Siyasət və süni intellekt

post-img

III MƏQALƏ

Nüvə silahı

Bir çox mənalarda atom silahının yaradılmasına təkan verən elmi kəşflər bəşəriyyətin siyasi, iqtisadi, informasiya, geosiyasi, mədəni, təhlükəsizlik və sosial-psixoloji həyatını dəyişdi. Atom silahının texniki olaraq yaradılması isə qarşıya praktiki təhlükəsi çox ciddi olan bir sıra problemlər çıxardı.

Faktiki olaraq, dünyanın siyasət, dövlət idarəetməsi, elm, sosial, hərbi sferalarda aparıcı yer tutan şəxsiyyətləri onların həlli istiqamətində böyük zəhmətə qatıldılar. Fəaliyyət sahələri fərqli olsa da, onların hər birini birləşdirən bir suala cavab axtarışı vardı: “dünyanı yox olmaq, ümumiyyətlə, bəşəriyyətin məhv olmaq təhlükəsindən necə xilas edək?”

Çünki dünya qarşısında məsələ iki reallığın qarşılıqlı münasibətləri kontekstində kəskinliklə qoyulmuşdu; 1) fiziklər atom silahının tətbiqi sayəsində insan sivilizasiyasının yox ola bilməsi riskini bəyan etmişdilər; 2) elə dairələr vardı ki, geosiyasi məqsədlərə çatmaq üçün nüvə silahının tətbiqini istisna etmirdilər.

Obrazlı desək, dünya XX əsrin ortalarından “nüvə silahını dünya siyasətinin hansı hissəsində yerləşdirək” kimi fundamental suala cavab axtarışına xüsusi diqqət ayırmağa başladı. Bu, faktiki olaraq, dünya siyasi liderləri və strateqləri qarşısına çıxmış dilemma idi. Onun həlli istiqamətində ideya irəli sürməkdə Henri Kissincerin dünya səviyyəsində diqqətə alınan öz mövqeyi vardı.

Məhdud nüvə müharibəsi

Henri Kissincer hesab edirdi ki, nüvə silahının istifadəsi dünyanın bu sferada ən güclü dövlətlərdən heç birinin tam qələbəsinə təminat verməyəcək və real olaraq dünya məhvolma riski ilə üz-üzə qalacaq. Sonralar sovet alimi N.Moiseyevin riyazi modellər əsasında dünyanın “nüvə qışı”na məruz qala biləcəyi haqqında tədqiqatı H.Kissincerin nəzəri-geosiyasi proqnozunu elmi olaraq tam təsdiqlədi. Məlum oldu ki, ən güclü dövlətin qalib gəlməsinin tam gücü hərbi silah tətbiqini aşmalı olan digər faktorlarla bağlıdır. H.Kissincerin də ABŞ üçün qələbə strategiyasının mərkəzində bu tezis dayanır. Onun daxil etdiyi “məhdudlaşmış nüvə müharibəsi” strategiyası ona əsaslanır. Onun qısa izahını verək.

H.Kissincer 1957-ci ildə “Nüvə silahı və xarici siyasət” əsərində yazırdı ki, “məhdud nüvə müharibəsi özlüyündə uğura təminat vermir”. Lakin həmin müharibə növündə ABŞ-ın “sosial, texniki və psixoloji üstünlüyü ən yaxşı təzahür edə bilər”. Deməli, H.Kissincer üçün məhdudlaşmış nüvə müharibəsində qarşı tərəfi tam məhv etmək deyil, Amerikanın sosial, texniki və psixoloji üstünlüyünü təmin etmək başlıca məqsəd kimi müəyyən edilmişdir.

Aydın olur ki, məhdudlaşmış nüvə müharibəsi növü hər şeyi məhv etmək strategiyasına deyil, lokal hərbi əməliyyatlardan və diplomatiyadan qüvvələr balansına nail olmaq üçün istifadə strategiyasına əsaslanır.

