Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AFFA-dan verilən məlumata görə, əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər milli assosiasiya vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır. Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.
Bu əməkdaşlıq AFFA-nın futbol təhsili sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş strategiyasının bir hissəsidir. AFFA bununla ölkədə bu institutla əməkdaşlıq quran ilk idman federasiyası olub.
Məqsəd qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə verməkdir.
Qabil YUSİFOĞLU
XQ

