Fransanın ABŞ-yə müxalifliyi nədən qaynaqlanır?

post-img

“Avropa lideri” “Dünya lideri”nə tabe olmaq istəmir


Fransızların eqosu böyükdür. Buna görədir ki, qalların varisləri hadisələrin mərkəzində olmağı çox sevirlər. Görünür, bu xüsusiyyət onlara 14-cü Lüdovikdən keçib. Özünü "Günəş kralı" elan edən 14-cü Lüdovikin gündəlik şəxsi həyatını ətrafdakıların diqqət mərkəzində keçirməsini ölkədə bilməyən yoxdur. Aradan uzun illər keçsə də, hamıdan fərqlənmək, proseslərin mərkəzində olmaq, başqalarını ardınca aparmaq vərdişi bu gün də ortadan qalxmayıb. Andrea Morua demişkən, hər bir fransız özünü Napoleon hesab edir, sanki kainatın mərkəzində onlar dayanıblar. 

Bu milli xüsusiyyətin ən unikal müasir daşıyıcısının da Emmanuel Makron olduğunu desək yanılmarıq. Şarl de Qollun yerişini yerimək həvəsinə düşən Makron Fransanı Avropanın şəriksiz lideri, altetnativ mərkəzinə çevirməyə girişib. Bu həvəs o qədər artıb ki, Fransa onu alman nasistlərindın xilas edən ABŞ-yə qarşı açıq-aşkar çıxır, transatlantik birlikdə ixtilaf yaradır. Parisin Beynəlxalq Cinayət Məsəlləsinin İsrail rəhbərləri barədə qərarını dəstəkləməsi Fransanın ABŞ-yə növbəti “hədiyyəsi” oldu.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrail–HƏMAS münaqişəsində hər iki tərəfin yüksək vəzifəli şəxslərinə qarşı hüquqi prosedura başlayıb. Mayın 20-də BCM-nin prokuroru Kərim Xan İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant və HƏMAS-ın üç lideri Yəhya Sinvar, Məhəmməd Deif və İsmayıl Haniyənin həbsinə order verilməsini istəyib. Ancaq BCM prokurorunun bu qərarı ABŞ-də birmənalı qarşılanmayıb. Birləşmiş Ştatların prezidenti Co Bayden prokuror Kərim Xanın Benyamin Netanyahunun həbsinə order verilməsi tələbini “biabırçı” adlandırıb. “Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun İsrail liderlərinin həbsinə order verilməsi tələbi biabırçılıqdır. Açıq deyim: Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru nəyi nəzərdə tutsa da, İsraillə HƏMAS-ı eyniləşdirmək mümkün deyil. Biz həmişə İsrailin yanında olacağıq və onun təhlükəsizliyinə təhdidlərə qarşı çıxacağıq”, – deyə Bayden Ağ evin açıqlamasında bildirib. 

Lakin Fransa bu məsələdə Vaşinqtonla razı olmadığını bildirir. Rəsmi Paris BCM-nin bütün hallarda cəzasızlıqla mübarizə öhdəliyini dəstəklədiyini açıqlayır. Fransa Xarici İşlər Nazirliyinin məlumatında vurğulanır: “İsrailə gəldikdə, məhkəmənin İbtidai Palatası prokurorun ittihamlarını dəstəkləmək üçün təqdim etdiyi sübutları araşdırdıqdan sonra, tamamlayıcılıq prinsipini və İsrail məhkəmələrinin mümkün hərəkətlərini nəzərə alaraq, bu orderlərin verilib-verilməməsinə qərar verməlidir”. Yəni Paris bu məsələdə də fərqli mövqe sərgiləyərək ABŞ-dən müstəqil güc kimi görünməyə çalışır. Avropanın əksər ölkəsi BCM prokurorunun məlum qərarı barədə birlik nümayiş etdirdikləri halda, Paris barrikadanın digər tərəfində olduğunu göstərir və bununla da beynəlxalq siyasətin yürüdülməsində müstəqil olduğunu nümayiş etdirməyə can atır. 

Əslində, Fransa–ABŞ münasibətlərinin rəvan olmadığı heç kimə sirr deyil. Hələ 1966-cı ilin fevralında prezident Şarl de Qoll Fransanın NATO hərbi təşkilatını tərk etdiyini elan etdikdə, bu, Alyansa üzv olan digər ölkələr üçün əsl şok olmuşdu. “Soyuq müharibə”nin qızğın çağında Fransanın NATO-dan ayrılması o zaman SSRİ üçün mühüm qələbə kimi qiymətləndirilmişdi. 1949-cu ildə Alyansın yaradılmasından bəri Fransa onun əsas iştirakçılarından biri olmuşdu. Ölkənin bu təşkilata daxil olmasının səbəbləri var idi. 

Birincisi, İkinci Dünya müharibəsi və alman işğalı ona çox böyük ziyan vurmuşdu, iqtisadiyyata ciddi ziyan dəymiş və Fransa Marşal planı ilə razılaşmaq məcburiyyətində qalmışdı. Müharibə zamanı əziyyət çəkən Qərbi Avropa ölkələrinə iqtisadi yardım planı ABŞ-nin SSRİ-yə qarşı “soyuq müharibəsi”nin aləti olmaqla bərabər, eyni zamanda, dolların beynəlxalq valyuta kimi möhkəmlənməsi üçün güclü vasitə idi. Ancaq belə bir plan zəifləmiş Fransa üçün böhrandan yeganə çıxış yolu olmuşdu.