Yeni qüvvələr balansı axtarışı

Burada çox mühüm bir məqam mövcuddur. H.Kissincerin yanaşmasında balans yaratmaq son məqsəd kimi çıxış edir. Bu isə o deməkdir ki, məhdudlaşmış nüvə müharibəsi pozulacaq balansı yeni miqyas və məzmunda bərpa etməyi ciddi nəzərdə tutur. Yəni məqsəd, ümumiyyətlə, balansı məhv etməkdən ibarət deyildir – onun əvəzində elə yeni balans yaratmaqdır ki, ABŞ-ın üstünlüyünü təmin etsin. O isə asan məsələ deyil, çünki çoxlu sayda “yumşaq faktor”un nəzərə alınmasını və onlardan sistem halında optimal səmərəli istifadəni mütləq surətdə aktuallaşdırır. Buradan potensial olaraq iki qənaət əldə edə bilərik.

Birincisi, ümumi geosiyasi-nəzəri səviyyədə bu, faktiki olaraq, bütövlükdə müharibə təsəvvürünü dəyişmək, ona tamamilə fərqli məzmun və məqsəd vermək idi. O cümlədən yeni faktorların kompleksindən istifadə məsələsini real surətdə gündəmə gətirmək demək idi.

İkincisi, elə təsir mexanizmləri yaradılmalı idi ki, özlüyündə mürəkkəb və riskli olan məhdud nüvə müharibəsində “yumşaq funksiya” sayəsində balanslaşmanı barışın təməlinə yerləşdirməyə təminat versin.

İnformasiya-kommunikasiya texnologiyalarının diktəsi

Beləliklə, H.Kissincerin yanaşması avtomatik olaraq yeni informasiya-kommunikasiya texnologiyalarından müharibədə maksimum istifadə məsələsini gündəmə gətirməli idi. Bu prosesə keçən əsrin ortalarından başlayaraq Qərbdə yeni informasiya-kommunikasiya texnologiyalarının, süni intellektin müxtəlif növlərinin, güclü kompüter proqramlarının yaradılması konkret məzmun verdi. Mütəxəssislər həmin kontekstdə britaniyalı mühəndis D.Dammerin inteqrəolunmuş çiplərini (İC, 1952-1959-cu illər), Uilyam Şoklinin tranzistorlarını (XX əsrin 50-ci illərinin sonu), Robert Noysun özünün yaratdığı “Fairchild Semiconductors” firmasında 3 illik gərgin fəaliyyət sayəsində yeni çiplər yaratmasını (XX əsrin 50-ci illərinin sonu 60-cı illərin əvvəlləri) xüsusi qeyd edirlər.

Bütün bu kimi faktları birləşdirərək “rəqəmsal mədəniyyət” anlayışının müəllifi Çarli Gir yazırdı: “XX əsrin 60-70-ci illərində postindustrial informasiya cəmiyyəti layihəsinin həyata keçməsi üçün texnoloji alətlər yaradıldı. Əvvəlcə, demək olar ki, eyni zamanda mini-kompüterlər meydana gəldi, sonra isə personal kompüterlər yaradıldı. Sonuncu, başqa hadisələrlə yanaşı...kompüter texnologiyaları paradiqmalarının meydana gəlməsinə təkan verdi”. Yəni informasiya faktorunun Qərb cəmiyyətlərində dominantlığı fraqmentar və sırf texnoloji məsələ deyil – o, bütövlükdə cəmiyyətin yeni sosial-mədəni və iqtisadi-informasiya növünün formalaşmasına birbaşa bağlıdır.

Köklü bağlılıq

Yuxarıda vurğulanan məqamlar müharibələrin yeni növlərinin meydana gəlməsinin anatomiyasını dərk etmək baxımından olduqca əhəmiyyətlidir. Çünki müasir dövrün sürətli yeniləşmələri fonunda “müharibə və sülh” kontekstində onlar vacib rol oynaya bilərlər. Ayrıca, hazırkı mərhələdə müharibənin məqsədlərinin dəqiq müəyyən edilməsi çox əhəmiyyətlidir. Burada kimin qalib gələcəyini proqnozlaşdırmaqdan çox, ümumiyyətlə, müharibələrin olmamasına necə nail olmağın fəlsəfi, geosiyasi və siyasi kriteriyalarını aydınlaşdırmaq aktualdır. Bu baxımdan H.Kissincerin “məhdud nüvə müharibəsi” açar prinsip rolunu oynayır. Çünki bu yanaşmanın fonunda, ümumiyyətlə, nüvə silahlarından istifadənin yolverilməzliyi ön plana çıxır.

