Barışın əsaslılıq xətti və Alen Simonyanın düşünmədiyi məqamlar
Son aylar Ermənistan rəsmilərinin Azərbaycanla bağlı fikirlərində pozitiv ab-hava hökm sürməkdədir. Əlbəttə, bu, sevindiricidir və belə bəyanatların hər iki ölkənin cəmiyyətlərinə adekvat təsiri var.
Bəli, Ermənistan rəsmilərinin regionda sülh xüsusunda səsləndirdikləri bəyanatlar nikbinlik üçün əsas verir. Məsələn, baş nazir Nikol Paşinyan bu günlərdə erməni cəmiyyətini hələ çox kövrək olan barış mühitini qorumağa səsləyib. Bu çağırış sırf qarşıdan gələn parlament seçkilərinə hesablansa da, Nikolun söylədiklərində səmimiyyət çalarları diqqət çəkməkdədir. Bütün bunlar öz yerində.
Azərbaycan–Ermənistan sülh gündəminin irəlilədiyi bir vaxtda Türkiyə–Ermənistan münasibətlərinin normallaşması məsələsi də gündəmə gəlməkdədir. Belə təəssürat yaranır ki, rəsmi İrəvan bu iki məsələni bir-birindən ayrı tutan spekulyasiyalarından əl çəkib. Ümumən, vəziyyət bildirdiyimiz kimidir. Amma... Ermənistan Parlamentinin sədri Alen Simonyan da barəsində söz açdığımız pozitivlik əhvali-ruhiyyəsinin aktiv daşıyıcısıdır. Məsələn, o, bu yaxınlarda Azərbaycan və Ermənistan xalqlarının dostluğundan söz açaraq gündəmə gəlmişdi. “Əmma” Simonyanın Türkiyədəki erməni nəşrlərinə müsahibəsidir. Daha doğrusu, müsahibədə dilə gətirdiyi fikirlərdir. A.Simonyan deyib ki, Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesi Azərbaycan tərəfindən süni şəkildə ləngidilir və Azərbaycanın siyasi lobbiləri Ankaraya birbaşa təzyiq göstərirlər.
Bəribaşdan A.Simonyanın diqqətə çatdırdığımız fikrinin kökündən yanlışlığını vurğulayaq. Təkcə o yox, ümumən, erməni siyasi industriyasının nümayəndələri nəzərə almalıdırlar ki, Bakı-Ankara münasibətləri ölkələrarası əlaqələr kontekstindən xeyli yüksəkdə dayanır, əlahəzrət tarixin sınaqlarından çıxmış dostluğa və qardaşlığa söykənir. Yəni birincinin ikinciyə, yaxud ikincinin birinciyə nəyisə bildirməsinə ehtiyac yoxdur, ola bilməz. İkincisi, A.Simonyan və Türkiyə-Ermənistan normallaşması baxımından Azərbaycan amilini qabardanlar yaxın keçmişi yada salmalıdırlar. Söhbət konkret olaraq 1993-cü ildən gedir. O ildən ki, Türkiyə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla quru sərhədini bağlamışdı. Həmin vaxt Bakı Ankaraya hansısa təzyiq etmişdi? Xeyr. Heç nəzəri baxımdan da belə bir durum mümkün deyildi. Deməli, ortada Türkiyə dövlətinin prinsipial yanaşması var. O yanaşma ki, fundamentaldır, özündə bir sıra vacib seqmentləri birləşdirir.
Məsələn, Antalya Diplomatik Forumunda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəngəzur dəhlizinin ölkəsi üçün önəmini vurğuladı. Yaxşı olar ki, Simonyan məhz bu məqama diqqət yetirsin. Çünki indiki durumda Türkiyə-Ermənistan sərhədi heç də beş-altı ac erməninin gedib Türkiyədə pul qazanması üçün açılmır. Eyni zamanda, Türkiyənin böyük ölçüdə erməni əriyinə və konyakına ehtiyacı yoxdur. Ankara regiona bütöv orqanizm kimi yanaşır. Bu orqanizmin bütün orqanları funksionallıq qazanmalıdır. Yəni Ermənistan, necə deyərlər, əlini daşın altına qoymalı, iradə göstərməli və regional düzənə töhfə verməyi bacarmalıdır. Bunun üçün isə ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi şərtdir.
Bəli, Ermənistan rəsmiləri, bütövlükdə, ölkənin ictimai rəyinin təmsilçiləri düşünməlidirlər ki, Ankara-İrəvan normallaşması, o cümlədən, bu normallaşmanın mühüm tərkib hissəsi sayılan quru sərhədlərinin açılması Azərbaycan–Ermənistan sülhü kimi mühüm prosesin tam reallaşmasının nəticəsi qismində meydana çıxmalıdır. Hazırda Azərbaycan–Ermənistan quru sərhədində tam funksionallıq yoxdursa, rəsmi İrəvanın təmsilçiləri Türkiyə-Ermənistan sərhədinin işlək hala düşməsindən söz aça bilməzlər. Burada Bakının hansısa təzyiq göstərməsinə ehtiyac yoxdur.
