Dənizkənarı Milli Parkda düşüncələr
Ötən il yayın ilıq, sakit və zərif gecələrinin birində xaricdən gələn qonaqlarımla paytaxtımızın dənizkənarı parkına gəzintiyə çıxmışdıq. Bədirlənmiş Ay Xəzərin üstündə işıq saçırdı. Dənizdən ətrafa gümüşü şeh çilənirdi. Nəmli, isti, sakit hava, sanki səhər mehinin və köhlən dalğaların yolunu gözləyirdi. Hərdən də dənizin özünəməxsus pıçıltısı gəlirdi. Sanki Xəzər sahildəki otlara, ağaclara, gül kollarına və çiçəklərə nağıl danışırdı. Şəhərimizin qonaqları Xəzərin sehirli nağılına heyranlıqla qulaq asıb deyirdilər: “Bakı bulvarı gecələr necə də romantik olur”.
Dənizkənarı bulvardakı gözəlliyi gözümüzə-könlümüzə köçürərkən fikrimizdə ağac çiçəkləyir, gül ləçəkləyir. Bu gözəlliklər qoynunda olanda duyğularımız durulur. Sahildəki gül dənizi daşıb kükrəyir. Xəzər dənizi ilə gül dənizi eyni ahənglə ruha sığal çəkir. Hələ ağacların budağına sığınıb, cilvələnib gizlənən quşların səsini, anadillərin zənguləsini demirəm. Burada hansı quş ötsə, qulağına şirin avazı gəlir. Hara boylanırsan gözəlliyin göz dustağı, güllərin əsiri olursan. Sanki behiştin bağının sehrinə düşürsən. Hər gülün qönçəsində, hər çiçəyin incəsində min duyğunun çələngi var.
Aylar, illər ötdükcə, dənizkənarı parkın görkəmi xeyli dəyişib. Burada dünyanın ən zərif güllərinin ətri və zərif təbiəti insanı valeh edir. Bir sözlə, bura ayrı bir gözəllikdir, başqa bir aləmdir. Çiçəkli, şəfəqli gözəl məkanda irəlilədikcə könlün nurlu duyğularla dolur. Bir anlıq özünü bəxtəvər hiss edirsən. Bu gözəl dənizkənarı park nə səhər, nə də axşam adamsız olur. Dəniz mənzərəli, təmiz havalı bu yer yeddidən yetmişə insanların istirahət məkanına çevrilib. Bura adamlara yayda kölgə, sərinlik və rahatlıq bəxş edir. Təmiz hava uda-uda ağac kölgəsində, Günəş işığının şöləsində dincəlirlər. Xüsusilə bir çox yaşlı insanlar yorğunluğu canından çıxarmaq üçün dincliyini burda tapır.
Sahilboyu ucalan, yaşlı insanlara yay evi kimi doğma olan yaşıl ağaclar elə bil, yamyaşıl fəvvarələrdir. Su fəvvarələri də burada istirahət edənlərin üzünə meh, göy otların üstünə şeh çiləyir. Belə bir məkanda nə çiçəklərlə xeyli baş-başa qalmaq çətin, nə də gözəlliklərdən ayrılmaq asandır.
Çiçəklər sevənlərin sirdaşıdır. Sevdalı könüllərin, vüsal günlərinin ərmağanıdır. Hələ uşaq vaxtı dağ yamaclarına gedəndə anam deyərdi ki, çiçəkləri dərib qoxlamaq, dəstə bağlamaq üçün üzmək olar, əzmək olmaz.
