Müasir dövrdə neft sənayesində əsas hədəflərdən biri hasilatın səmərəliliyinin artırılması və mürəkkəb texnoloji proseslərin dəqiq idarə olunmasıdır. Bu istiqamətdə Azərbaycan alimləri – texnika elmləri doktoru, dosent Məhəmməd Camalbəyov və texnika elmləri namizədi, dosent Nazim Vəliyev apardıqları tədqiqatlar diqqətəlayiq elmi və praktiki nəticələrlə seçilir. Onların irəli sürdüyü Diskret-İmitasiya Modelləşdirmə Konsepsiyası beynəlxalq elmi mühitdə tanıdılır və geniş müzakirə olunur.
Təqdim edilən yanaşmanın əsasında mürəkkəb dinamik proseslərin daha səmərəli modelləşdirilməsi ideyası dayanır. Ənənəvi üsullarda bu cür proseslərin diferensial tənliklərlə təsviri çox vaxt çətin, bəzən isə praktiki baxımdan mümkünsüz olur. Yeni konsepsiya isə bu məhdudiyyətləri aradan qaldıraraq sistemlərin daha sadə, lakin daha effektiv üsulla modelləşdirilməsinə imkan verir.
Dinamik sistem əvvəlcə qarşılıqlı əlaqədə olan elementar hissələrə bölünür, daha sonra isə bu hissələrdə baş verən dəyişikliklər zaman baxımından sinxron şəkildə izlənilir. Nəticədə, mürəkkəb riyazi tənliklər sisteminə ehtiyac qalmır, hər bir obyekt özünün sadə riyazi modeli ilə təsvir olunur, hesablama prosesi sürətlənir və modelləşdirmə daha stabil nəticələr verir.
Bu yanaşmanın praktik tətbiqi xüsusilə neft hasilatı sahəsində özünü aydın şəkildə göstərir. Ştanqlı nasoslarla istismar olunan nasos–quyu–lay sistemlərinin vahid dinamik sistem kimi modelləşdirilməsi, bu sistemin bütün komponentləri arasındakı qarşılıqlı təsirləri nəzərə almağa imkan verir. Nəzərə alsaq ki, Azərbaycanda quruda yerləşən quyuların böyük əksəriyyəti məhz bu üsulla istismar olunur, əldə olunan nəticələrin praktik əhəmiyyəti daha da artır.
Tədqiqatın mühüm nailiyyətlərindən biri də bu konsepsiya əsasında yaradılmış “X-Oil Laboratory” simulyatorudur. Bu proqram təminatı lay mayelərinin fiziki xüsusiyyətlərini, quyu quruluşunu və texnoloji parametrləri nəzərə alaraq sistemin davranışını yüksək dəqiqliklə təhlil etməyə imkan verir. Bunun nəticəsində hasilat prosesinin optimallaşdırılması üçün konkret və əsaslandırılmış qərarlar qəbul etmək mümkün olur.
Aparılan tədqiqatlar çərçivəsində ştanqlı nasosların iş rejiminin optimallaşdırılması üçün praktiki meyarlar müəyyən edilmiş, hasilatın səmərəliliyinin qiymətləndirilməsi üçün yeni metodologiya hazırlanmışdır. Bu metodologiya əsasında Bibiheybət yatağında aparılan sınaqlar göstərmişdir ki, düzgün seçilmiş istismar rejimi baxılan quyunun hasilatını 8,55 faiz artırmağa imkan verir. Bu isə həm texniki, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticədir.
Hesablamalar göstərir ki, təqdim olunan texnologiyanın geniş tətbiqi yalnız hasilatın artırılması hesabına illik on milyonlarla ABŞ dolları həcmində əlavə gəlir gətirə bilər. Eyni zamanda, enerji sərfinin azaldılması və ümumi səmərəliliyin yüksəldilməsi də bu yanaşmanın mühüm üstünlüklərindəndir. Hazırda bu texnologiyanın tətbiq imkanlarının genişləndirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, Diskret-İmitasiya Modelləşdirmə Konsepsiyası yalnız neft sənayesi ilə məhdudlaşmır. Onun tətbiq sahələri digər mühəndis sistemlərini də əhatə edə bilər. Bu isə yanaşmanın universallığını və gələcək perspektivlərini daha da artırır.
Azərbaycan alimlərinin hazırladığı bu konsepsiya və kompüter simulyatoru neft hasilatının optimallaşdırılması sahəsində mühüm yenilik kimi qiymətləndirilə bilər. Elmi yenilik fundamental elmi yanaşma olmaqla yanaşı, tətbiq imkanları ilə də ölkənin enerji sektorunun inkişafına ciddi töhfə verəcək.
Azər QASIMLI,
Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, texnika elmləri doktoru