Məlum olduğu kimi, 44 günlük müharibədən ötən müddətdə Paşinyan administrasiyasının təmsilçiləri Azərbaycanın Türkiyəyə təzyiqi tezisini sırf Qərbin diqqətini çəkmək üçün qabardıblar. Belə düşünüblər ki, Aİ ölkələri Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur edəcək. Lakin istəklərinə çata bilməyiblər. Simonyan bunu bilmir? Yoxsa o, müsahibə verdiyi erməni nəşrlərinin Türkiyənin rəsmi siyasətinə təsir göstərmək gücünün olduğunu düşünəcək qədər sadəlövhdür? Digər tərəfdən, A.Simonyan “Bakı İrəvanla birbaşa sülh danışıqları aparır, eyni zamanda, erməni–türk dialoquna mane olur. Ankara, faktiki olaraq, Azərbaycan təsirinin girovuna çevrilib” kimi qıcıq doğuran fikir bildirməli deyil. Əgər o, “Ermənistan təcrid vəziyyətində qalmamalıdır və regional problemlərlə bağlı bütün qonşularla birbaşa dialoqa hazırdır” deyirsə, ölkəsinin nə üçün təcrid olunduğunun fərqinə varmalıdır.
Necə deyərlər, özü yıxılan ağlamaz. Ermənistan uzun müddət işğalçılıq siyasəti aparıb. Ölkənin təcridi məhz buna görədir, başqa səbəb yoxdur. Ermənistan və erməni cəmiyyəti qonşularının nəzərlərində, bir növ, bəraət almalıdırlar. Bunu necə etməlidirlər, məsələyə qayıdacağıq. Hələlik isə Simonyanın digər fikirlərinə nəzər salaq. O, Türkiyənin ilkin şərtlərinin, guya, daim dəyişdiyini bildirib. Dəyişən heç nə yoxdur. Yuxarıda qeyd etdik ki, Ankara Bakı–İrəvan münasibətlərinin fundamentallıq kazusunu rəhbər tutur. Fundamentallıq isə dəfələrlə vurğulanıb. H.Fidanın Zəngəzur dəhlizinin ölkəsi üçün önəmindən söz açması ilk dəfə deyil. O, həmişə oxşar məntiqi qabardıb. Digər tərəfdən, H.Fidan regionda sülh üçün Ermənistan konstitusiyasında dəyişikliyin vacibliyinə dair yanaşmanı da dilə gətirib. Nə Simonyan, nə də hay hakim komandasının digər üzvü deyə bilməz ki, bu tələbin Ankara üçün stratejilik anlamı yoxdur. Axı Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası var. Hətta Gürcüstana qarşı da...
Sözümüz ondadır ki, nəinki Ermənistan dövləti, bütövlükdə hay cəmiyyəti ərazi iddiasına “yox” deməyi bacarmalı, mövqeyini son dərəcə yüksək səslə bəyan etməlidir. Bunun yolu isə referendum və yeni konstitusiyanın qəbuludur ki, Ermənistanda mövcud istiqamətdə intensiv iş aparıldığı və hazırlanmış əsas qanunun mətninin parlament seçkilərindən sonra açıqlanacağı vurğulanır. Görəsən, Simonyan bütün bunları bilə-bilə, əsl mahiyyəti anlaya-anlaya nə üçün yersiz ifadələr işlədir?
Sonda onu da deyək ki, A.Simonyanın ona sual verən jurnalistlərə, xüsusən də Türkiyədəki erməni media təmsilçilərinə nələrdənsə danışması reallığını anlayırıq. Amma indiki məqamda spiker son dərəcə korrekt olmalıdır. Korrektlik, ilk növbədə, onun özünə və təmsil etdiyi komandaya lazımdır. Axı Ermənistanda iqtidara müxalif qüvvələr anti-Azərbaycan və anti-Türkiyə mövqeyinə kökləniblər. Bu qüvvələr hələ də Bakını və Ankaranı düşmən qiyafəsində görürlər. Paşinyan və tərəfdarları isə bildirir ki, belə yanaşma sahibləri hakimiyyətə yiyələnsələr, yeni müharibə qaçılmazdır. O müharibə ki, onun erməni xalqına böyük məşəqqət yaşadacağı, erməni dövlətçiliyinin aqibətini böyük sual altına alacağı birmənalıdır.
Ə.CAHANGİROĞLU
XQ

