Ermənistan XİN-in açıqladığı müsbət məqam nədir?
Ermənistanda qondarma “erməni soyqırımı”nın 111-ci ildönümü qeyd edildi. Daha doğrusu, ölkənin şovinist və revanşist dairələri, o cümlədən bütün hayların katolikosu II Qaregin uydurma tarixə söykənib sərsəmlədi. Əlbəttə, təfərrüatlara varmaq niyyətindən uzağıq. Ancaq Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı istisnadır. O bəyanat ki, özündə 3 yalanı birləşdirir. Hərçənd, sənədin müsbət yükü var və bu barədə sonda söz açacağıq.
Birinci yalan. Ermənistan XİN 1915-ci ildə Osmanlı imperiyasında yaşananları “soyqırımı” adlandırır. İlk yalan budur. O zaman nə üçün ölkənin baş naziri Nikol Paşinyan bir müddət əvvəlki açıqlamasında “soyqırımı” məsələsinin keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xalqları bir-birinə vurmaq üçün ortaya atdığı oyun mahiyyətini qabartmışdı? Axı Nikol haqlı idi. Çünki ötən əsrin 50-ci illərində Türkiyə NATO-ya qoşulmuş və Sovet İttifaqının təbliğatı alyans üzvü olan ölkəni həm də soyqırımı törədən məmləkət statusunda göstərməyə hesablanmışdı. Yeri gəlmişkən, rus imperializminin körüklədiyi soyqırımı cəfəngiyyatı 1988-ci ildən sonra baş qaldırmış “Qarabağ hərəkatı” üçün də hərəkətverici amilə çevrilmiş, nəticə etibarilə ermənilərlə azərbaycanlılar arasında düşmənçilik toxumu səpilmişdi. Yəni rəsmi İrəvan keçmişi kənara qoymaq istəyirsə, bunu nəzərə almalıdır. Rəsmi İrəvan, eyni zamanda, nəzərə almalıdır ki, qondarma “soyqırımı” məsələsinin hansısa formada qaldırılması, istər-istəməz, hazırda ölkənin can atdığı Türkiyə-Ermənistan normallaşması baxımından inamsızlıq və etimadsızlıq mühiti formalaşdırır. Axı Qərbdəki bəzi dairələrin zaman-zaman bu cəfəngiyyatdan Ankaranı hədəfə almaq üçün yararlandıqları məlumdur.
Digər tərəfdən, baş nazir Paşinyanın “erməni soyqırımı” ilə bağlı həqiqətlərin araşdırılmasına eyham vuran fikirləri var. Həqiqət isə tarixi faktlardadır. Vaxtilə Türkiyə dövləti Ermənistanla birgə komisiyya yaratmaq və məsələni araşdırmaq təklifini irəli sürmüşdü. Nə ozamankı erməni iqtidarı, nə də dünyadakı “erməni sevdalıları” təklifi müsbət qiymətləndirmədilər. Görəsən niyə? Halbuki gerçəyi bilmək şərtdir. Gerçək isə budur: Birinci Dünya müharibəsindı iştirak edən Osmanlı daxildə erməni xayinliyi ilə üzləşmişdi və bu məqamı hazırda bir sıra hay siyasətçiləri, ekspert və jurnalistləri dilə gətirirlər. Ermənilər məhz köçürülmələr nəticəsində həyatlarını itirmişdilər. Amma bu baxımdan istifadə edilən 1,5 milyon rəqəmi uydurmadır. Ermənistan XİN-in bəyanatında yer almış və kimlərinsə sırf erməni olduqları üçün qətlə yetirilmələrinə, yaxud digər xoşagəlməz rəftara məruz qalmalarına dair məqamlar da həqiqətin təhrifindən başqa bir şey deyil. Çünki ortaya elementar sual çıxır: Nəyə görə çoxsaylı millətlərin və xalqların yaşadıqları Osmanlı imperiyasında məhz ermənilər ayrı-seçkiliyə məruz qalmışdılar? Səbəbi göstərdik.