Digər tərəfdən, aydın olur ki, XX əsrin ikinci yarısından başlayaraq siyasətlə yeni texnologiyaların arasındakı əlaqələr fundamental xarakter daşıyır. Yeni texnologiyaların müharibələrdə tətbiqi hər şeydən öncə konkret dövlətin siyasi kursunun (daxili+xarici) məqsədlərindən birbaşa asılıdır. Qısa bir nəzəri müqayisə fikrimizi aydınlaşdırır.

Müasir geosiyasi və siyasi təlimlərdə dövlət identikliyi (yəni dövlətin siyasi və geosiyasi kimliyi) çox aktual məsələ sayılır. Onu Qərb nəzəri təlimlərində təsnifləşdirəndə dövlətin xarici siyasətinin mahiyyətini əsas götürürlər. Məsələn, əgər dövlət xarici siyasətini başqalarını təsir altına almaq məqsədi ilə formalaşdırırsa, onun identikliyinə “eqoist identiklik” deyirlər. Belə dövlətlər aqressiv və başqalarına hərbi təcavüzə meyilli olur. Süni intellekt də daxil olmaqla yeni texnologiyaların tətbiqi bu məqsədə xidmət edir. Deməli, siyasi strategiya texnologiyaların tətbiqi strategiyasını müəyyən edir.

Yuxarıda vurğuladığımız nəzəri məsələlər əslində “hibrid müharibə” anlayışına keçid üçün baza hazırlamaq məqsədi daşıyır. Əsas məqsəd isə hibrid müharibə növünün təməldən siyasətlə sıx bağlı olduğunu ifadə etməkdən ibarətdir. Yəni çağdaş mərhələdə kimsə “hibrid təhdid” və “hibrid müharibə” ifadəsini işlədirsə, bunun arxasında mütləq surətdə hansısa geosiyasi və siyasi məqsəd dayanır.

Konseptual yanaşma baxımından da maraqlı bir strateji keçidin mövcudluğunu görürük.

Nüvə silahından konvensionallığa

Henri Kissincerin müharibə strategiyasında iki məqam sintez halındadır: hədəf ölkənin hərbi zərbə ilə tam məhv edilməməsi və yeni qüvvələr balansının yaradılması. Bu iki aspektin sintezində qarşı tərəf elə zəifləməlidir ki, nə tarixin səhnəsindən tam silinsin, nə də güclü surətdə balans boşluğu yaransın. Bunun üçün hədəf ölkəyə itirəcəklərinin indi itirdiklərindən daha faciəvi olacağı fikrini qəbul etdirmək lazım gəlir. Ancaq burada, taktiki də olsa, nüvə silahından istifadə xeyli risklər meydana gətirir və itkilərin daha geniş geosiyasi məkanda meydana gəlməsi üçün əlavə şərait yaradır. Çünki özlüyündə nüvə silahı kütləvi məhv etmək imkanına malikdir və onun hansı gücdə tətbiq olunması məsələsi öncədən aydın deyildir. H.Kissincerin müharibə növünün zəif cəhəti bununla bağlıdır.

Digər tərəfdən, yeni texnologiyalar və süni intellekt növləri inkişaf etdikcə aydın olurdu ki, “yumşaq təsir” daha “sivil” təsiri bağışlayır. Son nəticə hərbi güc tətbiqi variantı ilə eyni ola bilər: hədəf ölkə öz funksionallığını və müstəqilliyini daxili strukturu pozulanda itirə bilər və ya kənardan tam asılı hala gələr. Bu zaman zahirən həm ölkə saxlanır (klassik hərbi anlamda məhv edilmir), həm də o, az miqyasda xarabaya çevrilir. Xarabanı yenidən qurmaq üçün qalib ölkənin iradəsi və seçimi əsas götürülür.

