Saflıq sindromu və ya Ter-Petrosyan üçün nekroloq

post-img

“Keçmişi siyasi həyatdan qovmağ”ın Ermənistana ibrət yükü

Bəribaşdan deyək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin birinci prezidenti Levon Ter-Petrosyan haqqında dilə gətirdiyi fikirlərdə atmaca payı var. Çünki 1945-ci ildə Suriyada doğulmuş, sonra ailəsi sabiq SSRİ-də məskunlaşmış, 1988-ci ildə “Qarabağ komitəsi” kimi qondarma quruma rəhbərlik etmiş Ter-Petrosyan terrorçu “Daşnaksütyun” partiyasının üzvü olmayıb. Hətta birinci prezidentin zamanında bu partiyanın Ermənistandakı fəaliyyətinə rəsmən qadağa qoyulub.

O qadağa ki, 1998-ci ildə, daha doğrusu, Ter-Petrosyanın dövlət başçısı postundan uzaqlaşmasından sonra aradan qalxdı. Elə isə Paşinyan nə demək istəyib? Əslində, baş nazir suala cavabını açıqlamasının sonunda verib. O deyib ki, qarşıdan gələn parlament seçkiləri “keçmişləri siyasi həyatdan qovmaq” üçün müstəsna imkandır. Keçmişlərin sırasında isə hazırda Erməni Milli Konqresinin sədri olan L.Ter-Petrosyan da var. O Ter-Petrosyan ki, son zamanlar Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə tez-tez görüşmüş və belə təəssürat yaranmışdı ki, Levon Moskvanın müəyyənləşdirdiyi xəttin təmsilçisi, parlament seçkilərində baş nazirliyə namizədidir. Amma...

“Əmması” budur ki, Ermənistanda hazırda cərəyan edən proseslər fonunda L.Ter-Petrosyan heç də ciddi fiqur deyil. Görünür, o, Kopırkinin timsalında Rusiyanın müəyyənləşdirdiyi kursa uyğun gəlməyib. Hər halda, belə ehtimal yürütmək mümkündür. Həm bu fikrimizi möhkəmləndirmək, həm də ümumi mənzərəni aydınlaşdırmaq üçün çox da uzaq olmayan keçmişə qayıdaq. Məsələ ondadır ki, qondarma “Qarabağ hərəkatı”nın Ermənistanın siyasi səhnəsinə çıxardığı L.Ter-Petrosyanın prezidentliyi müddətində, yəni 1991-1998-ci illərdə “Daşnaksütyun” Partiyası ölkədə güclü siyasi və ideoloji təşkilat qiyafəsində idi. Yəqin Levonun 1994-cü ildə onun fəaliyyətini qadağan etməsinin səbəbi məhz bu olmuşdu. Şübhəsiz, başqa mətləblər də vurğulanmalıdır.

Əlqərəz, L.Ter-Petrosyan Qarabağ məsələsinin avantüra mahiyyəti daşıdığını hamıdan tez anladı. Buna görə kompromisə açıq xətt yürütdü, müharibənin yalnız müəyyən dividendi ilə kifayətlənmək kursu götürdü. Daşnaklar isə əksinə, sərt və maksimalist davrandılar. Levon, eyni zamanda, daşnaklardan fərqli olaraq, beynəlxalq inteqrasiya yolu tutdu, milli-ideoloji və diaspor yönümlü fazadan çəkinməyi doğru saydı. Hətta Azərbaycanın sayəsində Ermənistanın təcrid duruma düşəcəyini və yekunda Qarabağ avantürasının ölkəyə ancaq zərər gətirəcəyini duydu. Uzun sözün qısası, N.Paşinyanın diqqətə çatdırdığımız iddiası daha çox siyasi ritorika kimi qiymətləndirilməlidir. Onun dediklərinin faktlarla təsdiqlənmiş bioqrafik və ya institusional əlaqəsi yoxdur və şübhəsiz, Nikol özü də durumun fərqindədir. O zaman ortaya sual çıxır: Baş nazir nəyə görə L.Ter-Petrosyanı “Daşnaktsütyun” Partiyasının saf nümayəndəsi adlandırıb?

Nikolun sualı cavablandırdığını deyə bilərik. Baş nazir, faktiki olaraq, Levonun daşnaklar üçün alətə çevrilməsinə eyham vurur. Görəsən, o dövrün Ermənistanında alət olmayan var idi? Hər halda, üzdəki siyasilərin sırasında rasional düşüncə sahibinə rast gəlinmir. Axı hamı avantüraya qapılmışdı. Heç kəs nəyisə sorğulamırdı. L.Ter-Petrosyanın Qarabağ məsələsinin cəfəng mahiyyətini ən tez anlayanlardan olmasının və haqqında bəhs etdiyimiz kompromisə hazırlığının isə səbəbi var. O, ulu öndər Heydər Əliyevin beynəlxalq miqyasdakı mahir və cəsarətli diplomatik gedişləri sayəsində çarəsiz duruma düşmüş, qəflət yuxusundan ayılmışdı. Ancaq Levon hay toplumuna həqiqətləri çılpaqlığı ilə deyə bilmədi. Axı xəstə cəmiyyət Qarabağ qalibiyyətinin eyforiyasını yaşayırdı. Bəli, belə bir durumda gerçəklər şok effekti yaradardı. Ter-Petrosyan məhz buna görə reallığı aramla səsləndirdi. Məsələn, o, 1996-cı ildəki çıxışlarının birində Azərbaycan və Türkiyə ilə dil tapmadan Ermənistanın müstəqil dövlət kimi inkişafının olmadığını bildirdi, lakin ümumən xalqı inandırmağı bacarmadı, məsuliyyətdən yayındı, əlini daşın altına qoymadı və asan yola üstünlük verdi. Söhbət Levonun prezident postundan istefasından gedir.

