Köçürülmə zamanı əhalinin əmniyyəti qorunmalı və bütün iaşə ehtiyacları ödənməlidir. Erməni əhaliyə hücum edənlər və ya məmurlar haqqında şiddətli qanuni tədbirlər alınmalı və bu kimi şəxslər dərhal həbs edilərək Divani-hərblərə təslim edilməlidir”.

* * *

1920-ci ildə Londonda Aram Andonyan adlı birisinin “Naim bəyin xatirələri” adlı kitabında Tələt paşa ittiham olunur ki, o erməniləri məhv etmək göstərişi verib. Kitabda göstərilən sənədlərin saxta olduğunu bir çox alimlər sübut ediblər.

A.Andonyanın “xatirələrində” Tələt paşaya aid edilən teleqramların qurama olduqları da sübut olunub. Osmanlı dövləti 1915-ci ildə Andonyan tərəfindən təqdim edilən həmin şifrələrdən istifadə etmir, hələ 1909-cu ildə onlardan vaz keçmişdi. Andonyan və digər erməni saxtakarlar həmin şifrələrlə “Erməniləri həll edin”, yəni “onları məhv edin” anlamına gələn teleqrafı “tarixi sənəd” kimi təqdim edərkən bilməmişdilər ki, Osmanlı artıq neçə illər idi ki, bu şifrələrdən istifadə etmirdi. Osmanlı arxivlərində aparılan araşdırmalarla bir daha sübut olundu ki, Tələt paşanı hədəf almaq üçün ortaya atılan bu şifrə tamamilə saxtadır.

ABŞ səfiri H.Morqentaunun xatirələrinə gəlincə, o, 1913-1916-cı illər arasında cəmi 26 ay İstanbulda çalışıb. Onun xatirələrini qələmə aldığı kitab nəşr olunana qədər bundan mətbuat və rəsmi dairələrin xəbəri olmayıb. Dediklərimiz və digər tarixi sənədlər sübut edir ki, Morqentaunun belə bir kitabı olmayıb. Bu kitabın birdən-birə peyda olması o məqsədi daşıyırdı ki, müharibəyə qarşı olan ABŞ ictimaiyyətinə təsir edilsin, bölgədə maraqlarını təmin etmək siyasəti aparan Amerika belə təbliğat üsullarından istifadə barədə düşünürdü. Kitabda ermənilərin soyqırımına məruz qalması iddiaları həmin məqsədlərdən irəli gələn uydurmalardı. Guya, ABŞ bu bölgədə olmasa qan su yerinə axa bilər. Heç şübhəsiz, o kitabı Morqentau yazmamışdı. Onun tərcüməçisi olan Şmavonyan və katibi Akop Andonyanın onun varlığı barədə, harada yaşaması ilə bağlı heç bir məlumat verilməmişdi. Sonradan hər iki erməninin Avropada olan erməni təşkilatları ilə əlaqələri olduğuna dair Osmanlı arxivlərində sənədlər vardır. Onların həm də ABŞ dövlətinə casusluq etmələri barədə təkzibolunmaz faktlar var. Kitabda, sadəcə olaraq, bunların adından istifadə olunmuşdur.

Digər bir erməni iddiası – Arnold Toynbinin “1915-1916-cı illərdə Osmanlı imperatorluğunda ermənilərə edilmiş hərəkətlər” adlı və 1916-cı ildə təbliğat məqsədilə çap olunan “Mavi kitab”dır. Artıq dünyada hər kəsə – tarixçiyə, araşdırmaçıya, elm adamına və siyasətçiyə bəllidir ki, bu kitab ingilis hökuməti tərəfindən hazırlatdırılıb və müharibə təbliğatı məqsədilə çap edilib. Bu da “erməni soyqırımı” deyilən uydurmanın saxtalığına dair növbəti sübut olmalıdır. Frans Verfelin “Musa dağında 40 gün” adlı kitabı da yazarın təxəyyülündən başqa bir şey deyildir.