İkinci yalan. Buna ağ yalan demək daha doğrudur. Ermənistan XİN-in bəyanatında vurğulanır ki, guya, erməni xalqına qarşı törədilmiş cinayət 1948-ci ildə BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya”sının qəbuluna əsas yaratmış tarixi nümunələrdən biridir. Məsələ ondadır ki, sözügedən konvensiyaya ehtiyac Holokost və ümumilikdə İkinci Dünya müharibəsi dövründə baş vermiş kütləvi qırğınlar nəticəsində yaranmış, beynəlxalq ictimaiyyət konkret hüquqi mexanizm formalaşdırmaq inadı göstərmişdi. Doğrudur, “soyqırımı” terminini irəli sürən Rafael Lemkin əsərlərində həm nasist cinayətlərini, həm də Osmanlı dövründə ermənilərə qarşı baş vermiş hadisələri nümunə qismində göstərmişdi. Yəni həmin hadisələr Lemkinin subyektiv düşüncəsinə təsir göstərsə də, konvensiyanın rəsmi hüquqi əsasını təşkil etməmişdi. Birincisi, qondarma erməni iddiası “soyqırımı” termininin konvensiya ilə səciyyələndirilmiş müddalarını özündə ehtiva etmir. Çünki ona dair obyektiv elmi araşdırma yoxdur. İkincisi, hələ o vaxt da məlum idi ki, erməni məsələsi sırf siyasi mahiyyət daşıyır. Bu mahiyyət isə təkcə 1915-ci illə bağlı olmayıb. Nəzərə alaq ki, erməni millətçiləri 1907-ci ildə ozamankı ABŞ Prezidenti Teodor Ruzveltə soyqırımla əlaqədar məktub yazmışdılar. Görəsən, o nə məsələ idi? Yaxşı olar ki, Ermənistan XİN bu kimi məqamları da nəzərdən keçirsin. Əlbəttə ki, həqiqət axtarışındadırsa.
Üçüncü yalan. Məlumdur ki, BMT “Soyqırımı cinayətinin qurbanlarının anılması və bu cinayətin qarşısının alınması üzrə Beynəlxalq Gün” təsis edib. Ermənistanın xarici siyasət idarəsi bəyanatında vurğulayıb ki, guya, 2015-ci ildə həmin günün ərsəyə gəlməsində ölkənin rolu var. İddia çox gülüncdür. Xüsusi yolverilməzlik isə məsələ barədə məhz qondarma iddianın ildönümü günündə söz açmaqdır. Birincisi, sözügedən günün təsisində dünyanın bir çox ölkələri fəal mövqe bildirmişdilər. Yəni qərar müştərək şəkildə qəbul olunmuşdu. Bu mənada, Ermənistanın əlahiddə fəallıq payı yoxdur, ola da bilməzdi. İkincisi, ozamankı hay iqtidarı “erməni soyqırımı” məsələsini siyasi alver predmetinə çevirənlərdən ibarət idi. Ona görə daha yaxşı olar ki, Paşinyan iqtidarı belələrinin zamanında ortaya atdıqları saxta tezisləri yenidən gündəmə gətiməsinlər. Çünki “sabiqlərin” soyqırımı kartı ilə oynadıqları siyasi oyunbazlığın acısını sadə ermənilər çəkiblər.
Sonda Ermənistan XİN-in qondarma iddianın 111-ci ildönümü ilə bağlı bəyanatdakı müsbət məqama toxunaq. Bəli, hay toplumu yaşananlardan dərs çıxarmalıdır. Yəqin elə buna görə də qurumun yaydığı sənəddə bildirilir: “Ermənistan Respublikası keçmişi xatırlayaraq və erməni soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərərək, öz suveren gələcəyini sülh gündəliyi əsasında qurur. Qonşu dövlətlər arasında yaxşı qonşuluq münasibətlərinin və real qarşılıqlı əməkdaşlığın mövcudluğu Cənubi Qafqazda davamlı sülhün qurulması və regionumuzun bütün xalqlarının dinc və yanaşı yaşamasının təmin edilməsi üçün zəruri olan minimum şərtdir”.
Hesab edirik ki, məhz bu fikrə görə Ermənistan XİN bəyanat verməyə də bilərdi. Yəni qurum diqqətə çatdırdığımız mövqeyi ilə, faktiki olaraq, sənəddə əksini tapan digər məqamların mənasızlığını sübuta yetirir. Məsələn, Azərbaycan da gələcəyi regional sülhdə görür. Ancaq ölkəmizin rəhbərliyi və cəmiyyəti bu düşüncədədir ki, Xocalı soyqırımı kimi insanlıq cinayəti, heç bir halda, cəzasız qalmamalıdır. Prinsipial yanaşma budur. Çünki cəzasızlıq mühiti gələcəkdə bəşəri cinayətlər törətmək üçün, bir növ, yaşıl işıq yandırır, risk daşıyır. “Erməni soyqırımı” kimi cəfəngiyyatın yada salınması da bu cür sərsəmliklərlə hansısa siyasi dividend qazanmaq imkanlarını saxladığı, qeyri-səmimi mühit formalaşdırdığı üçün ondan tam və birdəfəlik uzaq durmaq şərtdir. Rəsmi İrəvan təmsilçilərinin bu məqamı da qulaqlarımda sırqa etmələri mütləqdir.
Ə.RÜSTƏMOV
XQ