İkincisi, Şimali Atlantika Alyansının formalaşması ikiqütblü dünya nizamının artıq formalaşmış modeli şəraitində baş vermişdi. Fransa kapitalist ölkə kimi avtomatik olaraq ABŞ-nin müttəfiqinə çevrilmişdi. Ona görə də Fransa üçün iqtisadi və hərbi sahədə xarici və avropalı tərəfdaşlarla əməkdaşlıq qaçılmaz idi. Elə ki, Fransa ABŞ yardımlarından özünə gəldi, necə deyərlər, naşükürlüyə, tədricən Vaşinqtondan uzaqlaşmağa başlandı. Bu tendensiya 1959-cu ildə prezident seçilən general Şarl de Qollun siyasətində özünü büruzə vermişdi. 

1966-cı il martın 7-də Paris Şimali Atlantika Alyansının hərbi strukturundan çıxması barədə ABŞ-yə rəsmi məlumat vermişdi. Yerli tarixçilərin dediklərinə görə, məktubu Fransa diplomatiyasının rəhbəri Kuv de Amerika səfirinə şəxsən çatdırmışdı. Həmin məktubda general de Qoll yazmışdı: “Fransa hesab edir ki, 1949-cu ildən bəri Avropada, Asiyada və dünyanın qalan hissəsində baş verən dəyişikliklər, eləcə də öz vəziyyətinin və silahlı qüvvələrinin təkamülü ittifaqın bağlanması zamanı qəbul edilmiş hərbi qərarlara artıq haqq qazandırmır”. 

General de Qoll amerikalı həmkarına bildirmişdi ki, Paris öz ərazisində suverenliyin tam şəkildə həyata keçirilməsinə qayıtmaq niyyətindədir. Buna Fransada xarici hərbi qüvvələrin olması və onların hava məkanından istifadə etməsi mane olurdu. De Qoll, həmçinin Vaşinqtonu “bir daha öz qüvvələrini NATO-nun sərəncamına verməmək” qərarından xəbərdar etmişdi. Amma sonradan məlum olmuşdu ki, Paris Alyansla əlaqələrini tam kəsməmişdi. Buna sübut olaraq münaqişə vəziyyətində fransız qüvvələrinin müttəfiqlərin sərəncamına verilməsini nəzərdə tutan Ayeret–Lemnitzer (1967) və Valentin–­Ferberin (1974) gizli müqavilələrini göstərmək olar. 

Yəni, İkinci Dünya müharibəsində ABŞ-nin “yedəyində” getmək istəməyən Fransa qapını bərk vurmağa çalışsa da, reallıqda altdan-altdan NATO ilə əməkdaşlığını davam etdirmişdi. Çünki Paris 1941–1945-ci il müharibəsində fransız ordusunun biabırçı məğlubiyyətini unutmamışdı. Cəmi 45 gün almanlara müqavimət göstərməyə gücü çatmış Fransa Eyfelin açarlarını Berlinə təslim etməyə məcbur olmuşdu.

De Qoll irsindən imtina 2009-cu ildə baş verdi. Həmin il aprelin 3–4-də keçirilən NATO-nun yubiley sammitində Fransa təşkilatın vahid komandanlıq strukturlarına qayıtdığını rəsmən elan etdi. NATO ilə münasibətlərin normallaşması keçmiş Yuqoslaviyadakı böhran və Avropanın zəif olması səbəbindən qaçılmaz oldu. NATO-nu Avropa təhlükəsizliyinin əsas qarantı kimi tanıyan Fransa qərar qəbul etməkdən kənarda qala bilmədi və Alyansa qayıtmaq məcburiyyətində qaldı. “Soyuq müharibə”nin bitməsindən sonra Fransada təhlükəsizlik məsələsində ABŞ-dən müstəqil hərəkət etmək barədə fikirlər səslənsə də, geosiyasi reallıqlar təhlükəsizlik məsələsində Vaşinqtonun müdafiəsindən məhrum olmaq qorxusunu gücləndirir. Makron da bunu gözəl anlayır, amma yenə fransızların Avropada digər ölkələrdən bir addım öndə olduğunu sanır və bu istiqamətdə uğursuz addımlar atır. Hələ prezident Jak Şirak dövründə Paris NATO-nun Avropanın yeganə təhlükəsizlik qarantı kimi qəbul etmişdi. 

Fərqlənməyə çalışmaq eyib deyil, amma bu, digərlərinin maraqlarını tapdalayırsa və üzvü olduğun təşkilatın siyasətinə tərs gəlirsə, o zaman qınanılası xüsusiyyətə çevrilir. Məsələn, Qərbin Ukrayna–Rusiya müharibəsinə münasibəti hamıya məlumdur və hər kəs Moskvaya qarşı sərt sanksiyaların tətbiq olunmasından da xəbərdardır. Amma Fransa İkinci Dünya müharibəsində ABŞ və Böyük Britaniya qüvvələrinin Fransanın Normandiya sahillərinə çıxmalarının 80 illiyinə həsr olunan yubiley mərasiminə Rusiyadan da rəsmi qonaqları dəvət etməyə hazırlaşır. 

Təbii ki, məsuliyyətli anda rəqib saydıqları məsələyə fransızsayağı yanaşma okeanın hər iki tayında da narazılıqla qarşılanır. Əslində, burada təəccüblü heç nə yoxdur, dünyanın müstəmləkəçilik haqqında keçmiş zamanda danışdığı bir vaxtda Fransanın işğal etdiyi ərazilərdə yerli xalqlara qarşı hərbə-zorbaya əl atır. Buna görə də, Parisin hələ çox məsələlərdə Qərbə, ilk növbədə, ABŞ-yə müxalif olmağa çalışacağı təəccüblə qarşılanmamalıdır. 

S.ELAY
XQ

 

Dünya