Ermənilərin tez-tez dilə gətirdikləri, dünyanın müxtəlif parlamentlərinə təqdim edərək müəyyən dərəcədə istəklərinə çatdıqları digər bir fakt I Dünya müharibəsindən sonra qurulan Divani-Hərb məhkəmələridir. Bu məhkəmələr İstanbulu işğal etmiş və burada ağalıq edən “böyük güclər”in təzyiqi altında keçirildiyindən alınan qərarlar da birtərəfli olub. Bu da məlumdur ki, ingilislərin həbs edib Maltaya sürgünə göndərdikləri “İttihad və Tərəqqi” rəhbərlərinin “erməni soyqırımı” törətməsini sübut edən bircə fakt tapa bilməyiblər. İngilislər belə faktları tapmaq üçün çox ciddi tədqiqatlar aparmışlar. Araşdırmalar zamanı həbs edilənlər barədə heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin məhkum edərək edam etdiyi şəxslərin günahsızlığını ingilislərin, fransızların özləri etiraf etməyə məcbur olmuşdular. Edama məhkum edilənlər bəraət almışdılar.

İngilis hökuməti “soyqırımı”na dair fakt tapmaq üçün Böyük Britaniya, ABŞ, Fransa arxivlərinə baş vurmuş, verilən məlumatların heç birində soyqırımı ilə bağlı fakt olmamışdı. Əksinə, bu məlumatların işərisində türklərə qarşı ermənilərin törətdikləri cinayətlər geniş yer alır. Türkiyə Başbakanlıq Dövlət Arxivləri Baş Müdirliyi tərəfindən buraxılmış iki cildlik kitabda erməni komitəçilərin 518 min 105 türkü öldürdükləri tarixi sənədlərlə ortaya qoyulur. Türkiyə dövlət səviyyəsində dəfələrlə bəyan etmişdir ki, arxivləri bütün dünya, o cümlədən erməni tarixçilərinin üzünə açmağa hazırdır və dünya elm adamlarının və elmi mərkəzlərin işini asanlaşdırmaq üçün internetdə ayrıca web səhifələri də açılıb.

Sonralar bir daşnak-terrorist Şərqi Anadoluda baş verən hadisələr barədə gerçəkləri söyləmişdi: “Ərzurumdan 1890-cı ildə başlayan ilk üsyanın ardınca Qumqapıdan davam etdirməyimiz ermənilərin Kayseridə, Yozqatda, Çorumda da ayağa qalxmasına səbəb oldu. Biz istəyirdik ki, hər iki tərəfdən adamlar ölsün. Bu ölümlər iki xalqın bir yerdə yaşamaq istəmədiyi anlamına gələcəkdi. Zeytun və Sasunda buna nail olduq”. Həqiqətən də 1892-1893-cü illərdə adıçəkilən yerlərdə, Merzifonda, 1896-da Van üsyanı və Osmanlı Bankının tutulması, 1903-cü ildə İkinci Sasun üsyanı, 1905-ci ildə Sultan Əbdülhəmidə sui-qəsd, nəhayət, 1909-cu ildə Adana üsyanı ermənilərin xəyanətindən xəbər verirdi.

Daşnaklar XX əsrin sonlarında Qarabağda da ona görə təxribatlar, qətllər törədirdilər ki, ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasının mümkün olmadığı təsəvvürü yaradılsın.

Türkiyə Cümhuriyyəti Başbakanlıq Dövlət Arxivləri İdarəsinin çap etdirdiyi “Arxiv bəlgələrinə görə Qafqazda və Anadoluda erməni məzalimi” kitabında göstərilir ki, Anadolu və Cənubi Qafqazda 1906-1922-ci illər arasında 517 min 955 nəfər türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib. Bunlar yalnız sənədlərdə təsbit ediləndir. Ümumiyyətlə, bu bölgədə ermənilər 2 milyona yaxın türkü vəhşicəsinə öldürmüşlər. Məşhur ermənişünas alim Castin Makkarti uzun illər apardığı tədqiqatları ilə bu nəticəyə gəlib ki, ermənilər özlərinin törətdikləri cinayətləri ört basdır etmək, soyqırımları pərdələmək üçün “erməni soyqırımı” mifini uydurublar.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət