TDT ailənin gələcəyini himayə edir

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bugünlərdə İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının  ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasında iştirak edib. 

Qurumun mətbuat xidmətindən bu barədə XQ-yə verilən məlumatda bildirilir ki,  “Qloballaşan dünyanın risklərinə qarşı: Ailəmiz gələcəyimizdir” mövzusunda təşkil edilmiş  İstanbul iclasında müzakirə mövzusu türk dünyası ölkələrində ailənin qorunması və  gücləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsidir.  Toplantıda çıxış edən Bahar Muradova türk dövlətlərinin daha möhkəm birliyi naminə təşkilatın fəaliyyətinə uğurlar arzu edib. 

Komitə sədri bildirib ki, Şuşa Bəyannaməsinin iki ölkə arasındakı qardaşlığı yeni bir mərhələyə qaldırmaqla yanaşı, bütövlükdə türk dövlətləri üçün də bir yol xəritəsidir. O, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, bu sıraya ailə və sosial siyasət mövzusunun da daxil edilməsilə tərəfdaşlığın gücləndirilməsini ölkəmizin fəal  dəstəklədiyini söyləyib.

İclasda Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin bəyannaməsi qəbul edilib. TDT-nin  ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Zərifə HÜSEYNOVA 
XQ

 

Son xəbərlər