Çiçəklər ürəklərdən-ürəklərə yol tapır. Tapdanan çiçəkləri görəndə qərib duyğuların soyuqluğundan qəlbim üşəndi. Sanki xəyalımda ucaltdığım şümşad boylu yaşıl bir ağacın budağı sındı. Sınan budağı, əzilən qönçəni min təbib yığılsa, sağalda bilməz. Bir anlıq könlümün havası dəyişir. Ayaqlar altında tapdanmış, torpağın üstünə döşənmiş güllərin, çiçəklərin o halında bir yetim harayı var. Vay o gündən ki, gül üstündəki şeh də göz yaşları ola. Gülün o halına biganə qalmaq olarmı? Çiçəkləri tapdalayıb keçən dəcəl uşaqların, ərköyün qızların hərəkəti könül sındırır. Dənizin ən dəcəl ləpələri də bunu etməzdi, bu dəcəllər etdilər. Bu ərköyün qızlar gülləri qoxlamaqdansa, zərifliyi tapdamaqdan, əzməkdən niyə zövq alsınlar ki?! Onların gözəlliyi görməyə gözü yoxmu? Dünyanın istisinin – soyuğunun, yaxşısının-yamanının onlara dəxli yoxmu?! Onların bu əməli cəmiyyət üçün həqarət deyilmi?!
Bu sətirləri yazarkən ürəyim kövrəlir. Gözəlliklə can ülfəti bir tərəfdə, gözəlliyə qıyanlara ürək nifrəti bir tərəfdə... Qarşımda ürək dağlayan bir mənzərə açılır. Bu mənzərədən gözüm elə qorxur ki... Kaş görməyəydim. Gözəlliyə qənim kəsilmək günahdır. İnsafınız olsun, heç belə gözəlliyə qıymaq olarmı?
...Əlli il bundan əvvəl şeirlərinin havasına uçduğum, şeirimizə “gül əkən” bir şairi Sahil bağında görmək qisməti də varmış taleyimdə. İndi o görüş unudulmaz xatirəyə dönüb. Ötən gəncliyimdə ilk dəfə kənddən şəhərə gələndə bulvarı başdan-başa gəzirdik. Bu gün o dadlı xatirələrin həsrəti ilə yaşayırıq:
Gül atdın məndə qaldı
Gülüm, hey!
Qaldı-qaldı saraldı
Gülüm, hey!
İstərəm sarı gülü,
Gülüm, hey!
Neynirəm ayrı gülü,
Gülüm, hey?!..
– deyən ünlü şairimiz Eldar Baxışın “Heyvagülü” adlı gül ətri gələn bu kiçik şeiri də poeziyamıza əvəzsiz töhfədir. Şairin güldən necə zövq aldığı və bunu xüsusi şövqlə ifadə etdiyi aydın görünür. O, bir-birindən gözəl, orijinal şeirləri ilə tanınırdı, sevilirdi. Onunla səmimi salam-kəlamımız vardı. Özünü və sözünü tanıyandan, sözlə mehriban tövrünü duyandan gözümdə heyrətim böyüdü. Bu şeirini də hələ mətbuatda işıq üzü görməmiş, Sahil bağında, çay süfrəsi ətrafında söhbət edərkən, öz dilindən eşitmişdim. Nə yazıqlar ki, öz ömrü az oldu. Amma söz ömrü yaşayır. O, qısa ömründə sevərək yaşadı, sevilərək yaşadı. Ruhu şad olsun.
...Baxmaqdan doya bilmədiyim gözəlliklər qoynundan ayrılıram. Mən gedirəm, zərif güllərin və uzaq illərin xatirəsi də ürəyimlə qoşa, yan-yana gedir. Sehirli rənglərdən gon geyinmiş tülpanlardan və dənizin ən şirin nəğmələrindən uzaqlaşıram. Sorğular, suallar hələ də cavabsız qalır. Ey sevən ürəklər, a tapdanan çiçəklər, sizə hələ deyilməmiş çoxlu sözüm var!..
P.S. Bu günlərdə Bakı bulvarında əkilən təbii güllərin bir hissəsi tapdanıb, sındırılıb yararsız hala salınmışdı. Gül terrorunu törədənlərin əməli insanların ciddi qınağına səbəb oldu.
Həzi HƏSƏNLİ,
şair-publisist