Nümunə kimi, deyə bilərik ki, II Dünya müharibəsində SSRİ, Avropanın bir sıra ölkələri əsl xarabaya çevrilmişdilər və onların dirçəlməsi xeyli uzun sürən, böyük xərc tələb edən, başlıca olaraq isə dövlətin müstəqilliyini saxlaması ilə nəticələnın çətin proses oldu. Almaniya müstəqil oldu və gücləndi, SSRİ isə dünyanın iki fövqəlgücündən biri oldu. Bu, müəyyən dairələri, təbii ki, qane etmirdi və onlar hətta qalibin belə postmüharibə mərhələsində özlərindən asılı olmasında maraqlı idilər. Bunun üçün isə güclü siyasi kurs, uyğun hərbi doktrina və prinsipcə yeni müharibə növü tapmaq lazım idi.

Qərb bu məntiqlə faktiki olaraq, indi “hibrid” adlandırılan yeni müharibə növünün astanasına gəlib çıxmışdı. “Hibrid müharibə”nin mahiyyəti adından bəllidir. “Hibrid” latıncadan tərcümədə “qarışıq” anlamını verir. Bu anlayışdan biologiyadan tutmuş avtomobillərə və digər texniki vasitələrə qədər müxtəlif sferalarda istifadə edirlər. Texnikada hibrid iki müxtəlif texnologiyanın bir-biri ilə uzlaşdırılmasını ifadə edir. Bütün tətbiq istiqamətlərində isə hibrid fərqli keyfiyyətlərin, mexanizmlərin, funksionallığın sinkretik birliyini əks etdirir. Deməli, hibridləşmə ona daxil olan hər bir komponentin daha yüksək və səmərəli nəticələr almaq üçün lazımi səviyyədə istifadə imkanlarını özündə ehtiva edir.

Doğrudur, bütövlükdə “hibrid müharibə”ni müxtəlif cür izah edirlər. Hətta onun qədimdən mövcud olduğunu yazırlar. Ümumi səviyyədə bu, belə ola bilər. Lakin çağdaş dövr üçün hibrid müharibə müasir texnologiyaların və süni intellektin geniş istifadə edildiyi, həm də konvensional (adi) silahlardan istifadə ilə həyata keçirilən sinkretik (qarışıq) müharibə növüdür. Bu anlamda o, məqsəd baxımından bir tərəfdən H.Kissincerin “məhdud müharibə” doktrinasının davamıdır, digər tərəfdən isə sırf müasir dövrə aiddir.

Burada başlıca məqam hibrid müharibəsində nüvə silahından adi silahlara keçiddən ibarətdir. Bununla total dağıdıcılığı lokal dağıdıcılıq əvəz edir. Lakin nəticə eynidir: qarşı tərəfi qalibə sərf edən kompromisə vadar etmək. Bu, təntənəli müqavilə ilə də sonuclana bilər, lakin əsas odur ki, qalib daha çox qazansın! Eyni zamanda, süni intellektdən, ən yeni informasiya-kommunikasiya texnologiyalarından, kiber vasitələrindən geniş və prinsipial istifadə mühüm şərtdir.

Bütün bunlara rəğmən, XXI əsrin təcrübəsi göstərir ki, hibrid müharibə də son növ deyil. Çağdaş dövr birbaşa dövlətin siyasi kursunun mahiyyəti ilə bağlı olan fərqli müharibə növlərini yaratmaqdadır. Maraqlı tərəfi odur ki, müasir müharibə növləri siyasətdən daha çox asılı hala gəməkdədir. Bunun da başlıca səbəbi süni intellektdən, ən yeni informasiya texnologiyalarından, kibervasitələrdən daha geniş və dərin istifadə ilə əlaqəlidir.

Burada yeni paradoks meydana gəlir: müəyyən dairələr insan zəkasının ən humanist töhfələrini, yaradıcılığa, birləşməyə, daha yüksək rifaha malik cəmiyyət qurmağa deyil, bütün dünya üçün həssas olan dağıdıcılığa istiqamətləndirirlər! Bu zaman yeni və çox hiyləgər “sivil üsullar”dan (yəni klassik hərbi anlamda məhv etməyən) istifadə edirlər! Ancaq həmin “sivil üsullar”ın dağıdıcılıq potensialı klassik və qeyri-klassik müharibə növlərini qat-qat üstələyə bilər.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət