Kilsə Tolstoyu niyə əfv etmir?

post-img

Məşhur yazıçı, xristian teoloqu, xeyriyyəçi Lev Tolstoyun həyatı haqqında bir sıra maraqlı faktlar üzə çıxıb. Sən demə, inancına sadiq bir xristian, hətta az qala müqəddəs ata kimi tanınan Tolstoy da vaxtilə kilsənin qəzəbinə tuş gəlib və ağır cəzalandırılıbmış. 

Tolstoy kilsə ilə çəkişəndə artıq tanın­mış yazıçı idi. Rus provaslav kilsəsi məş­hur yazıçının kilsəyə girişinin qadağan edilməsi barədə qərar qəbul etmişdi.

Ən maraqlısı isə odur ki, Rusiya Patriarxlığı yazıçı ilə bağlı yüz ildən çox əvvəl qəbul edilmiş qərara yenidən bax­maqdan imtina edib. Maraqlıdır, Tolstoy kilsəni nədən bu qədər qəzəbləndirmiş­di? 

Həqiqət axtarışları və xeyriyyəçilik

1870-ci illərin sonunda, Lev Nikolaye­viç təxminən 50 yaşında olarkən mənəvi böhran yaşayır. Yazıçı varlıq problemləri, insanın məqsədi, həyatın mənası barədə aşırı düşünür. O, suallarına cavab tap­maq üçün dinə baş vurmalı olur. 

Yazıçı tez-tez din xadimləri ilə görü­şür, onlarla dini, fəlsəfi mövzularda ge­niş müzakirələr aparır. O, Optina Pustin monastırına gedərək monastırın quru­cusu Optina Ambrose ilə söhbətləşmiş, müqəddəs mətnləri və teoloji traktatları dərindən oxuyub mənimsəmişdi. 

Qədim mətnləri, İsa Məsihin təlimini öyrənən Tolstoy kilsənin düzgün yolda olmadığı qənaətinə gəlir. O, 1891-ci ildə "Doqmatik teologiyanın tədqiqi" əsəri­ni nəşr etdirir. Bu əsərində metropolitan Macarius tərəfindən tərtib edilmiş "pra­voslav doqmatik ilahiyyat"ı tənqid edir. Yazıçı erkən xristian mətnlərini orijinalda oxumaq və onların mənasını daha yaxşı başa düşmək üçün ibrani və qədim yunan dillərini də öyrənməyə başlayır. Üstəlik, o, bəzi qədim təriqətlərin nümayəndələri ilə də sıx əlaqələr saxlayır. Bütün bunlar isə rus kilsəsinin xoşuna gəlmirdi. 

Həyatının bu dövründə Tolstoy həm­çinin, yeni həyat tərzini qəbul edir. Bu həyat tərzi sadə, minimalist yaşamdan ibarət idi. O, ət yeməkdən imtina edərək vegetarian olmağa qərar verir. Daha sadə paltarlar geyinməyə, fiziki əməyə çox vaxt ayırmağa və bütün sərvətini xeyriyyə işlərinə sərf etməyə başlayır. 

1890-cı illərdə Tolstoy çoxlu sayda xeyriyyə işləri görür. Böyük yazıçı yox­sulların yemək və sığınacaqla təmin edilməsi üçün müəssisələr açır. Tols­toyun həyat yoldaşı Sofiya ilə birlikdə xeyriyyəçilik fəaliyyətinə ölkənin müxtəlif bölgələrində 187 pulsuz yeməkxana­nın açılması, kəndlilərin yer şumlaması, əkinçiliklə məşğul olması üçün onlara at­ların, toxumların paylanması, yazıb-oxu­maq bilməyənlər üçün ödənişsiz kursla­rın təşkili və bu yöndə bir çox əməli işlər daxil idi. 

Kilsənin Tolstoy düşmənçiliyi 

Burada bir məsələni də qeyd etməli­yik: həyat tərzini tamamilə dəyişməzdən az əvvəl Lev Nikolayeviç, sonradan Tols­toyizmin lideri sayılacaq Vladimir Çert­kovla tanış olmuşdu. Onlar qısa zaman ərzində möhkəm dostlaşmışdılar. Çert­kov yeganə insan idi ki, Tolstoyun düşün­cələrinə, mənəvi aləminə təsir edə bilirdi. Böyük yazıçı vəfat edənə qədər bu dost­luq davam edir. Lev Nikolayeviç hətta öz əsərlərinin redaktəsini belə, Vladimir Çertkova etibar edirdi. 

Həmin dövrdə Tolstoyun düşüncələri ilə bərabər, ədəbi yaradıcılığı da nəzərə­çarpacaq dərəcədə dəyişir. Bir çox tənqidçilər yazıçının həmin dövrdə ədə­biyyatın zirvəsini fəth etdiyi fikrini də ya­zırlar. Lakin kilsənin böyük yazıçıya qarşı kini davam edir. Tolstoyun o illərdə yaz­dığı “Tanrının evi sizin qəlbinizdir”, “Eti­raf”, “İncilin qısa ekspozisiyası”, “Mənim inancım nədir?” kimi əsərlərin nəşri Rusi­yada qadağan edilir. Lakin yazıçının və­fatından sonra İngiltərəyə köçən Çertkov həmin əsərləri ingilis dilində nəşr etdirir. 

Tolstoyun öz yaradıcılığına münasi­bəti haqqında çox maraqlı bir fakt da var. Nə qədər qəribə görünsə də o, yaradıcı­lığının ilkin mərhələsində yazdığı əsərlə­rini sevmirdi. Hətta bir dəfə “Anna Kare­nina”nı və “Hərb və Sülh”ü tərifləyənlərə yazıçı əsəbi halda belə demişdi:

"Elə bil Edissonun yanına gəlib deyir­lər: sizə yaxşı rəqs etdiyinizə görə hör­mət edirik".

Tolstoyun xanımı onun yeni fikirlərini çox da bölüşmürdü. Ona görə də Çertkov yazıçıya onun fəlsəfəsini qəbul etməyən həyat yoldaşından ayrılmağı tövsiyə et­mişdi. Onsuz da ailə üzvləri, qohumları Tolstoyla yola getmirdilər. 

Rus ədib “İncil”i tənqid edib? 

Lakin həyatındakı bütün ziddiyyətlər bir yana, yazıçının əsas davası pravos­lav kilsəsi ilə olub. O, uşaq ikən ənənəyə uyğun olaraq pravoslav qaydası ilə xaç suyuna çəkilsə də, gəncliyində dinlə ma­raqlanmayıb. Tolstoy yalnız qırx yaşından sonra kilsəyə maraq göstərməyə başla­yır. O, müntəzəm olaraq ayinlərdə iştirak edir və oruc tutur. Eyni zamanda “İncil”də nəql edilən bəzi təzadlı məsələləri inkar etməmək üçün çox da düşünməməyə çalışır.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, dini mətnləri dərindən araşdırdıqca Tolstoyun “səmavi” adlandırılan dinlərə inamı get-gedə zəifləyir. 

1878-ci ildən Tolstoy məyusluq içində kilsəni öz həyatından tamamilə sildiyini açıqlayır. O, İncil mətnlərində yazılanla­rın bir çoxunun yalan olduğunu bəyan edir və İncil kitablarını (Beş İncil var) ibra­ni dilindən tərcümə edərək onlara şərhlər yazır. Yazıçı məşhur "Dirilmə" romanında kilsə ayinlərinin mexaniki əzbərlənməsini və əhəmiyyətsizliyini, eləcə də ruhanilə­rin ikiüzlülüyünü tənqid edir.

Lev Nikolaeviç kilsənin bəzi təlimlərini şiddətlə qınayırdı. Məsələn, o, yer üzün­dəki həyatın faniliyi, əbədi həyatın isə üs­tünlüyü ideyası ilə razılaşmırdı. Tolstoy, həmçinin ortodoks xristian teologiyasının aşıladığı hər bir insanın doğuşdan gü­nahkar olması fikrini də tənqid edirdi. 

Tolstoyun kilsə hücumları müvəqqəti olaraq bağışlanmışdı, çünki həmin vaxt­larda o, görkəmli yazıçı kimi şöhrətin zir­vəsində idi. Lakin bu “güzəşt” uzun müd­dət davam etmədi. 

Yazıçının əbədi evi: milyonların qəlbi 

1901-ci ildə Sinodun qərarı ilə Tolstoy açıq şəkildə qınanıldı və kilsəni ziyarət­dən məhrum edildi. Yazıçı bu qərarı xeyli əsəbi qarşılamışdı. O, deyirdi ki, onun pravoslavlığı tənqid etməsi tanrıya qar­şı üsyan deyil, əksinə, ona doğrudan xidmət etmək istəyidir. Lev Tolstoy ölüm yatağında olanda belə, kilsə böyük yazıçı ilə bağlı qərarını dəyişmədi. Çox sonra­lar Tolstoyun nəvəsi patriarx II Aleksiyə Sinodun məlum qərarına yenidən baxıl­ması xahişi ilə məktub göndərsə də, Tolstoya hələ də kilsə tərəfindən bərabət verilməyib. Patriarxiya açıq şəkildə bildi­rib ki, haqqında müraciət edilən şəxs sağ olmadığı üçün qərara yenidən baxılması mümkün deyil. 

Beləliklə, böyük humanist yazıçı, te­oloq və xeyriyyəçi Lev Tolstoy pravoslav kilsəsi üçün persona-non-qrata olaraq qalmaqdadır. Sözsüz ki, bu xoşagəlməz qərar yalnız kilsənin mövqeyini əks etdirə bilər, lakin Tolstoyun insanlıq qarşısın­dakı xidmətləri, mənəvi dərsləri, ölməz əsərləri əbədi olaraq yaşayacaq. 

Murad KÖHNƏQALA

Dünya