L.Ter-Petrosyanın istefasının digər səbəbi də var - qorxu. O, əsl dövlətçilik istəklərinin xaricdən, konkret olaraq, Rusiyadan buxovlandığını gördü. Gördü ki, ölkənin siyasi müstəqilliyi, obrazlı desək, Qarabağ daşının ağırlığı altında can çəkir. Nəzərə alaq ki, L.Ter-Petrosyandan sonra Ermənistanda bu məqamı dərk edən və güzəştə hazır olan başqaları da meydana çıxdı. Məsələn, ölkə parlamentinin sədri Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyan. Onların hər ikisi 1999-cu il oktyabrın 27-də Erməni Milli Assambleyasında baş vermiş güllə-boranda həyatlarını itirdilər. Çox güman, L.Ter-Petrosyan axına qarşı üzüb dirəniş göstərsəydi, eyni aqibətlə üzləşəcəkdi. Deməli, qorxmasına əsas var idi.

L.Ter-Petrosyandan sonra hakimiyyətə Qarabağ cəlladı Robert Koçaryan gəldi və Ermənistan böyük anlamda Rusiyanın tam boyunduruğuna keçdi. Ölkə, həmçinin, xaricdəki erməni lobbi və diaspor təşkilatlarının himayəsindən asılı duruma düşdü. Yəni hər şey həm də daşnakların istədiyi kimi oldu. Durum uzun sürdü və onun sonda nə ilə nəticələndiyini hamı gördü...

Paşinyan hakimiyyətə gəldikdən sonra hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsi ilə bağlı danışıqları pozdu. Çünki prosesin fayda verməyəcəyini duydu. O, həmin vaxta qədərki manipulyativ xətdən uzaqlaşaraq, birbaşa mətləbə keçdi və “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını səsləndirdi. O bəyanat ki, ölkəni müharibəyə və rüsvayçı məğlubiyyətə sürüklədi. Gözləntilər özünü doğrultmadı və doğrulda bilməzdi.

Onu da bildirək ki, N.Paşinyan Ter-Petrosyanın Erməni Milli Konqresinin qarşıdakı seçkilərdə ümumiyyətlə heç bir şansının olmadığını deyib. Özü də son dərəcə əmin şəkildə. Yəni Levon saf davranıb daşnakların Qarabağ avantürasına getməklə, bugünkü Ermənistan reallığındakı siyasi mübarizə şansını tamamilə itirib. Yəqin buna görə səfir Kopırkinin Ter-Petrosyanla danışıqları fayda verməyib. Çünki ikincidə istifadə üçün yararlı faza qalmayıb.

Sonda Paşinyanın Ter-Petrosyanla bağlı fikirlərindəki dramatizm yükündən söz açaq. Nikol öz müəllimi olmuş Levona ona görə “saf” deyə bilər ki, ikinci daşnakların oyununa uyduğu üçün reallığı gec dərk etdi. Bu, peşəkar siyasətçi üçün faciə mahiyyəti daşıyan durumdur. Təsəvvür edin, bir ideologiyaya inanıb onu özünə həyat amalı seçirsən, sonra inandıqlarının cəfəng mahiyyəti, əslində, kiminsə diktəsi olduğu üzə çıxır. Ortada faciədən də betər, əsl fəlakət var və bu fəlakət təkcə Ter-Petrosyanın yox, ümumən, müstəqillik dövrü Ermənistanının siyasi və ictimai industriyasının miskin və rəzil yaşantısıdır.

İki yüz ildə bir dəfə əlinə dövlət yaratmaq şansı düşsün, saf davranıb imkanı əldən burax. Görünür, bu səbəbdəndir ki, hazırda N.Paşinyan və komandası tarixi şansı əldən verməməyin təbliğatını aparır. Yəni avantüradan uzaq durub sülhə gəlməyin, qonşularla normal münasibətlər qurmağın təbliğatını. Yuxarıda qeyd etdik ki, Ter-Petrosyan bu məqamı yalnız ötəri, cəmi bir çıxışında dilə gətirmişdi.

Ermənistanın birinci prezidentinin daha bir səhvi var. O, hamıdan tez dərk etdiyi reallıq barədə illərlə susdu, həqiqətləri etiraf etmək üçün özündə cəsarət tapmadı. Görünür, saflıq ona ağır gəlib. Paşinyan isə səhvi bağışlamır və atmacalı şəkildə, hətta ironik tərzdə üzə vurur. Axı siyasətin sərt oyun qaydaları var. Bu qaydalar çərçivəsində davranıb “keçmişləri siyasi həyatdan qovmaq” isə Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki növbəti saflıq ölkəni yox edə bilər.

Ə.RÜSTƏM
XQ

Siyasət